Dünyada, qonşu regionlarda və postsovet məkanında geopolitik qarşıdurmanın kəskinləşdiyi, C.Qafqaz və Xəzər regionunda hərbi-siyasi vəziyyətin mürəkkəbləşdiyi və ağırlaşdığı, dünya bazarında neftin qiymətinin kəskin düşməsilə ölkəmizdə başlayan ciddi maliyyə-iqtisadi problemlərin dərin iqtisadi böhrana keçdiyi, bunun ciddi sosial-iqtisadi və sosial-siyasi nəticələr verəcəyinnin gözləndiyi bir zamanda MTN-də və onun ətrafında baş verənlər cəmiyyəti haqlı olaraq ciddi narahat etməkdədir. Terror təhdid səviyyəsinin yüksəldiyi və artaraq davam etdiyi bir zamanda milli təhlükəsizliyə cavabdeh olan əsas dövlət orqanında illərdir davam edən cinayətlərin hələ yalnız kiçik bir qisminin üzə çıxması bu narahatlığı daha da artırmaqdadı. Yaranmış vəziyyətdə cəmiyyətdə, eyni zamanda KİV-də ortaya çıxan sualların azalmaq əvəzinə artmaqda olduğunu nəzərə alaraq məsələnin müəyyən aspektlərinə münasibət bildirmək istədim.
Öncə onu qeyd edim ki, Azərbaycan
Respublikasında səmərəli milli təhlükəsizlik siyasətinin aparılması dövlət
siyasətinə bir bütün olaraq baxılmasını, onun iki əsas üzvi tərkib hissəsindən
birinin məhz milli təhlükəsizlik siyasəti olmasının(milli inkişaf siyasəti ilə
bərabər), bu sahədə köklü və dərin islahatların, o cümlədən struktur və kadr
islahatının aparılmasının qaçılmaz olmasının nəzərə alınmasını tələb edir. Bu
səbəbdən, eyni zamanda müzakirə edilən məsələnin ciddiliyi, miqyası və
əhəmiyyətinin dərk edilməsi baxımından öncə dövlət siyasətinə, onun əsaslarına(milli
maraqlar və milli təhlükəsizlik) çox qısa da olsa baxmamız lazımdı.
Dövlət
siyasəti və onun əsasları
Dövlət siyasəti
və ya milli siyasət- milli maraqların müəyyən edilməsi, formalaşdırılması, inkişafı, möhkəmləndirilməsi və təhlükəsizlik
təminatına, bu əsasda milli geniş təhlükəsizliyin təmin edilməsinə, dövlətin
qarşısında duran siyasi vəzifələrin həllinə və onun əsas siyasi məqsədinə çatmasına
xidmət edən rəsmi dövlət siyasətidir.
Milli maraqlar dedikdə fərdin, cəmiyyətin və
dövlətin uzunmüddətli(on illərlə ölçülən) təməl maraqları nəzərdə tutulur.
Milli geniş
təhlükəsizlik
isə fərdin, cəmiyyətin və dövlətin geniş- siyasi, iqtisadi, hərbi,
sosial-psixoloji, informasiya, qida, ekoloji və s. təhlükəsizliyi, yəni bütün
sahələrdəki təhlükəsizliyidi.
Dövlət siyasətinin hazırlanmasında və həyata
keçirilməsində əsas məqsəd dövlətin başlıca siyasi hədəfinin, bu hədəfə çatmaq
üçün qarşıda duran vəzifələrin və bu vəzifələrin necə yerinə yetirilməsinin
müəyyən edilməsi və reallaşdırılması, son nəticədə dövlətin başlıca siyasi
məqsədinə çatmaqdır.
Milli
siyasətinin başlıca məqsədi- milli təhlükəsizliyin etibarlı təmin edilməsi, əlverişli milli təhlükəsizlik
mühitinin yaradılması və milli maraqların davamlı inkişaf etdirilməsilə dövlət qarşısında duran əsas siyasi vəzifələrin həllinə və
başlıca siyasi məqsədə nail olmaqdır.
