Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Hazırda oxunan: Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

639585

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verdilər.

Regionun böyük hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX 2026” müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin qüdrətinin nümayişi baxımından mühüm rol oynayır.

“ADEX” sərgisi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı isə “Caspian Event Organisers” şirkətidir.

Bu il “ADEX 2026”da rekord sayda şirkət iştirak edir. Buna görə Bakı Ekspo Mərkəzinin əlavə pavilyonu da istifadəyə verilib. Bir pavilyon isə ilk dəfə milli ekspozisiya üçün ayrılıb.“ADEX 2026” sərgisinə 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib. Bu il ABŞ-nin bir neçə nüfuzlu şirkəti sərgidə ilk dəfə iştirak edir. Burada ən geniş təmsil olunan ölkə isə qardaş Türkiyədir.

“ADEX” tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası təqdim olunur. Bununla yanaşı, “ADEX News” adlı qəzet çapdan çıxacaq.

“Securex Caspian” sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatlar, kompleks mühafizə sistemləri və perspektivli texnoloji həllər, o cümlədən ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış, qəza-xilasetmə vasitə və avadanlıqları nümayiş etdirilir.

“ADEX” və “Securex Caspian” sərgilərinə 30 ölkədən 277 şirkət qatılıb. Sərgilərdə 14 ölkənin milli pavilyonu quraşdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin stendi ilə tanış oldular. “ADEX 2026”da Azərbaycan Ordusunun silahlanmasında olan artilleriya sistemləri, aviasiya texnikası və pilotsuz sistemlər nümayiş etdirilir. Nazirliyin ekspozisiyası həm sərgi zalında, həm də açıq sahədə yerləşir.
 

2023-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində yaradılan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi silah istehsalının, satışının və ixracının təşkilini həyata keçirir. İstehsal imkanlarının genişləndirilməsi, yeni nəsil silahların hazırlanması və beynəlxalq əməkdaşlıq qurumun fəaliyyətində əsas istiqamətlərdir.


Azərbaycanın “Vektor” Şirkətlər Qrupu da sərgidə iştirak edir. “Vektor” ölkəmizin müdafiə sənayesi sahəsində fəaliyyət göstərir. O, raket maketləri, hərbi geyim və müxtəlif hərbi aksesuarlar istehsal edir.

Dövlətimizin başçısı və birinci xanım 1984-cü ildə İstanbulda qurulmuş və hazırda Türkiyənin ən iri müdafiə texnikası ixracatçısı olan “Baykar” şirkətinin stendinə baxdılar. “Bayraktar TB2” taktiki PUA-sı 30-dan çox ölkəyə ixrac olunub. Şirkət, həmçinin daha ağır “Bayraktar AKINCI”, “TB3” (gəmi göyərtəsindən qalxa bilən) və reaktiv mühərrikli “Kızılelma” pilotsuz qırıcısını istehsal edir. “Baykar”, eyni zamanda, yerüstü idarəetmə stansiyaları, avionika və mühərrik istehsalı istiqamətində də çalışır.

Türkiyənin “Aselsan” şirkəti də sərgidə iştirak edir. Bu şirkət 1975-ci ildə Ankarada təsis edilib və Türkiyənin ən böyük müdafiə sənayesi şirkətidir.

“Aselsan” radar və radioelektron mübarizə sistemləri, hərbi rabitə, hava hücumundan müdafiə, elektrooptika, avionika, məsafədən idarəolunan silah stansiyaları və dronəleyhinə sistemlər istehsal edir. Onun adı dünyanın ən iri 50 müdafiə sənayesi şirkəti siyahısında yer alır.
 

“EDGE Group” - Birləşmiş Ərəb Əmirliklərinin dövlət müdafiə və qabaqcıl texnologiyalar qrupudur. 2019-cu ildə ölkənin 25-dən çox müdafiə sənayesi müəssisəsinin birləşdirilməsi ilə yaradılan və qısa müddətdə dünyanın ən böyük 25 müdafiə sənayesi şirkəti sırasına daxil olan “EDGE” dəqiq idarəolunan sursat və raketlər, avtonom hava və dəniz sistemləri, radioelektron mübarizə, zirehli texnika və elektron müharibə həlləri istehsal edir.


Slovakiya Respublikası sərgidə milli pavilyonu ilə iştirak edir. Bu ölkənin müdafiə sənayesi, o cümlədən artilleriya, zirehli və xüsusi texnikalar, özüyeriyən haubitsa, dron, kimyəvi aşkarlama, aviasiya təmiri və radar, kabel qovşaqları, silah modernləşdirilməsi sahələrində aparıcı şirkətləri sərgiyə qatılıb.

Çin Xalq Respublikası da sərgidə iştirak edən ölkələr arasındadır. “China National Aero-Technology Import & Export Corporation” - Çin aviasiya sənayesi korporasiyasının (AVIC) xarici ticarət və ixrac qolu hesab olunur.

Şirkət döyüş və təlim təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının, avionikanın, aviasiya silahlarının və texniki xidmətin beynəlxalq satışını həyata keçirir.

“China North Industries Corporation” - Çinin ən iri dövlət quru sistemləri və sursat qrupu, həmçinin dünyanın aparıcı müdafiə sənayesi şirkətlərindən biridir. Döyüş tankları (VT-4), zirehli döyüş maşınları, yedəkdə daşınan və özüyeriyən artilleriya, yaylım atəşli raket sistemləri, tankəleyhinə raketlər, atıcı silahlar, həmçinin sərbəst uçan döyüş sursatı istehsal edir. Onun mülki sahədə də geniş fəaliyyəti var.

“Czechoslovak Group” (CSG) - Çexiya və Slovakiyada, həmçinin Avropada və ABŞ-də 100-dən çox müəssisəni birləşdirən sənaye və müdafiə holdinqidir. O, həmçinin Avropanın ən sürətlə inkişaf edən müdafiə sənayesi qruplarından biridir. Şirkət zirehli texnika, artilleriya, radarlar, irikalibrli silah istehsalı və aviasiya təmiri sahəsində fəaliyyət göstərir.

İsrailin “UVision Air” şirkəti sərbəst uçan döyüş sursatı üzrə ixtisaslaşıb. Bu silahlar hədəf bölgəsinə uçur, orada gözləyir və komanda veriləndə zərbə endirir. Əsas məhsulu “HERO” sistemidir. Sistemlər xaçvari açılan qanad quruluşuna malikdir, nəqliyyat vasitələri, gəmilər və yüngül platformalardakı konteynerlərdən buraxılır və operatora uçuş zamanı hücumdan imtina etmək imkanı verir.
 

“Ondas Holdings” - ABŞ-nin avtonom dron və özəl simsiz şəbəkə qrupudur. “American Robotics” və “Airobotics” şirkətləri vasitəsilə avtomatik dron stansiyaları, dronəleyhinə sistem və sənaye şəbəkə həlləri istehsal edir. Şirkət ABŞ Ordusunun standart tapança və avtomat silah təchizatçısıdır.


“IAI – Israel Aerospace Industries” İsrailin ən iri aerokosmik və müdafiə qrupudur. 1953-cü ildən fəaliyyət göstərən qrup “Heron” və “Harop” pilotsuz uçuş aparatları, “Barak” hava hücumundan müdafiə sistemi, ballistik raketdən müdafiə sistemi, radar və radioelektron sistemləri, “LORA” ballistik raketi, rabitə və kəşfiyyat peykləri istehsal edir. Onun fəaliyyət istiqamətinə sərnişin təyyarəsinin yük təyyarəsinə çevrilməsi də daxildir.

“Rafael Advanced Defense Systems Ltd” İsrailin raket və müdafiə sistemləri şirkətidir. Əvvəllər Müdafiə Nazirliyinin tədqiqat qurumu olub, 2002-ci ildə isə dövlət şirkətinə çevrilib. “Iron Dome” və “David's Sling” hava hücumundan müdafiə sistemləri, “SPIKE” tankəleyhinə idarəolunan raket sistemi, raketlər, zərbə sursatı onun əsas məhsullarıdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İtaliyanın “Leonardo” şirkətinin stendinə də baxdılar.

“Leonardo” İtaliyanın aerokosmik, müdafiə və təhlükəsizlik qrupudur və Avropanın ilk üç müdafiə sənayesi şirkəti sırasındadır. Şirkət helikopter, təlim-döyüş təyyarələri, radar və radioelektron mübarizə sistemləri, dəniz topları, kosmik sistemlər və kibertəhlükəsizlik həllərinin istehsalı ilə məşğuldur.
 

İsrailin sərgidə iştirak edən digər bir şirkəti isə “Elbit Systems”dir. O, İsrailin ən iri özəl müdafiə elektronikası şirkəti kimi 1966-cı ildən fəaliyyət göstərir. Komandanlıq sistemləri, radioelektron mübarizə, “Hermes” pilotsuz uçuş aparatı, artilleriya sistemləri, avionika və dəbilqəyə quraşdırılan göstəricilər istehsal edir. Şirkət “Rəqəmsal Ordu” konsepsiyası üzrə bir sıra ölkələrdə proqramlar həyata keçirir.


Türkiyənin gəmiqayırma müəssisəsi - “Dearsan” qardaş ölkənin aparıcı hərbi gəmi istehsalçılarındandır. Müəssisə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün patrul qayıqları inşa edib. Hazırda isə açıq dəniz patrul gəmiləri layihəsini həyata keçirir. Müəssisə, həmçinin ixrac istiqamətində sürətli hücum və patrul gəmiləri, desant və köməkçi gəmilər inşa edir.

Türkiyənin 1988-ci ildə Ankarada təsis edilən “Roketsan” şirkəti lazerlə idarəolunan raket, tankəleyhinə raket, qanadlı və ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, yaylım atəşli raket sistemləri üçün mərmilər və kompozit raket mühərrikləri istehsal edir.“Belspetsvneshtechnika” Belarusun müdafiə sahəsində dövlət xarici ticarət müəssisəsidir.
 

Qurum silah və hərbi texnikanın ixracı ilə yanaşı, zirehli texnikanın, hava hücumundan müdafiə komplekslərinin və aviasiya texnikasının modernləşdirilməsi, yaylım atəşli raket sistemlərinin təkmilləşdirilməsi, xüsusi təyinatlı avadanlıq və sursat təchizatı ilə məşğuldur.


2000-ci ildə yaradılan “Rosoboronexport” ASC Rusiyanın hərbi texnika və avadanlıq ixracının böyük hissəsini həyata keçirir. Şirkət təyyarə və helikopterlər, hava hücumundan müdafiə sistemləri, zirehli texnika, hərbi gəmilər və sualtı qayıqlar, atıcı silah, sursat, həmçinin sərbəst uçan döyüş sursatı və radioelektron mübarizə vasitələrini ixrac edir.

Sərgidə Serbiyanın “Yugoimport” şirkəti də iştirak edir. “Yugoimport” Serbiyanın dövlət müdafiə məhsulları istehsalı və ixracı müəssisəsidir. Ölkənin hərbi sənayesinin əsas ixracatçısı olan şirkət özüyeriyən haubitsa, yaylım atəşli raket sistemləri, iri, orta və kiçikkalibrli silahlar, minaatan mərmilər, döyüş başlıqları, idarəolunan raketlər, zirehli texnika və pilotsuz uçuş aparatları istehsal edir.

Çinin “CPMIEC” (“China National Precision Machinery Import & Export Corporation”) şirkəti raket və hava hücumundan müdafiə sistemlərinin ixracı üzrə ixtisaslaşmış dövlət müəssisəsidir.

Şirkət hava hücumundan müdafiə kompleksləri ilə yanaşı, gəmi, tankəleyhinə raket sistemləri, taktiki raketlər, pilotsuz uçuş aparatları və sahil müdafiə sistemlərinin beynəlxalq satışını həyata keçirir.

“Rheinmetall” Almaniyanın müdafiə və avtomobil qrupudur. O, Avropanın ən iri sursat və zirehli texnika istehsalçılarındandır. Zirehli döyüş maşınları, “Leopard 2” tankının 120 mm silahı, artilleriya və tank sursatı, hava hücumundan müdafiə sistemi, hərbi yük maşınları və müdafiə elektronikası şirkətin əsas məhsullarıdır. “Rheinmetall” son illərdə Avropada bir sıra yeni sursat zavodları açıb.
 

Pakistanın dövlət aviasiya kompleksi bu ölkənin Hərbi Hava Qüvvələrinin tabeliyindədir. “JF-17 Thunder” qırıcısının Çinlə birgə istehsalını, həmçinin təlim təyyarəsinin istehsalı və ixracı, pilotsuz uçuş aparatları, avionika və radar istehsalı, hərbi təyyarə və mühərriklərin əsaslı təmiri ilə məşğuldur.


Dövlətimizin başçısı Özbəkistanın Müdafiə Sənayesi Agentliyinin stendi ilə də tanış oldu. Agentlik ölkə daxilində hərbi məhsulların istehsalını təşkil edir, silahlı qüvvələr üçün satınalmaları həyata keçirir və beynəlxalq hərbi-texniki əməkdaşlığı əlaqələndirir.

Son illərdə dron və dronəleyhinə sistemlər, mühafizə vasitələri və atıcı silah-sursat istiqamətlərində yerli istehsalı inkişaf etdirir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı da sərgidə təmsil olunur. Krallığın Müdafiə Nazirliyinin stendində bu nazirliklə yanaşı, “BAE Systems”, 14 Britaniya şirkətini təmsil edən Kembric Ticarət Palatası və “Rolatube Technology” şirkəti yer alıb. “BAE Systems” Avropanın ən iri müdafiə sənayesi şirkətidir.

Açıq sərgi sahəsində Müdafiə Nazirliyi, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, “VLand Systems” MMC, “İmprotex”, “AZDEF” və “Exclases Holdings Limited” şirkətləri ən son texnologiyalarını nümayiş etdirirlər.

***13:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.












 






 








































Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO