
- A-
- A
- A+
Dünyada “milyarderlərin köçü” başladı – Ən çox seçilən ölkələrin siyahısı
İnsanlar varlandıqdan bir müddət sonra onlar üçün prioritet tezliklə öz ölkələrini tərk etmək olur. Təsadüfi deyil ki, varlı insanların öz ölkələrini tərk etmək istəməsi müasir dünyanın diqqətçəkən sosial-iqtisadi və siyasi tendensiyalarından biridir. İlk baxışdan paradoks kimi görünür.
Axı, böyük sərvəti, biznesi, mülkləri, nüfuzu və geniş imkanları olan insanlar niyə doğulduqları, varlandıqları ölkədən köçmək istəyirlər?
Əslində, bunun arxasında təkcə daha yaxşı həyat axtarışı dayanmır. Söhbət çox vaxt kapitalın təhlükəsizliyindən, siyasi sabitlikdən, vergi siyasətindən, övladların gələcəyindən və şəxsi azadlıqlardan gedir.
Varlı insanlar üçün ölkə seçimi artıq yalnız vətən və yaşayış yeri məsələsi deyil, həm də kapitalın, ailənin və gələcəyin təhlükəsizliyi məsələsidir.
Vergilərdən yayınmaq deyil, sərvəti qorumaq
Varlı insanların köçmək qərarına təsir edən əsas amillərdən biri vergi siyasətidir. Bəzi ölkələrdə kapital gəlirlərinə, mirasa, əmlaka və biznes mənfəətinə tətbiq edilən yüksək vergilər sahibkarları alternativ ölkələr axtarmağa vadar edir.
Məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və İsveçrə varlı investorların maraq göstərdiyi ölkələr sırasındadır.
Nəzərə alaq ki, BƏƏ-də fiziki şəxslərin şəxsi gəlirlərinə, səhmlərdən və ya digər aktivlərdən əldə olunan kapital qazancına bir qəpik də vergi tətbiq olunmur. Qərb ölkələrində (o cümlədən Böyük Britaniyada) miras vergisi 40%-ə çata bildiyi halda, BƏƏ-də bu tip vergilər yoxdur. Bu, sərvətin nəsildən-nəslə ötürülməsini qorumaq üçün böyük üstünlükdür.
BƏƏ-də “qızıl viza”lar və asan miqrasiya siyasəti mövcuddur. 10 illik “qızıl viza” daşınmaz əmlak alqı-satqısı, böyük investisiyalar və ya xüsusi peşə sahibləri (sahibkarlar, elm adamları, incəsənət xadimləri) üçün uzunmüddətli rezidentura imkanı yaradır. Həmçinin investorlar ailələri və işçiləri ilə birlikdə ölkədə daimi yaşamaq hüququnu asanlıqla əldə edirlər.
Eyni zamanda, BƏƏ vaxt zonası baxımından Asiya, Avropa və Afrika bazarlarının mərkəzində yerləşir. Dünyanın aparıcı maliyyə mərkəzləri ilə birbaşa uçuşlar, müasir hava limanları və logistika imkanları qlobal iş adamları üçün daha cəlbedicidir.
Varlı insan üçün ən böyük təhlükələrdən biri sərvətinin sabah hansısa siyasi qərardan, hüquqi dəyişiklikdən və ya iqtisadi böhrandan asılı vəziyyətə düşməsidir.
Ona görə də varlılar mülkiyyət hüquqlarının etibarlı qorunması, məhkəmə sisteminin müstəqilliyini, qanunların sabit və proqnozlaşdırılan olmasını və biznesə dövlət müdaxiləsinin məhdudlaşdırılmasını istəyirlər.
Yəni sərvət sahibi yalnız bu gününün deyil, sabahının da təminatını axtarır.
Bir çox varlı ailə övladlarının dünyanın nüfuzlu universitetlərində təhsil almasını, beynəlxalq imkanlara çıxış əldə etməsini istəyir. Onlar uşaqlarının daha yaxşı təhsil, səhiyyə və sosial mühitdə böyüməsinə üstünlük verirlər.
Bu səbəbdən ABŞ, Böyük Britaniya, İsveçrə, Kanada və Avstraliya kimi ölkələr ailəvi köç üçün seçilən istiqamətlərdəndir.
Təhlükəsizlik və həyat keyfiyyəti
Müharibələr, siyasi qarşıdurmalar, cinayətkarlıq, iqtisadi böhranlar və gələcəklə bağlı qeyri-müəyyənlik də mühüm amillərdəndir.