Milli
təhlükəsizlik-
milli maraqların təminat altına alınması və milli geniş təhlükəsizlik
maraqlarının qorunması, geniş təhlükəsizliyin təmin edilməsilə əlverişli milli
təhlükəsizlik mühitinin yaradılması durumudur. Milli təhlükəsizlik təmin
edilmədən,- milli maraqlar möhkəm
təminat altına alınmadan, fərdin, cəmiyyətin və dövlətin geniş təhlükəsizlik
maraqları etibarlı şəkildə qorunmadan- nə milli maraqların davamlı inkişaf
etdirilməsi və möhkəmləndirilməsi, nə də dövlət qarşısında duran əsas siyasi
vəzifələrin həlli və onun başlıca siyasi məqsədinə nail olması mümkün deyil. Bu
səbəbdən də milli dövlət siyasətinin
əsasında milli maraqlar və milli təhlükəsizlik dayanır.
Milli siyasət, bir-birilə üzvü şəkildə
bağlı olan, bir-birini tamamlayan və gücləndirən iki başlıca tərkib
hissədən(istiqamətdən)- milli inkişaf və
milli təhlükəsizlik siyasətindən ibarətdir. Təbii ki, dövlət siyasətinin
ideya-nəzəri əsaslarını müəyyən edən milli
siyasət strategiyası da öz növbəsində bir-birilə üzvü bağlı olan və
bir-birini tamamlayan iki başlıca tərkib hissədən(istiqamətdən)- milli inkişaf
və milli təhlükəsizlik strategiyalarından ibarətdir.
Milli inkişaf
siyasəti-
milli maraqların müəyyən edilməsi, formalaşdırılması, inkişafı və möhkəmləndirilməsilə dövlətin
qarşısında duran siyasi vəzifələrin həllinə və onun başlıca siyasi məqsədinə
çatmasına xidmət edən rəsmi dövlət siyasətidir.
Milli
təhlükəsizlik siyasəti isə- milli maraqların möhkəm təminat altına alınması və milli geniş
təhlükəsizlik maraqlarının etibarlı qorunması yolu ilə dövlətin qarşısında
duran siyasi vəzifələrin həlli və onun başlıca siyasi məqsədinə çatması üçün
əlverişli milli təhlükəsizlik mühiti yaradılmasına xidmət edən rəsmi dövlət
siyasətidir. Milli təhlükəsizlik siyasətini- mahiyyəti etibarı ilə- milli
inkişaf siyasətinin təhlükəsizlik təminatı(siyasəti) adlandırmaq da olar.
Milli
təhlükəsizlik siyasətinin əsas məqsədi- dövlətin qarşısında duran
siyasi vəzifələrin həlli və onun başlıca siyasi məqsədinə çatması üçün
əlverişli milli təhlükəsizlik mühitinin yaradılmasıdı. Bu da milli maraqların
möhkəm təminat altına alınması və onun əsasında milli geniş təhlükəsizliyinin
təmin edilməsilə mümkündür.
Başqa sözlə, milli maraqlar möhkəm təminat
altına alınmadan milli geniş
təhlükəsizlik maraqlarının etibarlı qorunması, eyni zamanda dövlətin qarşısında
duran siyasi vəzifələrin həlli və onun başlıca siyasi məqsədinə çatması üçün
əlverişli milli təhlükəsizlik mühitinin yaradılması sadəcə mümkün deyil. Bu
səbəbdən də, dövlətin milli təhlükəsizlik
durumu əsasən və ya əsası etibarı ilə[1]
milli maraqlar və onların mövcud vəziyyəti əsasında qiymətləndirilməlidi.
Quruluş etibarı ilə milli dövlət olan
Azərbaycan Respublikasının milli siyasət strategiyası, eyni zamanda milli
siyasəti hazırlanarkən, ilk növbədə onun:
-
başlıca
siyasi məqsədi və hədəfləri(ayrı-ayrı sahələr üzrə) düzgün müəyyən edilməli;
-
milli
maraqları və milli təhlükəsizliyi əsas götürülməli;
-
strateji
gücünün sabit və ya uzun müddətli(tarix, coğrafiya, ərazi, əhali) və dəyişən(siyasi,
iqtisadi, hərbi, sosial-psixoloji və s.) bütün parametrləri,
-
coğrafi(coğrafi-siyasi,
coğrafi-strateji, coğrafi-iqtisadi və coğrafi-mədəni) mövqeyi,
-
qlobal və
regional inkişafın başlıca meylləri,
-
daxili və
xarici təhlükəsizlik mühiti nəzərə alınmalı və
-
başlıca
siyasi məqsədinə, məhdud milli resurslardan səmərəli istifadə olunmaqla,
çatmağa hesablanmalıdı.
