Dəmir Yumruğun Polad generalının DOĞUM GÜNÜDÜR – Silahdaşlarından general haqda ÖZƏL AÇIQLAMA - FOTO 

Dəmir Yumruğun Polad generalının DOĞUM GÜNÜDÜR – Silahdaşlarından general haqda ÖZƏL AÇIQLAMA - FOTO 

Hazırda oxunan: Dəmir Yumruğun Polad generalının DOĞUM GÜNÜDÜR – Silahdaşlarından general haqda ÖZƏL AÇIQLAMA - FOTO 

112835

Azərbaycan ordusunun Polad Generalı, general Polad Həşimovun doğulduğu gündür.  
Tarixin bu günü, məhz yanvarın 2-də doğulan komandir ordu sıralarına qoşulduğu ilk gündən ön xəttə - düşmənlə burun-buruna mövqelərdə xidmət edib. Hər səngərdə, hər atəş mövqeyində bir “Polad xatirəsi” var, deyir, onun silahdaşları...  

Özəl olaraq Bizim.Media-ya danışan zabitlər onunla müxtəlif dövrlərdə yaşadıqları xatirələri danışıblar:

"Poladla ilk dəfə 1998-ci ildə Murovdağda yerləşən hərbi hissədə tanış olduq. Həmin vaxtlar zabit çatışmazlığı olduğu üçün mən erkən bölük komandiri təyin edilmişdim. Orada hamı ondan danışırdı. Bütün bölük komandirinə Həşimovun bölümündən misal gətirilirdi. Bir gün onun bölüyünə getdim və gördüm ki, həqiqətən örnək olası zabitdir. Gəlin, etiraf edək ki, həmin dövrdə ordunun müəyyən bölmələrində vəziyyət o qədər də yaxşı deyildi. Buna baxmayaraq, rəhmətlik bölükdə şəxsi heyət üçün hər şərait yaratmışdı. Hətta bölüyün idman qurğuları voleybol və futbol meydançası da yaratmışdı", -deyir, ehtiyatda olan mayor Bəxtiyar Abdullayev.



O, həmçinin qeyd etdi ki, illər sonra onun tabeliyində də işləyib. Həmin dövrlərdə Həşimov tabeliyində olan zabitlərə döyüş nizamnaməsini yazdırıb, onları birgə müzakirə edirdi. Bundan başqa Polad Həşimov Ömər aşırımında, düşmənin nəzarət etdiyi ərazidə qalmış iki qazma texnikasını düşürərək onu təmir etdirib bölmələrin mühəndis istehkam işlərinə cəlb edib. 

Digər zabit yoldaşı, polkovnik-leytenant Mübariz Şabanov onu əvəz olunmaz hesab edir, çünki Polad Həşimov həm komandir, həm müəllim, həm də əsl dost olub:



“Deyirlər əvəzedilməz insan yoxdur. Mən deyərdim Polad əvəzolunmaz idi. Çünki hər şeydən uca olan Allah Poladda o qədər müsbət xüsusiyyətlər cəmləmişdi ki, o, həqiqətən də əvəzolunmaz idi. Polad öz vətənini, xalqını, dövlətini, bayrağını çox sevirdi və bu yolda hər şeyə hazır idi. Onun bu xüsusiyyətini mənim komandirim olanda görmüşdüm. O, çox qorxmaz, işgüzar, qayğıkeş, mərd, savadlı, bacarıqlı və təşkilatçılıq bacarıqlarına sahib birisi idi. Poladın yaxşı xüsusiyyətlərini saymaqla bitmir. Mən Poladın Daşkəsən rayonunda komandir olduğu hərbi hissənin rabitə bölmə rəisi vəzifəsində onunla bir yerdə xidmət etmişəm.  

Bir dəfə mənə ön xətt bölmələrinə rabitə xətti çəkməyi əmr edib tapşırıqlar verdi. Verdiyi tapşırıqlar o qədər aydın idi ki, bütün incəlikləri nəzərə almışdı. Sanki rabitəçi Polad idi. Əslində məsləhətləri mən verməli idim, çünki mən onun rabitə üzrə köməkçisi idim və bu məsuliyyət mənim üzərimə düşürdü. Amma polad 10 dəqiqə içində mənə bütün detalları o qədər aydın izah etdi ki, artıq izaha ehtiyac qalmadı. İşə başladıq, birinci günün yarısında gəlib yanımıza çıxdı.

O qədər işin-gücün içində bizi də yaddan çıxarmamışdı. Dərhal əsgərin əlindən beli alıb, “siz dincəlin, yorulmusunuz. Bir az da mən işləyəcəm”, dedi. Dedim “siz zəhmət çəkməyin, biz yorulmamışıq”, amma nə fayda düz günün sonuna qədər bizlə bir yerdə işlədi. Sonra da “bu günlük yetər, yoruldunuz gedin, istirahət edin. Sabah davam edərsiniz”, dedi.  

Əslində, ən çox işləyən Polad Komutan olmuşdu. 10 km-dən çox olan məsafədə çəkiləcək rabitə xəttinə ən azı 7 gün vaxt lazım idi, ancaq Poladın etdiyi bu hərəkət sanki şəxsi heyətə güc-qüvvət vermişdi. Əsgərlər cəmi 3 günə bu tapşırığı icra etdi. Bax, bu, Poladın iradəsi və idarəsi idi",- deyə bildirir polkovnik-leytenant Mübariz Şabanov.

Ehtiyatda olan polkovnik-leytenant Ruslan Məhəmmədov deyir ki, Polad Həşimovun yaxını olmağın bir yolu olub, o da məsuliyyətli və verilən tapşırıqları yerinə yetirməkdən ibarət idi:

"O, hərbi hissə komandiri olanda xidmətimiz kəsişdi. Polad Həşimovun tabeliyində işləmək çox məsuliyyət tələb edirdi. Ən ağır gün təlimlərdə baş verirdi. Briqadanın döyüş tapşırığını qüsursuz yerinə yetirilməliydi. Bir gün bir tapşırıq aldıq. Onun başı çox qarışıq idi. Axşam saatlarında bizim bölməyə gələrək, verdiyi tapşırıqları maraqlandı. Gələcəyinə inandığımız komandir real vəziyyətlə tam tanış olduqdan sonra əsgərə göstəriş verdi. O, xidməti maşınında bizə bir yekə qazanda yemək gətirmişdi. Həmin yeməyi oturub bizimlə yedi. Həqiqətən Polad Həşimov bir başqa insan idi.  

Mən bir şeyi də qeyd edim, heç bir yuxarı komandanlıq ona Həşimov demirdi, Polad deyirdi hamı" , - deyir, polkovnik-leytenant Ruslan Məhəmmədov. 



Bizim.Media-nın əməkdaşı olaraq Polad Həşimovu sağlığında tanımaq mənə də qismət olub. Azərbaycan Ordusunun Polad generalını hələ ali hərbi rütbə almazdan əvvəl tanımışdım. O, ordu birliyinin qərargah rəisi olaraq, 2016-cı ilin aprel döyüşlərində, cəbhənin Talış istiqamətində aparılan əks-hücum əməliyyatını icra edirdi. Birliyinin qarşısına qoyulan tapşırıqların yerinə yetirilməsində həm aparıcı zabit, həm də döyüşçü hərbiçi kimi iştirak edirdi. Talış kəndi ətrafındakı yüksəkliklərin azad edilməsində, həmin yüksəkliklərin qorunub saxlanılmasıda iştirak etdiyinə görə, yüksəkliyin birinə Polad adı verilmişdi.  

Polad postu bu istiqamətdə Qarabağa baxan ən yüksək post idi. Rəhmətlik oranı azad edən bölmə ilə hücuma qatıldı, sonra əsgərlərlə bərabər öz əlləri ilə səngər qazıb ərazinin müdafiəsinə qatıldı. Düşmənin bir çox əks-həmlələrinə baxmayaraq, qəhrəman komandir yüksəkliyi qoruyub saxlamağı bacarmışdı. Həmin səngər böyüyüb döyüş mövqeyi, “Polad Postu” oldu...  

Polad isə növbəti döyüş səngərlərinin birində düşmənlə döyüşdə şəhid oldu. Bu əbədiyyət Azərbaycan Ordusunda Polad iradəsi, Polad qüdrəti yaratdı. Çünki dünyanın bir çox yerində generallar həlak olub. Amma heç bir general Polad kimi öz ölkəsində və bu ölkəyə qarşı törədilən işğalçılıq siyasətinin qarşısını alarkən şəhid olmayıb. 
Dəmir Yumruğun Polad generalının doğum günü ölkə tarixinin əlamətdar günü kimi yadda qalmalı, bu ölümü olmayan doğuluşu hamı qeyd etməlidir...  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO