Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

Hazırda oxunan: Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

641126

Gülüstan və Türkmənçay kimi tariximizin ən ağrılı səhifələri ilə ikiyə bölünmüş Azərbaycan elə o vaxtdan bəri adının önünə güney, quzey əlavə etdi. Az qala 200 ildir Azərbaycan tarixi, ədəbiyyatı, incəsənəti bu iki adla bütövlüyünün həsrətini çəkir, hətta ən ağır Sovet nəzarəti illərində belə bir-birindən qopmadı.

Amma günün birində hansısa bir molla peyda olur, əsrlərin tarixini, dilçilərin, ədiblərin, tarixçilərin araşdırmalarını bir kənara atıb, özündən tarix yazmağa başlayır:

“Bundan sonra Güney azərbaycanlılar yox, İran türkləri deyilsin. Azərbaycan İranın bir hissəsidir, ondan qopub və yenidən ona qayıdacaq.”

Bir insanın siyasi iddiası, daha doğrusu əqidə sürüşkənliyi ilə milli kimliyi dəyişməkmi olar?

Millətin adını da, yaddaşını da hansısa sifarişli siyasi hökm müəyyən etmir. Bir vaxt “biz türkük, ana dilimiz türkcədir” deyən din xadimi, təbrizli Rəsul Bərgi indi “biz İran türkləriyik”, “Güney və Quzey Azərbaycan yoxdur” deyir və hətta Azərbaycanın bir gün yenidən İrana qayıdacağını söyləyir.

Təbriz Şəhər Şurasının üzvü olan bu adamın son çıxışları elə ən çox həmşəhərlilərini hiddətləndirib. Dünənə qədər nəinki özəl, hətta İran Dövlət televiziyasında belə Təbriz əhalisinin ana dilinin fars dili kimi təqdim olunmasına etiraz edərək,  “mənim anam heç farsca bilmir” deyən adam bu gün fars bayrağının küləyinə yellənir!  

Bəs onun dili niyə kəskin dəyişdi?

Deyək ki, satın alındı, amma tarixə əsaslanmadan hökm çıxarmağın nə qədər gülünc olduğunu qarşı tərəf bilməmiş deyil. O zaman ortaya atılmış bu fikir bilgisizlikdən çox hərc-mərcliyə hesablanmış sayılır. Üstəlik bu hiyləgər addıma ilanı Seyid Əhməd əli ilə tutmaq deyərlər.

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri Rusiya imperiyası ilə Qacar İranı arasında müharibələrin nəticəsi idi. Bu faktı niyə qeyd edirik? Çünki Qacar dövləti çoxmillətli imperiya idi və qacarların özləri türk mənşəli sülalə idi, Azərbaycan türkcəsi İran dövlətinin siyasi həyatında mühüm yer tuturdu. Təkcə qacarlar deyil, İran dövlətçilik məkanında əsrlərlə türk sülalələri hakimiyyət sürüb: Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar bu tarixin ayrılmaz hissəsidir.

 

İranın tarixi və coğrafiyası yalnız farslardan ibarət deyil. Ona görə də əgər “bu ərazi İranındır, çünki tarixin filan dövrlərində fars dövlətinin tərkibində olub” arqumentini mütləq prinsipə çevirsələr, onda həmin prinsipi İran tarixinin bütün dövrlərinə tətbiq etməli olacaqlar. Və o zaman İran türk sülalələrinin hakimiyyətində olduğu vaxt həmin torpaqlara da sahiblik etməyə bizim haqqımız çatır.

 

İranda türk olmaq hansı nöqtəyə qədər mümkündür, türk kimliyinin siyasi sərhədlərini dövlət nə zaman müəyyənləşdirir?

Müasir İran dövlətçiliyi istər şəriət ölkəsi çərçivəsində olsun, istər də qərbmeyilli şahlıq modelində – sırf farsdilli milli kimlik üzərində qurulub. Yəni sistem dəyişə bilər, amma məqsəd eynidir. Bu “eyni məqsəd” XX əsrdən bu yana Azərbaycan türkcəsinin fars dili qarşısında sistemli şəkildə kiçildilməsinə xidmət edib; Azərbaycan dilində təhsil və nəşriyyat fəaliyyəti məhdudlaşdırılıb.  

Ona görə də  “Güney Azərbaycan” ifadəsi sadəcə coğrafi bölgü olmaqla qalmayıb, bu, xüsusilə XX-XXI əsrin siyasi, tarixi, ədəbi proseslərində istifadə edilən milli ifadədir.

Rəsul Bərgiyə qayıdaq

Məhz burada Rəsul Bərginin mövqeyindəki dəyişiklik maraqlı və düşündürücü görünür. Onun niyə dəyişdiyini biz dəqiq bilmirik, sadəcə fərz edirik. Amma dəyişiklik o qədər kəskindir ki, əqidəsinin maddi dəyəri barədə sualların yaranması tamamilə təbiidir. Çünki türk dilinin və türk kimliyinin qızğın müdafiəsindən sonra guya İranın ərazi bütövlüyünə sədaqət nümayiş etdirmək mövqe göstərməkdən çox, mövqesizlikdir.

Bərginin arqumentində ən qıcıqlandırıcı məqam “Azərbaycan İrandan ayrılıb” fikridir. Bəlkə də Rəsul Bərginin məsələsində ən böyük ironiya elə Təbrizin özüdür. Təbriz Azərbaycan türklərinin dil, ədəbiyyat, siyasi mübarizə və milli şüur tarixinin ən böyük mərkəzlərindən biridir. Tarixin bütün dönəmlərində də belə olub. Nə şahın qılıncının iti vaxtında, nə də İslam keşikçilərinin sərt nəzarəti zamanında Təbriz öz türkçülüyündən pay verməyib və yüz faizlik Azərbaycan şəhəri statusunu qoruyub.

İndi sapı özündən olan balta bu tarixi kökü qırmağa çalışır.

O, bu gün özünü “İran türkü” adlandıra bilər. Bu, onun şəxsi seçim haqqıdır. Amma “Azərbaycan İrandan ayrılıb və bir gün İrana qayıdacaq” cümləsi  şəxsi kimlikdən çıxıb başqa bir dövlətin ərazi statusu haqqında siyasi iddiaya çevrilir.

Bu siyasi iddianın cavabını da kimin elçisi olduğu bəlli olan rəsullara İranın Güney azərbaycanlı prezidenti Məsud Pezeşkian bir neçə gün öncə Şahin Mustafayevlə görüşündə vermişdi:

 

“Biz bir-birimizlə qohum və qardaşıq. Mövcud imkanlardan və qonşuluq üstünlüyündən istifadə edərək iki ölkə arasında münasibətləri və əlaqələri daha da genişləndirməliyik”.

 

Təbii ki, Rəsul Bərgi İrandan Azərbaycanı hədəf alan ilk şəxs deyil, yəqin ki, sonuncu da olmayacaq. Ancaq əsas məsələ ondan ibarətdir ki, bu cür fikirlər Bakı və Tehran arasında dostluq münasibətlərinə kölgə sala bilməz.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO