Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı – “Onun paltarına baxdıqda…” – FOTO

Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı – “Onun paltarına baxdıqda…” – FOTO

Hazırda oxunan: Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı – “Onun paltarına baxdıqda…” – FOTO

621242

“Abşeron Rayon Mərkəzi Xəstəxanası (RMX) haqqında bəzi qeydlərim olacaq. Yazıram ki, bu nüanslara diqqət yetirilsin, düzəldilsin. Qəza 16:43–16:44-də baş vermişdi və Zəhranın ürəyi 20:20-yə kimi döyünmüşdü: hadisədən sonra 3 saat 40 dəqiqə ürəyi döyünən Zəhranı xilas etmək mümkün olmadı, ya da ciddi cəhd göstərilmədi”.

Bizim.Media xəbər verir ki, bunu vəkil Fərhad Mehdiyev yol qəzasında həyatını itirən qızı ilə bağlı paylaşımında qeyd edib.

O bildirib ki, hadisə zamanı əraziyə təcili tibbi yardım maşını göndərilməyib:

“Birincisi, qızımın qəzaya düşdüyü yer Abşeron RMX-dən 300–400 metr aralı olduğu halda, onu hadisə yerindən götürmək üçün təcili tibbi yardım (TTY) maşını göndərilmədi. İnsanlar uşağa boyun korseti taxmadan, taksiyə qoyub özləri gətirdilər (xəstəni bu şəkildə daşımaq olmaz).
 

Səbəb kimi göstərilir ki, hadisə yerinə çatmaq üçün TTY maşını uzun yol qət etməli idi. Lakin buna ehtiyac da yox idi: TTY maşını sürət yolunun sağında olan əlavə yola siqnallarını yandıraraq tərs istiqamətdə gedə bilərdi, hadisə yerinə paralel saxlanılıb uşağa boyun korseti taxılmaqla xərəyə köçürülüb, sonra da dəmir jalüzlər üzərindən keçirilməklə xəstəxanaya çatdırıla bilərdi. Həmin o yardımcı yolda Sumqayıt istiqamətində də hərəkət dayandırıla bilərdi.


TTY işi belə qurulmamalıdır. Xəstə xəstəxanaya çatdırılana qədər əlavə travmatik şok yaşamamalıdır. TTY maşınları yerində xəstənin vəziyyətini qiymətləndirməli, şinlər və boyun fiksatorlarını taxmalı, lazım gələrsə intubasiya və infuziya tədbirlərini artıq ilkin dəqiqələrdən həyata keçirməlidir.

İkincisi, qızım xeyli qan itirmişdi.

Onun paltarlarına baxdıqda nə qədər qan itirdiyini anlamaq mümkündür. Sol bud sümüyündə açıq qırıq vardı, oradan nə qədər qan itirdiyini təsəvvür etmək olur. Lakin ona qan köçürülmədi.
 

Anlayıram ki, Zəhranın aldığı zədələr çoxsaylı və ağır idi. Amma fikrimcə, xəstəxana heyəti bu uşağın ta başdan yaşamayacağına qərar verib, ciddi müdaxilə etmək istəmədilər. Məsələn, sol budundakı açıq yaraya xəstəxanada tikişin atılmaması, həkim heyətinin xəstənin yaşamayacağını düşündüyünü göstərir.


Əgər Abşeron RMX-də ağır xəstələrə müdaxilə etmə və ciddi reanimasion tədbir göstərmə imkanları yoxdursa, bunu bəyan etsinlər, insanlar da ora deyil, digər xəstəxanalara yönəlsinlər, çünki ağır vəziyyətdə olan xəstələr üçün hər dəqiqə dəyərlidir. Daha əvvəl də həmin xəstəxanada KT aparatının işləmədiyini qeyd etmişdim”.

Vəkil qeyd edib ki, TƏBİB də öz növbəsində Abşeron RMX-nin TTY şöbəsinin maddi-texniki dəstəyini, habelə personal üçün təlim dəstəyini artırmalıdır:

“Bədbəxt hadisələrdə xəstəyə ilkin müdaxilənin düzgün aparılması onun həyatını xilas etmək baxımından olduqca vacibdir. Nəzərə alınmalıdır ki, həmin xəstəxana geniş əraziyə xidmət göstərir və oradakı xidmətlərin düzgün qurulması ciddi əhəmiyyət daşıyır”.

Qeyd edək ki, sözügedən qəza iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verib. Vəkilin qızının idarə etdiyi motosiklet yolda dayanan nasaz avtomobilə çırpılıb. Nəticədə 17 yaşlı Zəhra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Vəkilin iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO