Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

621798

Son dövrlərdə D vitamini və sink əlavələrinin istifadəsi geniş yayılıb. Bir çox insanlar sosial şəbəkələrdə və ya müxtəlif mənbələrdə eşitdikləri məlumatların təsiri ilə həkim məsləhəti almadan bu əlavələri qəbul edirlər. Halbuki, vitamin və mineralların orqanizmdə mühüm rolu olsa da, onların nəzarətsiz və ehtiyac olmadan qəbulu müəyyən sağlamlıq riskləri yarada bilər.

Xüsusilə də D vitamini və sink əlavələrinin hormonal balansı pozması ilə bağlı müxtəlif iddialar irəli sürülür. Belə deyilir ki,  bu maddələr qadınlarda testosteron səviyyəsini artırır.  

Bu iddiaların elmi əsasları varmı?

Endokrinoloq Afət Şükürova Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu barədə elmi sübutlar məhduddur və ona görə də sadalanan vitaminlərin qəbulunun hormonal dəyişikliklər yaratması orqanizmin vəziyyətindən asılıdır:

“D vitamini çatışmazlığı olan insanlarda səviyyənin normaya gətirilməsi bəzi hormon göstəricilərinə təsir edə bilər. Ancaq testosteronu əhəmiyyətli şəkildə artırdığı qəti şəkildə sübut olunmayıb. Amma sink çatışmazlığı testosteron istehsalına mənfi təsir göstərə bilər. Sink səviyyəsi normal olan insanlarda özü də bilmədən yüksək dozada sink qəbul etməsi testosteronu artıra bilər. Ona görə də vitaminlərin nəzarətsiz və yüksək dozada qəbulu risklidir”.

Həkim əlavə etdi ki, ümumiyyətlə D vitamininin həddindən artıq qəbulu qanda kalsiumun yüksəlməsinə, böyrək problemlərinə səbəb ola bilər.

Sinkin uzun müddət yüksək dozada qəbulu isə mis çatışmazlığına, qan göstəricilərinin pozulmasına, ürəkbulanma və digər problemlərə yol aça bilər.

“Adətən qadınlarda testosteron hormonunun artması böyrəküstü vəz problemləri və ya digər hormonal vəziyyətlərlə daha çox bağlı olur.  Bu zaman qadında həddindən artıq tüklənmə, səsdə qalınlaşma, menstrual pozğunluqlar, saç tökülməsi müşahidə olunur”, - deyə həkim diqqətə çatdırdı.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO