Bu gün xalqımız növbəti dəfə Milli Qurtuluş Gününü bayram kimi qeyd edir. Və builki bayram əvvəlkilərdən bir qədər fərqli, bir qədər təntənəli və fəxarətlə qeyd olunur. Çünki 33 il əvvəl – 15 iyun 1993-cü ildə nələrdən qurtulduğumuzun bu gün daha çox fərqinə varırıq.
Biz nələrdən qurtulduq?
15 iyun 1993-cü ildə ilk öncə yenicə qazandığımız dövlət müstəqilliyimiz beşiyindəcə boğulmaq təhlükəsindən qurtuldu. Çünki ərazi bütövlüyünü və suveren hüquqlarını itirən Azərbaycan bir dövlət kimi tarixdən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.
1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyət böhranı dərinləşmiş, mərkəzi hakimiyyət ölkəyə nəzarəti tam itirmişdi. Gəncədə baş vermiş silahlı qiyam ölkədə vətəndaş qarşıdurması riskini artırmışdı. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyəti dövlət institutlarının zəifləməsinə, idarəetmədə xaosun yaranmasına səbəb olmuşdu.
Dövlətçiliyimizin tarixi sınağı
Həmin dövrdə dövlət strukturları effektiv fəaliyyət göstərə bilmirdi. İdarəetmə təcrübəsinin olmaması, siyasi savadsızlıq və vəzifə hərisliyi ölkəni uçurumun kənarına sürükləmişdi.
Məsələn, 1993-cü ilin may ayının 25-də Prezident Aparatında hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən müşavirədə prezident Əbülfəz Əliyev deyirdi:
“Respublikada rüşvətxorluq baş alıb gedir... Talan gedir... Gömrük dağılır, xarici iqtisadi əlaqələr dağılır...”.
Sabiq prezidentin çıxışından bir neçə gün sonra sabiq baş nazir Pənah Hüseynov etiraf etdi ki, ölkədə “bezpredel”dir.
Elə həmin ərəfədə Ali Məhkəmənin o vaxtkı sədri Tahir Kərimli Milli Məclisdəki o məşhur çıxışında bağıra-bağıra deyirdi:
“Mən, Əbülfəz bəy, sizdən də, İsa bəy, sizdən də şübhələnirəm... Qurtarın bu oyunbazlığı... Bu komediyanı yığışdırın... AXC-nin platformasından çıxdınız... Prezidentin platformasından çıxdınız... Ölkədə rüşvətxorluq, yerlibazlıq baş alıb gedir...”
Məhz Ümummilli Liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı sayəsində dövlət idarəetməsinin bərpasına və mərkəzi hakimiyyətin möhkəmlənməsinə imkan yarandı. Və dövlət idarəçiliyi naşılardan, vəzifə hərislərindən qurtuldu.
Vətəndaş müharibəsi və separatizm təhlükəsinin qarşısı necə alındı?
Məlum olduğu kimi, AXC-Müsavat iqtidarı qiyamçı polkovnik Surət Hüseynovu cəzalandırmaq üçün Gəncəyə qoşun yeritmişdi. Yaranan qarşıdurmada bir neçə hərbçi həyatını itirmiş, sadə vətəndaşlar fiziki və maddi zərər görmüşdü.
Ən dəhşətlisi o idi ki, ölkənin qərb bölgəsində qorxunc vətəndaş-hakimiyyət qarşıdurması yaranmışdı. Hər an yüzlərlə insan həyatını itirə bilərdi. Və bu qorxunc olay bütün ölkəni sara bilərdi. Çünki ölkədə kifayət qədər gücə sahib hərbi müxalifət vardı. Həmin qüvvələrlə hakimiyyətdəkilər arasında isə barışmaz ziddiyyətlər mövcud idi.
Məhz dahi öndərin gəlişindən sonra ilk növbədə bu gərginlik aradan qalxdı. Hərbi müxalifət neytrallaşdırıldı. Beləcə, həmin dövrdə aparılan siyasi danışıqlar və atılan addımlar ölkəni genişmiqyaslı vətəndaş qarşıdurmasından xilas etdi.
AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti hesabına ölkənin müxtəlif bölgələrində separatçı meyillər də güclənmişdi. Xaricdən güclü dəstək alan separatçılar ölkənin ərazi bütövlüyü üçün açıq təhdidlər səsləndirirdilər. Şimal bölgəsində “Sadval”çılar, cənub bölgəsində isə “Talış-Muğan Respublikası” Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üçün çox ciddi təhlükə idi.
Məhz Heydər Əliyevin qətiyyəti hesabına separatizm meyilləri əvvəlcə zəiflədildi, daha sonra isə bu qorxunc meyillər birdəfəlik aradan qaldırıldı. Beləcə, ölkə separatizmdən və parçalanmadan qurtuldu.
Beynəlxalq təcridin sonu
Bir illik yarıtmaz hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü Azərbaycanı beynəlxalq aləmdən tamamilə təcrid etmişdi. Səsimiz nəinki uzaq xaricdə, heç yaxın qonşularımızda da eşidilmirdi. Ermənistanla müharibə bəlli idi. Amma iqtidarın məsuliyyətsiz çıxışları Azərbaycanı həm Rusiya, həm Gürcüstan, həm İran, həm də Türkmənistanla düşmən həddinə çatdırmışdı.
Ən böyük təhlükələrdən biri Gürcüstandan gəlirdi. Ultra-millətçi Zviad Qamsaxurdiyanın hakimiyyətə gəlişi ilə Borçalıda yaşayan 500 mindən artıq soydaşımızın doğma dədə-baba ocağından deportasiya edilməsi gündəmə gəlmişdi.
İrana qarşı rəsmi Bakının məsuliyyətsiz bəyanatları o taylı-bu taylı azərbaycanlılar üçün ciddi problemlər yaratmışdı. Molla-fars rejimi AXC-Müsavat iqtidarını cəzalandırmaq üçün erməni və gürcü millətçiləri ilə separat danışıqlara gedərək Azərbaycanı ən ağır şəkildə cəzalandırmaq istəyirdi.
Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi, onun siyasi təcrübəsi və qətiyyəti hesabına Gürcüstanla münasibətlər qısa zamanda qaydaya salındı. Borçalı tarixdən silinmək təhlükəsindən qurtuldu. İranla münasibətlərdə buzlar əridi və açıq təhdidlər aradan qalxdı.
Beləcə, Heydər Əliyevin sayəsində Azərbaycan beynəlxalq təcriddən qurtuldu. Sonrakı illərdə balanslaşdırılmış xarici siyasət kursu ölkənin beynəlxalq nüfuzunun artmasına, xarici investisiyaların cəlb edilməsinə və strateji tərəfdaşlıqların qurulmasına imkan verdi.
Azərbaycanın iqtisadi böhrandan xilası
Müstəqilliyimizin ilk illərində planlı iqtisadiyyatdan imtina edildi və bazar münasibətlərinə keçid elan olundu. Amma AXC-Müsavat iqtidarının bazar münasibətləri barədə təsəvvürsüzlüyü və iqtisadi konsepsiyasının olmaması 1993-cü ildə ölkədə çox ağır iqtisadi mənzərə yaratmışdı.
İstehsal azalmış, inflyasiya iki rəqəmli göstəricilərlə ifadə olunurdu. Müharibənin ağırlıqları isə həm dövlətin, həm də əhalinin sosial durumunu daha da ağırlaşdırmışdı. Üstəlik, acgöz idarəçilik hesabına dövlət büdcəsi talan edilmişdi.
Məhz Heydər Əliyev dühası hesabına ən qısa zamanda iqtisadiyyat defolt vəziyyətindən çıxarıldı. Sonrakı dövrdə həyata keçirilən iqtisadi islahatlar və xüsusilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafının əsasını qoydu.
Azərbaycan tarixində dönüş nöqtəsi
Bu mənada 15 iyun 1993-cü il Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi hesab edilir. Bu tarix ölkənin dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması və gələcək inkişaf strategiyasının formalaşdırılmasının təməl günü oldu.
Sonrakı illərdə aparılan balanslı xarici siyasət Azərbaycana qarşı digər ölkələrin münasibətini dəyişdirdi, “Əsrin müqaviləsi”ndən əldə edilən iqtisadi-siyasi dividendlər tədricən Azərbaycanı qüdrətləndirdi.
Ulu Öndərin təməlini qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlətimizin başçısının xarici və daxili siyasətə yeni praqmatik yanaşma tərzi nəinki Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, həm də ölkəmizin suveren hüquqlarının və ərazi bütövlüyünün bərpasına şərait yaratdı.
Bir sözlə, memarı Heydər Əliyev olan müstəqil Azərbaycan İlham Əliyevin qətiyyəti sayəsində suverenliyini bərpa edərək, qüdrətli bir ölkəyə çevrildi.
Ona görə də 15 iyun sözün hər mənasında Milli Qurtuluş Günüdür.
Surxay Atakişiyev, Bizim.Media

































































































