150 milyonluq Rusiyada Nemtsovun qətlinə etiraz yürüşünə bəzi məlumatlara görə 70 min, rəsmi açıqlamalara görə isə 50 min adam toplaşdı. Milli Şura da manatın "qətlə yetirilməsinə" etiraz etməyə hazırlaşır. Bu məntiqlə Bakıdakı mitinqə 350 adam çıxsa Rusiya ilə müqayisə edilə bilər...
Moderator.az belə bir müqayisəyə eks-spiker Rəsul Quliyevin mövqeyini soruşub və aşağıdakı cavabı alıb:
"Sizin müqayisəniz düzgün deyil. Moskvada 10 milyon adam yaşayır, 100 mindən az olmayan aksiya olub, bunu bütün nüfuzlu təşkilatlar, o cümlədən xarici agentliklər yazır. Bakıda isə 3.5 milyon insan yaşayır, deməli, Moskva səviyyəsinə çatmaq üçün mitinqə 35 min adam çıxmalıdır. Əgər Moskvadakı aksiyanı bütün Rusiyaya (143 milyon əhalisi var) aid edib Azərbaycanla (9.5 milyon əhalisi var) müqayisə etsək Azərbaycanda 350 yox, 6300 adam çıxmalıdır. Və ya Azərbaycanı bütövlüklə Moskva ilə müqayisə etsək həmin 100 min mitinqə çıxmalıdır. Sadəcə olaraq mən sizin hesablama metodunuzu anlaya bilmirəm. Ümumiyyətlə, Siz məsələn, Moskvanı Bakı, Gəncəni Sankt-Peterburq, yaxud Azərbaycanın hansısa bir rayonunu Rusiyanın hansısa rayonu ilə müqayisə etməlisiniz.
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərin qalxması əleyhinə mitinq keçirmək istəyənlər böyük bir məsuliyyət üzərlərinə götürürlər. Ola bilər bu məsuliyyətin nədən ibarət olduğunu başa düşmürlər, mən məcburam bir daha izah edəm. Keçirəcəkləri mitinqə 10 mindən az adam gəlsə, bu, hökümətə "qorxma, bu siyasətini davam etdir" mesajını göndərmək olacaq. Və sözsüz, hökümət qiymətləri qaldırmaq, manatın məzənnəsini aşağı salmaq siyasətini daha inamla həyata keçirəcək. Əgər mitinqə 1000 adamdan az çıxsa, qiymətlərə dəyişiklik mitinqin sabahı günü başlaya bilər.
Hökümət camaatın onun siyasətini dəstəkləyir illuziyasına özünü inandıracaq və xalq müxalifəti dəstəkləmir faktorunu bir tərəfə qoyacaq. Bu isə reallıqdan uzaqlaşmaq deməkdir. Bu da lokal çaxnaşmalara yaxınlaşmaq anlamına gələcək.































































































