Seçki kampaniyasını davam etdirən Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan Ermənistana köçən erməni revanşist Artur Osipyanı rəzil duruma salıb.
Bizim.Media xəbər verir ki, Osipyanın küçədə Paşinyana barmaq silkələyələrək Qarabağla bağlı tənqidlər səsləndirməsinə Baş nazir sərt reaksiya verib.
O, Osipyan və digər revanşistlərin döyüşmək yerinə qaçmağı seçdiklərini qeyd edib:
“Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var. Gəlib indi isə mənə barmaq silkələyir. Qarabağın yalançı elitası, hamınız rədd olun buradan. Siz kimsiniz axı?! Buna bax deyir “Artur Osipyanam”, başınızı vurun divara, gedib övladlarımızın yerinə siz həlak olardınız da bəs. Talançı heyvanlar. Siz Qarabağ xalqını da girov götürmüşdünüz, bəli girov götürmüşdünüz Qarabağın xalqını. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız.
Əgər siz belə Qarabağ məsələsi qaldıransınızsa, onda gedib həlak olardınız. Niyə sağsınız?! Sən nə üçün sağsan ki, indi də gəlib mənimlə 5 min nəfər qurban barədə danışırsan?! Bəs Şahramanyan nə üçün sağdır?! Hələ o biriləri – indi parlamentdə əyləşənləri demirəm. Niyə həlak olmadılar? Qarabağın yalançı elitasından heç kim indi Qarabağ məsələsindən danışmasın.
İndi Ermənistanda Qarabağın “Milli Məclisi” var, “Qarabağ hökuməti” var. Hamısını kökündən təmizləyəcəm. Vaxtında mübarizə aparardınız ay qaçıb aradan çıxanlar, indi mübarizə aparmaq vaxtı deyil. Konkret bax bunun kimilər (Artur Osipyan nəzərdə tutur – red.), gəlib indi burada mənə barmaq silkələməyə cəsarət etməyin”.
Paşinyan keçmiş prezidentləri və digər revanşist liderləri də hədəf alıb:
“Mən Robi (Robert Koçaryan), Serj (Serj Sarkisyan), Kaluqatsu (Samvel Karapetyan), Qaqonun (Qaqik Tsarukyan) rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm: sizin kökünüzü kəsəcəm Ermənistandan. Açıqlama verin görək, siz niyə hələ də yaşayırsınız?! Hələ bir də gəlib 5 min qurban deyirsiniz. Nə üçün qurban 5 min olub?! Siz nə üçün o qurbanların içində deyilsiniz?!”
Qeyd edək ki, Artur Osipyan 2023-cü ildən əvvəl Qarabağda məskunlaşıb. O, Qarabağda yaşadığı dövrdə Paşinyanı dəstəkləyirdi.
Bizim.Media
































































