Varlı insanlar özlərinin və ailələrinin təhlükəsizliyini təmin etmək üçün alternativ yaşayış ölkəsi seçirlər. Bəziləri hətta bir neçə ölkədə yaşayış icazəsi, ev və biznes əldə etməklə riskləri bölüşdürür.
Qlobal iqtisadiyyatın inkişafı sahibkarlara sərhədlərdən kənarda fəaliyyət göstərmək imkanı verir. Bəzi iş adamları daha böyük bazarlara, əlverişli maliyyə sistemlərinə, beynəlxalq tərəfdaşlara və investisiya imkanlarına çıxmaq üçün ölkələrini dəyişirlər.
Rəqəmlər nə deyir?
2025-ci ildə 142 min imkanlı şəxs başqa ölkələrə köçüb. Onlardan 9 min 800-ü BƏƏ-yə üz tutub. Əvəzində, Böyük Britaniya 16 min 500 milyonçu itkisi ilə üzləşib.
2026-cı ilin hesabatı da bu prosesin davam etdiyini göstərir. Sinqapur, İtaliya, İsveçrə və Yunanıstan varlıların maraq göstərdiyi istiqamətlərdəndir.
İnvestisiya müqabilində yaşayış icazəsi və vətəndaşlıq proqramları üzrə ixtisaslaşan “Henley & Partners” konsaltinq şirkətinin hesabatına görə, ABŞ və Avropanın imkanlı ailələri digər ölkələrdə yaşayış icazəsi və vətəndaşlıq əldə etmək üçün müraciətlərini artırıblar.
Bu tendensiya siyasi və iqtisadi qeyri-müəyyənliklər, həyat bahalılığı, mənzil bazarında yaranan problemlər və bir sıra Avropa ölkələrində sosial narazılıqlar fonunda güclənir. Şirkətin məlumatları varlı ailələrin gələcək imkanlarını bir ölkə ilə məhdudlaşdırmamaq və alternativ yaşayış hüquqları əldə etmək istəyinin artdığını göstərir.
Belə ki, son 18 ayda amerikalıların şirkətə müraciətlərinin sayı 52 faiz artıb. Müraciət edən amerikalıların yalnız 9 faizi hazırda ABŞ-dan kənarda yaşayır.
Avropa ölkələrindən müraciətlərdə də artım qeydə alınıb. Reytinqdə Böyük Britaniya 6-cı, Almaniya 10-cu yerdə qərarlaşıb. Fransa 36-cı yerdən 14-cü yerə yüksəlib, bu ölkədən müraciətlər üçüncü rübdə (iyul-sentyabr ayları) 24 faiz artıb.
İtaliyadan müraciətlərin sayı da üçüncü rübdə 14 faiz yüksələrək 2025-ci ilin ümumi göstəricisini üstələyib.
Braziliyada üçüncü rübdə qeydə alınan müraciətlərin sayı 2026-cı ilin ilk iki rübünün ümumi göstəricisinə bərabər olub. Kanada və Avstraliya da müraciətlərin çox olduğu ölkələr sırasındadır.
“Henley & Partners” ilin əvvəlindən bəri 100-dən çox ölkədən olan müştərilərə 50-dən çox ölkədə yaşayış icazəsi və ya vətəndaşlıq əldə etmək üçün vasitəçilik etdiyini bildirir. Müraciət edənlərin üçdə birindən çoxu artıq doğulduqları ölkədən kənarda yaşayır.
Varlı insanların ölkəni tərk etməsi həmin ölkənin pis olması demək deyil.
Bəzən bu, qlobal imkanlardan istifadə etmək istəyidir. Lakin kütləvi kapital axını baş verirsə, bu, dövlət üçün ciddi iqtisadi siqnaldır. Çünki milyonçular özləri ilə yalnız pullarını deyil, investisiya, iş yerləri, texnologiya və sahibkarlıq potensialını da apara bilərlər.
Ona görə də dövlətin əsas məqsədi varlı insanları ölkədə saxlamaqdan daha geniş olmalıdır. Yəni elə bir iqtisadi və hüquqi mühit yaratmaq lazımdır ki, varlı insanlar sərvətlərini başqa ölkələrə daşımaqda deyil, öz ölkələrində artırmaqda maraqlı olsunlar.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