Dövlət
siyasətinə olan əsas tələblər. Bütün
bunlar nəzərə alınmaqla, Azərbaycan
Respublikasının dövlət siyasəti:
-
bir bütöv
olmalı və onun tərkib hissələri- demokratik milli inkişaf və milli təhlükəsizlik
siyasətləri bir-birini tamamlamalı;
-
milli olmalı-
milli maraqlar(şəxsi maraqlar deyil!) üzərində qurulmalı;
-
rasional,
praqmatik və adekvat olmalı, müasir dövrün tələblərinə və müasir dünyanın əsas
inkişaf meyllərinə adekvat cavab verməli- AR demokratikləşməli, azad dünyaya
inteqrasiya etməli və qloballaşmaya aktiv uyğunlamalı;
-
dövlətin öz
coğrafi mövqeyi, dinamik dəyişən yeni dünya nizamı, qlobal və regional vəziyyətlə
bağlı olan mövcud çağırış, risk və təhdidlərə, eyni zamanda tələblərə cavab
verməli, dövlətin və millətin Avropa və avroatlantik məkanla bərabər, öz
tarixi, milli, dini coğrafiyasına və açıq dənizlərə, dünya okeanlarına açılması
ehtiyacını nəzərə almalı( dövlət,- azad dünya mərkəzli olmaqla- çox əsaslı və
çoxvektorlu açılma geostrategiyası izləməli);
-
məqsədyönlü və
hədəfyönlü, ardıcıl, sistemli və kompleks, eyni zamanda, davamlı olmalı;
-
milli
koordinasiya(dövlət-hökumət-parlament, hakimiyyət-müxalifət) və
-
milli birlik
şəraitində hazırlanmalı və həyata keçirilməli;
-
davamlı
ictimai, sosial-siyasi və etnik-siyasi dəstəklə təmin edilməli;
-
inkişaf etmiş
vətəndaş cəmiyyətinin- açıq cəmiyyətin formalaşmasının, ictimai nəzarətin, şəffaflığın,
hesabatlılığın, KİV-in müstəqilliyinin və milli maraqları əsas alan obyektiv
ictimai rəyin formalaşmasının,
-
müstəqil məhkəmə
sisteminin yaradılmasının, qanunun aliliyinin, eyni zamanda cəmiyyətdə ədalətin
təmin edilməsinin zəruriliyini nəzərə almalıdı.
Milli
siyasətin əsas prinsipləri. Azərbaycan Respublikasının milli
siyasətinin- milli inkişaf və milli təhlükəsizlik
siyasətinin əsas prinsipləri də:
-
milli
maraqların(demokratik inkişaf başda olmaqla) və milli təhlükəsizliyin öncəliyi;
-
demokratiya,
insan hüquq və azadlıqları;
-
qanunun
aliliyi və hüququn üstünlüyü;
-
sosial ədalət
və rifah;
-
demokratik
sabitlik və təhlükəsizlik;
-
geniş təhlükəsizlik;
-
dərin təhlükəsizlik;
-
bölünməz-bütöv
təhlükəsizlik;
-
ardıcıllıq və
davamlılıq olmalıdı.
Nədən və necə başlamalı?
Azərbaycan Respublikasının milli gücü və
resursları məhdud, təkbaşına yetərsiz, milli təhlükəsizlik mühiti isə- daxili
və xarici təhlükəsizlik mühitinin mürəkkəbliyi və ağırlığı səbəbindən-
əlverişsiz olduğundan onun məqsədyönlü, düzgün, rasional, adekvat və səmərəli
milli siyasət strategiyasına, eyni zamanda milli siyasətə ehtiyacı var. Çünki,
bu durum dövlətin müəyyən etdiyi başlıca siyasi məqsədə və hədəflərə çatmaq
üçün ölkənin bütün strateji gücündən və məhdud milli resurslarından tam
səmərəli istifadə etməyi tələb edir.
Dövlət siyasəti hazırlanarkən, ilk növbədə
dövlətin başlıca siyasi məqsədi, həmçinin milli siyasətin əsas məqsədi və
əsasları müəyyən edilməlidi.
Hər bir milli dövlətin dövlət siyasəti,
yuxarıda da qeyd edildiyi kimi, onun milli maraqları və milli təhlükəsizliyi
üzərində qurulur və onun başlıca məqsədi milli təhlükəsizliyin etibarlı təmin
edilməsi və milli maraqların davamlı
inkişaf etdirilməsilə dövlət qarşısında duran siyasi vəzifələrin həllinə və dövlətin
əsas siyasi məqsədinə çatmasına nail olmaq olur.
Bu səbəbdən də, öncə Azərbaycan
Respublikasının başlıca siyasi məqsədi və milli
maraqları müəyyən edilməli, ölkənin strateji gücü, coğrafi mövqeyi,
qlobal və regional inkişafın başlıca meylləri, daxili və xarici təhlükəsizlik
mühiti də nəzərə alınmaqla onun milli maraqları
qiymətləndirilməlidi.
Bu qiymətləndirmədən sonra, milli maraqların əhəmiyyətinə və kəskinliyinə görə sırası-
qradasiyası müəyyən edilir. Milli maraqlar sistemində maraqların sırası ilk
öncə onların- başlıca siyasi məqsədə çatmaq
baxımından- əhəmiyyətinə görə müəyyən edilsə də, vaxtaşırı və ya böhran,
münaqişə, müharibə və s. zamanı aparılan qiymətləndirmələrdən sonra maraqların
sırası onların kəskinliyinə görə dəyişə bilər.
Daha sonra dövlət
siyasətinin(milli inkişaf və milli təhlükəsizlik siyasətinin) öncəlikləri-
milli maraqların kəskinliyinə görə sırası nəzərə alınmaqla- müəyyən edilir. Bu sırada dəyişmələr baş
verdikdə dövlət siyasətinin öncəlikləri sırasında da müvafiq düzəlişlər
edilməlidi.
Dövlətin milli
inkişaf və milli təhlükəsizlik siyasəti milli maraqlar üzərində qurulmalı
olduğundan, Azərbaycan Respublikasının milli inkişaf
səviyyəsi də, milli təhlükəsizlik durumu da onun milli maraqlarının
qiymətləndirilməsinə, onların hansı səviyyədə təmin olunmasına əsasən müəyyən
edilməlidi.
Azərbaycan Respublikasının başlıca
siyasi məqsədi
Əgər müasir, inkişaf etmiş dövlət qurmaq
istəyiriksə, Azərbaycan Respublikasının başlıca siyasi məqsədi-
insan hüquq və azadlıqlarını möhkəm təminat altına almaq, azad fərdin
xöşbəxtliyə çatmasının (dövlət)təminatını yaratmaq, sosial rifah içində olan
ədalətli açıq cəmiyyət qurmaq, liberal dəyərlərə, siyasi plüralizm,
demokratiya və insan haqları, qanunun aliliyi, azad bazar iqtisadiyyatı və
sosial ədalət prinsiplərinə əsaslanan, müstəqil, azad və demokratik, dünyəvi
hüquqi dövlət qurmaq, eyni zamanda- genişlənməkdə
olan AB və NATO-ya üzv olaraq dinc, demokratik və bölünməz Yeni Avropada yer
almaqla- beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və etibarlı
beynəlxalq təhlükəsizlik təminatı almaq olmalıdı.
Bu halda AR-in başlıca siyasi
hədəfləri- xöşbəxt azad insan, ədalətli
açıq cəmiyyət, etibarlı beynəlxalq təhlükəsizlik təminatı olan azad və məhdud
dövlət olacaqdır.
Bu siyasi məqsədə və hədəflərə nail olması üçün Azərbaycan Respublikası- əsas şüarı “demokratikləşməli, azad dünyaya inteqrasiya
etməli və qloballaşmaya aktiv uyğunlaşmalı”x9d olan- demokratik inkişaf
strategiyası və siyasəti izləməlidi.
Azərbaycan
Respublikası dövlətinin əsas vəzifəsi də- milli siyasətin hazırlanması
və həyata keçirilməsi, vətənin müdafiəsi, ədalətin,
milli təhlükəsizliyin və milli maraqların davamlı inkişafının təmin edilməsi və AR-in başlıca siyasi məqsədinə çatması
üçün hərtərəfli əlverişli şəraitin yaradılması olmalıdı.
Azərbaycan
Respublikası hökumətinin əsas vəzifəsi isə yaradılacaq bu
əlverişli şəraitdə- öz fəaliyyətini dövlətlə sıx koordinasiya etməklə və
parlament çoxluğunun da dəstəyini almaqla- ölkədə ardıcıl və sistemli olaraq geniş(siyasi, hüquqi, iqtisadi,
sosial, hərbi və s.) və dərin məqsədyönlü demokratik islahatlar aparmaq, milli
maraqları davamlı olaraq inkişaf etdirmək və möhkəmləndirmək, AR-in qarşısında
duran vəzifələrin həllinə və onun başlıca siyasi məqsədinə çatmasına yönəlik
hökumət siyasətini həyata keçirmək olacaq.
Milli siyasətin davamlı və
səmərəli həyata keçirilməsi üçün dövlətin və hökumətin qarşılıqlı sıx əlaqəli
fəaliyyəti çox mühüm olsa da yetərli deyil. Bunun üçün milli məsələlərdə,
hakimiyyətlə müxalifət arasında siyasi razılaşma başda olmaqla, bütün
cəmiyyətdə milli konsensusa ehtiyac var. Buna görə də, milli siyasət məsələləri
açıq parlament müzakirələrindən və geniş ictimai müzakirələrdən keçməli,
ehtiyac yarandığı hallarda isə, milli siyasətin əsasları və başlıca
istiqamətləri, xüsusən də siyasi razılaşmanın əldə olunmadığı məsələlər
referenduma və ya plebissitə çıxarılmalı və qərarlar vətəndaşların iradəsinin
bir-başa ifadəsi ilə və ya onun nəzərə alınması ilə qəbul edilməlidi. Çünki, AR
konstitusiyasına görə suverenlik dövlətin qurucusu olan millətə məxsusdur.
Hakimiyyətin yeganə mənbəyi də millətdir.
Azərbaycan Respublikasının milli maraqları
və milli təhlükəsizlik paradiqması
Milli dövlətin dövlət siyasəti, eyni zamanda
milli təhlükəsizliyə baxışı və milli təhlükəsizliyi milli maraqlar üzərində qurulmalı
olduğundan öncə onun milli maraqları dəqiq və aydın şəkildə müəyyən edilməlidi.
Azərbaycan
Respublikasının başlıca siyasi məqsədi və hədəfləri rəhbər tutularsa(məhz belə
də olmalıdı) onun milli maraqları:
-
vətənin
müdafiəsi(AR vətəndaşlarının, cəmiyyətinin, müstəqilliyinin, suverenliyinin, ərazi
bütövlüyünün, sərhədlərinin toxunulmazlığının və konstitusiya quruluşunun
qorunması);
-
demokratik
inkişaf;
-
hərtərəfli
və davamlı iqtisadi inkişaf;
-
əlverişli
beynəlxalq əhatənin yaradılması;
-
milli
birliyin təmin edilməsi;
-
xaricdə
yaşayan vətəndaşların hüquqlarının müdafiəsi;
-
xaricdəki
investisiyaların(dövlət və özəl) qorunması olmalıdı.
AR-in milli maraqlar sistemi- onun bütün bu milli maraqlarının cəmindən
ibarətdir.
Azərbaycanın milli maraqlar sistemini təşkil edən uzun müddətli təməl maraqları, yuxarıda qeyd edildiyi
kimi, əhəmiyyətinə və kəskinliyinə görə qradasiya olunur- sıralanır.
Təhlükəsizlik
sektorunda yaranmış mövcud təhlükəli vəziyyət, Azərbaycan hakimiyyətindən vaxt
itirmədən öz postsovet dövlət təhlükəsizliyi baxışından, gec də olsa, imtina etməyi, milli təhlükəsizlik paradiqmasını(milli təhlükəsizlik baxışı, dəyərlər
və dəyərləndirmə sistemi) qəbul etməyi,- özü də yalnız sözdə deyil, həm də
işdə- və milli maraqlar sisteminə əsaslanmağı, ölkədə geniş və dərin demokratik
islahatlar aparmağa başlamağı tələb edir.
İzlənəcək
milli təhlükəsizlik siyasəti də, həqiqətən milli maraqlar üzərində qurulmalı, ölkəmizin
milli təhlükəsizlik durumu da qradasiya olunmuş milli maraqlar sisteminə, eyni
zamanda bu sistemin hər bir komponentinin vəziyyətinə görə qiymətləndirilməlidi.
Milli
Təhlükəsizlik Şurasında və MTN-də hansı islahatlar qaçılmazdır
Məsələnin ciddiliyinin, miqyası və əhəmiyyətinin dərk edilməsi üçün dövlət
siyasətinə və onun əsaslarına çox qısa, lakin yorucu baxışdan sonra keçək
cəmiyyəti maraqlandıran bir sıra aktual sualların cavabına.
Dövlətdə
və milli siyasətdə davamlılıq əsasdır. Öncə qeyd edək ki, Azərbaycan Respublikasının öz demokratik inkişaf və milli təhlükəsizlik
strategiyalarını, eyni zamanda müvafiq siyasətlərini səmərəli həyata keçirməsi
və başlıca siyasi məqsədinə mümkün olan ən qısa müddətdə çatması üçün dövlətin
başlıca siyasi məqsədi və hədəfləri, milli siyasətin ana xətləri uzun müddətli
olaraq- siyasi iqtidarlar və hökumətlər dəyişsə də- dəyiş(diril)məməlidi.
Milli siyasətin davamlılığının
təmin edilməsi və AR-in başlıca siyasi məqsədinə uğurla çatması üçün ölkədə geniş( başda milli təhlükəsizlik
sahəsi olmaqla) və dərin demokratik islahatların aparılması ilə bərabər:
-
dövlət
başçısının rəhbərlik etdyi (formal deyil!)işlək Milli Təhlükəsizlik Şurası(MTŞ) və onun səmərəli və çevik fəaliyyət
göstərən aparatı yaradılmalı;
-
MTŞ-in
aparatına və onun cari fəaliyyətinə katibi rəhbərlik etməli;
-
bu
dövlət qurumunun yüksək statusu və dövlət başçısı ilə operativ əlaqəsinin zəruriliyi
nəzərə alınmalı, MTŞ katibi eyni zamanda prezidentin milli təhlükəsizlik üzrə
köməkçisi və ya müşaviri olmalı;
-
MTŞ,
onun strateji planlaşdırma idarəsi milli siyasətin, eyni zamanda milli
təhlükəsizlik siyasətinin davamlı və uğurlu həyata keçirilməsi üçün qısa, orta və uzun müddətli milli siyasət
proqramları hazırlamalı və müxtəlif, dəyişən hökumət proqramlarının bu
proqramlarla uzlaşdırılmasına - milli hökumətlərlə birlikdə sıx koordinasiya şəraitində-
nail olmalı, uzlaşdırılmış dövlət və hökumət proqramlarının həyata keçirilməsinə
nəzarət etməli;
-
kəşfiyyat
və təhlükəsizlik qurumlarının fəaliyyətini, eyni zamanda onların digər
hüquq-mühafizə orqanaları ilə qarşılıqlı əlaqəsini koordinasiya etməli;
-
siyasi
qərarvericələri- düzgün siyasi qərarların qəbulu üçün- zamanında obyektiv və
dolğun informasiya ilə təmin etməli, əldə olunan informasiyalar əsasında təkliflər
hazırlayıb dövlət başçısına təqdim etməli;
-
siyasi
iqtidarlar və hökumətlər dəyişən zaman dövlət başçısı və MTŞ aparatı onlarla
birgə sıx çalışmalı, yeni hökumət proqramlarının milli siyasətlə və zamanın
milli siyasət proqramı ilə maksimum
uzlaşdırılmasına öncədən nail olmalı;
