"Biz bolşeviklər kütləvi terroru qəbul və tətbiq edəcəyik" - Rəsulzadənin Stalinlə söhbəti...

Hazırda oxunan: "Biz bolşeviklər kütləvi terroru qəbul və tətbiq edəcəyik" - Rəsulzadənin Stalinlə söhbəti...

227990

Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi və “Xalq Cümhuriyyəti” ilixa0 münasibəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirə yazılarını silsilə şəkildə təqdim etməyə davam edir. Bu dəfə M.Ə.Rəsulzadəninxa0 növbəti yazısını təqdim edir.

Sultan Məhəmməd Fateh

“Stalin bizə bolşevik partiyasının ona vermiş olduğu bir mövzunu işləməklə məşğul olduğunu danışırdı. O, dövlət və inqilab işlərindən boş vaxtlarında “Leninizmin əsasları” mövzusunu araşdırmaqla məşğul idi. Bu münasibətlə ideoloji və tarixi bəzi məsələlər ətrafında söhbət etməyi sevirdi. Bir gün mənə:

-Mamed, Saltan kimdir?-dedi.

-Mamed Saltanmı? Bu adı harada gördünüz?-deyə soruşdum. Yadıma sala bilmədi. Plexanovda görmüş olduğunu sonradan başa düşdüm. Demə Mamed Saltan dediyi şəxs Sultan Məhəmməd Fateh imiş. Rus çarlığının qurucusu olmaqla bərabər çar mütləqiyyətinin də ideoloqu sayılan Müdhiş İvan (İvan Qroznı) üçün Presvetov tərəfindən Sultan Məhəmməd Fatehin idarəsini xülasə edərək yazılmış bir əsər vardır. Rus sosial-demokratlarının məşhur ideoloqu Plexanov Rusiya tarixinə aid yazdığı əsərində bu kitabdan iqtibasla “Mamed Saltan”dan bəhs etməkdədir. Stalinin heş cür tanımadığı və öyrənmək istədiyi “Mamed Saltan” elə bu idi: Sultan Mamed Fateh!

Müdhiş İvan bir idealdır

Müdhiş İvan Stalinin dünya görüşündə çox köksalmış, nümunəvi bir simadır. O, bir dövlətin ancaq terrorun işlədiyi metodlarla yaradıla biləcəyinə inanır. Qurucu bir dövlət adamının ən təsirli istifadə etdiyi silah terrordur. Mərkəzdən qaçan qüvvələri bir mərkəz ətrafında birləşdirmək üçün, onun fikrincə İvanın etdiklərindən başqa bir hərəkət qəbil deyildir. Tarixin inkişaf amili xalq deyilən amorf kütlə deyil, inqilabçı əqliyyət (azlıq) zümrəsidir. Bu zümrə məqsədə çatmaq üçün müəyyən bir plan qurar, kütləni bu plana uyğunlaşdırmaq üçün onu zorlayar. Dünyanın bütün inqilabçıları belə etmişlər. Stalinə görə Müdhiş İvan da bir növ inqilabçı idi.

Mən terrorun bir sistem olaraq faydalı olduğunu düşmənin doğru olmayacağını izah etmək istədim. Fransa inqilabından bəzi misallar gətirməyə başladım.

O, bir az dinlədi və_

-Yox,-dedi, yanılırsınız, terrorun, hələ kütləvi terrorun tarixdəki rolu mühümdür. Biz bolşeviklər, təbii ki, şəxsi terroru qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi terror başqa, onu qəbul və tətbiq edəcəyik. Bunun faydası isə şübhəsizdir,-deyə davam etdi:

-Bir adamı öldürmıkdən, əlbəttə, bir şey çıxmaz; bir çox adamı birdən öldürmək ki, kütləvi bir təsiri olsun,-dedi və əlavə etdi: “Bir tərbiyə etmək üçün xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla uymaları üçün onları lazım gəlsə kütlə halında cəzalandıracağıq”.

Demokratiya məfhumuna nifrət

Kütlənin məntiqlə qandırılacaq bir şey olmadığını isbat etmək üçün o vaxtilə Tiflisdə menşeviklərdən Xomeriki ilə öz arasında olan bir maceranı danışdı.

-Mən-dedi.-Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsi tərəfindən (komitənin başında Lenin dururdu) göndərilmişdim. Xomeriki də eyni Sosial-Demokrat Partiyasının Tiflis Təşkilatı Mərkəzinin nümayəndəsi idi. Əksəriyyəti fəhlələrdən ibarət olan yerli partiyaçılar kütləsi qarşısında mərkəzi komitə ilə yerli təşkilatın iki nümayəndəsi sifəti ilə mənimlə Xomeriki görüşlərimizi izah etdik. Bir həftə tamam mübahisə etdik. Bir neçə dəfə mən, bir neçə dəfə Xomeriki öz testlərimizi müdafiə etdik. Nəhayət, münaqişələrdən bir nəticə almaz lazım gəlirdi.xa0

Bir qərar layihəsini mən, bir qərar layihəsini də Xomeriki qələmə alaraq iclasa təqdim etdik. İki qərar layihəsindən birini səs çoxluğu ilə qəbul etməli idilər. Halbuki nə oldu. Müvəqqəti olaraq ikimizin də iclasdan bayıra çıxmamızı tələb etdilər. Bir az sonra iclas yenidən başlandı və bizi də çağırdılar. Nə qədər versələr bəyənərsiniz:

-Xomeriki yoldaşı çox sevirik, illərdir bizə qaşçılıq edir, onunla bərabər işləmişik. Koba yoldaş da mərkəzi komitənin müvəkkilidir, onu da çox sevirik. illərdir bizə başçılıq edir, onunla bərabər işləmişik. Koba yoldaş da mərkəzi komitənin müvəkkilidir, onu da çox sevirik. Düşündük-daşındıq; ən yaxşısı bu iki yoldaşı bir otağa salaq, qarşılıqlı anlaşmaya gəlsinlər, ikisini də təmin edən bir formul tapsınlar, biz də onu qəbul edək,-deyə qərar verdilər.

Bu hekayəni danışdıqdan sonra Stalin bizə xitabla:

-Xomerikiyə bu da sənin demokratiyan! dedim,-deyir.

Demokratiyaya nifrətini və inqilabçı əqliyyət prinsipinə, diktatoruluğa bəslədiyi simpatiyanı ifadə edən daha bir misal gətirək.

Rusiya inqilabının əvvələrində “proletariat” sinfini idealizə etmək bir moda idi. Proletariata əl dəyilməz, proletariat nə edərsə ona təhəmmül olmur, müğayir şərtlər ortaya ataraq tətil edərsə də onu sorla işlətmək olmaz kimi düşüncələr xüsusilə sosialist partiyalar tərəfindən demaqoji bir surətdə “proleta əfəndilərə” təlqin olunmuşdu. Fəhlə sinfinə bu təlqini aşılayanların başında şəxsən bolşüviklərin özləri dururdu. Elə bizimlə ilk tanışlığında şəxsən Stalin də bu sinfi seçilmiş, qabaqcıl bir sinif deyə öymüşdü.

“Ağ”lara qarşı mübarizə asnasına Volqa boyunda bir gəminin yükünü boşaltmaq lazım gəlmiş, sahildəki fəhlələr işləmək istəməmişlər; Stalin o saat onların içindən 20 adamlıq ilk partiyanı dərhal güllələtmiş, gəminin boşaldılmasını təmin etmişdi. Bunu bizə böyük bir iftixarla danışdı”.


Vasif Əlihüseyn

Mənbə: M.Ə.Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” kitabı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO