Bu günlərdə Qərbin, beynəlxalq təşkilatların Qarabağ proleminə ikili standartlarla yanaşmasının daha bir təzahürü ortaya çıxdı. Mayın 8-də Azərbaycanın tarixi ərazisi olan Şuşanın işğalının 22-ci ildönümünü işğalçı Ermənistanın prezidenti və nazirləri Şuşada bayram törəni ilə qeyd etdilər. Bir sıra beynəlxalq konvensiyaların açıq-aşkar tapdandığı bu hərəkətə heç bir beynəlxalq təşkilat, başda ABŞ olmaqla Qərb dövlətləri reaksiya vermədi.
Bir gün sonra - ayın 9-da isə Rusiya prezidenti Vladimir Putin faşizm üzərində qələbə gününü Ukrayna ərazisi olan Krımda hərbi parad keçirərək qeyd elədi. Putinin Krıma gedişi və orada parad keçirməsi BMT-nin baş katibi, NATO rəhbərliyi, Avropa Parlament Assambleyası, ABŞ və bir sıra aparıcı dövlətlər tərəfindən dərhal qətiyyətlə pislənildi. Rusiya rəhbərliyi Ukrayna dövlətinin ərazi bütövlüyünü və beynəlxalq qanunları pozmaqda ittiham olundu. Halbuki cəmi bir gün öncə Ermənistan rəhbərliyi də Azərbaycana və beynəlxalq qanunlara qarşı eyni pozuntunu həyata keçirmişdi. Ancaq buna reaksiya olmadı.
Beynəlxalq qurumların, başda ABŞ olmaqla Qərbin bu ayrı-seçkiliyinin səbəbləri barədə danışan politoloq Qabil Hüseynli bildirdi ki, bu fakt Qarabağ məsələsinə Qərbin ikili standartla yanaşmasının əyani təzahürüdür. Qərb dövlətləri Dağlıq Qarabağ probleminin bünövrəsindən bu işə o qədər də pozitiv yanaşmayıblar. Yəni obyektiv siyasi qiymət verməyiblər: “Burada həm xristian təəssübkeşliyi, həm erməni lobbisinin müəyyən dairələrə təsiri, həm də digər maraqlar öz təsirini göstərib. Xristian dünyası müsəlman dövlətləri içərisində bir xristian anklavının yaranmasını açıqda da olmasa, gizlində təəssübkeşliklə qarşılayırlar. Bu prosesin uğurlu getməsinə açıq da olmasa gizli formada öz hüsnü-rəğbətlərini bildirirlər.
Bəli, hər iki hadisə mahiyyət etibarilə oxşar hadisə idi. Açıq provakasiya xarakteri daşıyan, işğalçının işğal edilmiş əraziyə gəlib orada əzələ nümayiş etdirməsi, hətta Dağlıq Qarabağda Ermənistan müdafiə nazirinin daha uzaq gedən bəyanatlar verməsi Qərb tərəfindən də, beynəlxalq qurumlar tərəfindən də sükutla qarşılandı. Mənə belə gəlir ki, Qərb dünyası Krımdan da böyük əraziləri işğal edilmiş Azərbaycanın problemlərinə obyektiv yanaşmırlar. İkili standartlar özünü açıq göstərir. Qərb sanki burada özünün strateji maraqlarını görmür. Yaxud da özünün strateji maraqlarını Ermənistanın timsalında görür. Bu səbəbdən də Qarabağ probleminə, işğalçı Ermənistanın prezidentinin, nazirlərinin Azərbaycan ərazisi olan Şuşada işğal gününün ildönümünü keçirməsinə beynəlxalq konvensiyaların tələbinə uyğun münasibət göstərmir".
Q.Hüseynli onu da bildirdi ki, beynəlxalq birliyin heç bir reaksiya verməməsi işğalçını daha da həvəsləndirir və Serj Sərkisyan Azərbaycan ərazilərinə öz əraziləri kimi baxır. Beləliklə də konfliktin həll olunmamış qalmasında, region üçün təhlükə mənbəyi rolunu oynamasında beynəlxalq birliyin reaksiyasızlığı da öz təsirini göstərir.
Politoloq vurğuladı ki, Azərbaycan hakimiyyəti Ermənistan prezidentinin və nazirlərinin BMT tərəfindən tanınan Azərbaycan ərazilərinə qanunsuz gəlişinin beynəlxalq konvensiyaların ciddi şəkildə pozulması olduğunu BMT və digər beynəlxalq qurumlar qarşısına qaldırmalıdır. Beynəlxalq təşkilatlardan Ermənistan rəhbərliyinin addımına reaksiya vermələrini tələb etmək lazımdır: “Aparıcı dövlətlərin də nəzərinə çatdırılmalıdır ki, beynəlxalq konvensiyaların pozulmasına reaksiya versinlər. Azərbaycan xüsusi bəyanat verməli və başqa dövlətin prezidentinin Azərbaycan ərazisinə icazəsiz gəlməsinin beynəlxalq ictimai rəyə hörmətsizlik olduğunu bildirməli və beynəlxalq birlikdən məsələyə münasibət tələb etməlidir”.
Musavat.com





































































