-
dövlət
və hökumət orqanlarında- siyasi və ya başqa məqsədlərlə- “ucdantutma”x9d kadr dəyişikliyinə
yol verilməməli, MTŞ aparatının, xüsusi xidmət orqanlarının, xüsusən də təcrübəli
kadrların, mütəxəsislərin və ekspertlərin qorunmasına çalışılmalı, bu məqsədlə
“qoruyucu”x9d qanunvericilik bazası
yaradılmalı və gücləndirilməli;
-
dövlət
məmurlarında, xüsusən də milli təhlükəsizlik sahəsində
çalışanlarda milli dövlətçilik şüurunun və mədəniyyətinin formalaşmasına və
inkişafına, bu sahədə tarixi dərinliyi olan ənənələrin yaranmasına nail
olunmalı;
-
dövlət
davamlı milli siyasət aparmalı, milli birliyə nail olmalı, demokratik inkişaf
strategiyasına sadiq qalan hökumətlərlə, eyni zamanda milli məsələlərdə müxalifətlə
koordinasiyalı fəaliyyət göstərməli və heç zaman xalq dəstəyini itirməməlidi.
Milli
siyasətin, eyni zamanda milli təhlükəsizlik siyasətinin həyata keçirilməsinə və
onun davamlılığının təmin edilməsinə bir-başa dövlət başçısı cavabdehdi. Dövlət və
hökumət arasında koordinasiya funksiyasını da onun rəhbərlik etdiyi MTŞ həyata
keçirməlidir.
MTN ləğv edilməli
Qeyd olunduğu kimi, milli təhlükəsizliyə
bir-başa dövlət başçısı, milli təhlükəsizlik siyasətinin hazırlanmasına və
həyata keçirilməsinin koordinasiyasına da onun rəhbərlik etdiyi MTŞ cavabdehdi.
Yəni MTN milli təhlükəsizliyə cavabdeh olan dövlət orqanlarından sadəcə biri
olub əsasən kəşfiyyat, əks kəşfiyyat, təhlükəsizlik və transmilli mütəşəkkil
cinəyatkarlıqla mübarizə funksiyalarını yerinə yetirir. Təcrübə göstərir ki, bu
qədər gücün bir əldə toplanması, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin
birləşdirilməsi həm yanlışdı, həm də ziyanlı və təhlükəli.
Buna görə də:
-
aparılacaq islahatlar çərçivəsində MTN
ləğv edilməli,
müasir qloballaşma və sürət dövründə kəşfiyyatın rolunun durmadan artması da nəzərə
alınaraq kəşfiyyat və təhlükəsizlik xidmətləri
ayrılmalı, AR-in müstəqil milli kəşfiyyat
və təhlükəsizlik xidmətləri yaradılmalı;
-
digər kəşfiyyat və təhlükəsizlik xidmətlərinin(MN, DİN, DSX, XDMX,
DGK, Maliyyə Nazirliyi və s. qurumlar tərkibində olan) də bəziləri(məsələn hərbi
kəşfiyyat) müstəqilləşdirilməli, bəzilərininsə funksiyaları milli kəşfiyyat və
təhlükəsizlik xidmətlərinə verilməli;
-
ölkəmizin
kosmik imkanları da nəzərə alınmaqla AR-in yeni siqnal-elektron kəşfiyyat xidməti qurulmalı;
-
AR-in
bütün kəşfiyyat qurumlarının fəaliyyətini koordinasiya məqsədilə Milli
Kəşfiyyat Şurası yaradılmalı;
-
təhlükəsizlik və transmilli mütəşəkkil cinəyatkarlıqla mübarizə
funksiyalarını yerinə yetirən effektiv yeni
milli təhlükəsizlik xidməti(FBİ
bənzəri) yaradılmalı;
-
yeni milli təhlükəsizlik xidməti də daxil olmaqla AR-in bütün təhlükəsizlik xidmətlərinin fəaliyyətini bir-başa MTŞ katibi koordinasiya etməli;
-
MTŞ, milli kəşfiyyat və təhlükəsizlik
xidmətləri də daxil olmaqla, bütün xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətini
əlaqələndirməli, eyni zamanda yüksək qurumun qəbul etdiyi qəraraların bu xidmətlər
tərəfindən terinə yetirilməsinə nəzarət etməli;
-
bütün dövlət və hökumət qurumlarında, xüsusən də milli təhlükəsizlik qurumlarında korrupsiya və rüşvət başda olmaqla
bütün neqativ halların kökü ən qısa zamanda kəsilməli;
-
kadr məsələsində öncəlik vətənpərvərlik,
zəka və peşəkarlıq səviyyəsinə verilməlidi.
