Urmiyənin İran parlamentindəki nümayəndəsi, azərbaycanlı millət vəkili Nadir Qazipur Mahabadın (Soyuqbulaq) kürd deputat Osman Əhmədinin tələbinə tutarlı cavab verib. O, Əhmədinin Mahabad şəhəri mərkəzi olmaqla “Şimali Kürdistan” vilayətinin (ostan) yaradılmasını qəbuledilməz olduğunu bildirərək bəyan edib ki, “Əhmədinin fikirləri daha çox təbliğ xarakteri daşıyır və Mahabadlılarla Tikantəpəlilərin (Tikablılar) rəqabəti ilə bağlıdır. Bu məsələ qətiyyən həyata keçirilə bilməz. Birincisi ona görə ki, bu şəhərlərin əhalisi azdır, ikincisi isə bəs qoşaçaylı, sayınqalalı və tikantəpəli aslan kimi kişilər necə olacaq...?! Onlar buna imkan verməzlər...”. Azərbaycanlı millət vəkili vurğulayıb ki, “Azərbaycan Əminilər və Bakirilər kimi aslanların diyarıdır və heç bir şəkildə Azərbaycanın parçalanmasına icazə vermərik”. N.Qazipur kürd deputatın fikirlərinin təhlükəsizliyə qarşı yönəldiyinə də işarə edib: “Bir neçə ildir dövlət qüvvələrinin cəhdi nəticəsində bölgədə əmin-amanlıq yaranıb. Bu kimi məsələlərin gündəmə gətirilməsi məntəqə əhalisinin ziyanınadır”.
Xatırladaq ki, kürd deputat İran parlamentindəki çıxışında Azərbaycan torpaqlarını əhatə edən “Şimali Kürdistan” adlı vilayətin yaradılması tələbini irəli sürüb. GünAz TV xəbər verir ki, Güney Azərbaycanın qərb bölgəsinə göz tikən terrorçu kürd qruplaşmaları və həmçinin onları rəsmi orqanlarda olan uzantıları öz fəaliyyətlərini müxtəlif istiqamətlərdə davam etdirirlər. Məlumata görə, Qərbi Azərbaycanın Mahabad (Soyuqbulaq) şəhərinin İran parlamentindəki millət vəkili yanvarın 5-də (deyin 15-də) parlamentdə çıxış edib. Bu çıxış jurnalistlərin xüsusi diqqətini çəkib. Kürd deputat daha 10 vilayətin yaradılıb ölkə vilayətlərinə əlavə edilməsini və Mahabad şəhəri mərkəz olmaqla “Şimali Kürdistan” vilayətinin yaradılmasını istəyib. O.Əhmədi kürdlərin əksəriyyətinin Həsən Ruhaniyə səs verdiyini xatırladıb və ölkə prezidentindən verdiyi sözlərə əməl etməsini istəyib. O bildirib ki, “Mahabad əhalisinin anayasa çərçivəsində haqlı və məntiqli gözləntiləri var. Hansıki, bu gözləntilər cənab Ruhaninin vətəndaş hüquqlarından olan tərifində də öz əksini tapıb. Lakin, anayasanın bəzi əsllərinə (maddə) əməl olunmayıb. Ümid edirik ki, cənab Ruhaninin dönəmində anayasanın 15 və 19-cu maddələri icra olunacaq”.
Qeyd edək ki, necə ki, Türkiyədə PKK terror təşkilatının BDP adı altında toplaşan millət vəkilləri kimi uzantısı var, İranda da kürd terrorçu qruplaşmalarının dövlət içində uzantıları var. Məsələ onda qəlizləşir ki, bu uzantılar Azərbaycana qarşı mövqe tutub və fəaliyyət göstərəndə dövlət orqanları buna susur. Bu proses uzun illərdir gedir və Qərbi Azərbaycanda kürdləşdirmə prosesinin canlanmasında bir başa fars şovinizmi və İran rejiminin danılmaz rolu var. Son vaxtlar Azərbaycanın cənub və şimal torpaqlarını da əhatə edən “Kürdüstan” xəritələrinin yayılmasından, İraq kürdlərinin lideri Bərzaninin kürd separatçılarını ruhlandıran çıxışlarının ardınca baş verənlər Güney Azərbaycanda həyəcan doğurub.



































































