Bu islahatlarla bərabər ölkədə milli təhlükəsizlik və strateji araşdırma sahəsində
QHT-lərin, düşüncə quruluşlarının, tədqiqat və araşdırma qurumlarının geniş
şəbəkəsi yaradılmalı, dövlət və hökumət nəinki onların fəaliyyətinə mane
olmamalı, tam əksinə onların yaradılmasını və inkişafını təşviq etməli və
dəstəkləməlidi. Bu qurumlar da ölkədə azad və tənqidi fikirli, geniş və dərin
strateji düşüncəli yeni nəslin yetişməsinə, milli təhlükəsizlik sahəsində
alternativ strategiyaların, konsepsiyaların, siyasət və proqramların işlənib
hazırlanmasına xidmət etməli, alternativ sənədlər, layihələr və təkliflər hazırlamalı
dövlətə və hökumətə təqdim etməlidi.
Ən
aktual sual “MTN-də nazir kim olmalı və ya kim olacaq”x9dmıdı?!
Məncə ən aktual sual bu deyil.
Zəruri islahatlarla bağlı verdiyim təkliflərdə MTN-nin ləğv edilməsi də təklif
edildiyinə görə isə heç deyil.
Ən aktual suallarsa bunlardı: bu
zəruri islahatları aparmaq üçün hakimiyyətin niyyəti, siyasi iradəsi və kadr
potensialı varmı? Bu islahatların aparılacağı halda yeni yaranacaq qurumlara
hansı keyfiyyətlərə və parametrlərə malik kadrlar rəhbərlik etməlidi?
Çox təəssüf ki, günlərdir fikirləşməmə
və istəməmə rəğmən birinci suala özümdə müsbət cavab tapa bilmirəm. Sizin necə,
bu suala bir cavabınız varmı?
Ikinci suala isə qısa cavab verə
bilərəm. Bu kadrlar ilk növbədə vətənpərvər, üstün zəka sahibi və peşəkar
olmalı, yüksək şəxsi və iş keyfiyyətlərinə, ən başlıcası isə liderlik
keyfiyyətlərinə malik olmalıdı. Onların islahatların ruhuna uyğun, milli
təhlükəsizlik baxışına və strateji düşüncəyə sahib kadrlar olmaları da əsas şərtlərdən
olmalıdı.
İndi suallarınıza lütfən,
bunları da nəzərə alaraq, daha konkret cavab tapmağa çalışın.
Sülhəddin
Əkbər
Azad
Demokratlar Partiyasının sədri
Bakı,
18 noyabr 2015-ci il /musavat.com/
[1] Dövlətin
milli təhlükəsizlik durumunun tam və ya geniş qiymətləndirilməsi isə milli
maraqlar və milli geniş təhlükəsizlik maraqları və onların mövcud vəziyyəti
əsasında aparılmalıdı.






































































































