Amaliya Pənahovanın barelyefi qoyuldu - FOTO

Hazırda oxunan: Amaliya Pənahovanın barelyefi qoyuldu - FOTO

30915

Avqustun 2-də görkəmli teatr və kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahovanın (1945-2018) Bakı şəhərində yaşadığı binanın (Fikrət Əmirov küçəsi 1) fasadında barelyefinin açılış mərasimi keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, mərasimdə mədəniyyət naziri Anar Kərimov, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Həmidə Ömərova, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Rasim Balayev və aktrisanın digər həmkarları iştirak ediblər.

Mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək Amaliya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Amaliya Pənahovaya həsr edilən film çəkildi - VİDEO


Anar Kərimov bildirib ki, Amaliya xanım 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə “Əməkdar artist”, 1985-ci ildə isə Azərbaycan SSR-in “Xalq artisti” fəxri adları verilib. 1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə Türk dünyası kino festivalında türk xalqlarının altı populyar artisti sırasında adı qeyd olunub.

Böyük sənət fədaisi 1995-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” ordenlərinə, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Amaliya Pənahovanın həyat və fəaliyyətindən söz açıb. Deyib ki, Amaliya xanımın çalışdığı teatr, kinostudiya və deputatı olduğu Milli Məclis onun evi idi: “Onun ifa etdiyi rollar yaşayır və bundan sonra da yaşayacaq.

Bir arzusu var idi ki, Təhminə roluna yenidən çəkilsin. Ancaq amansız ölüm buna imkan vermədi. Nə yaxşı ki, bizim həyatımızda, ömrümüzdə Amaliya Pənahova kimi insan var idi”.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev sənətkarın çoxşaxəli fəaliyyətindən bəhs edib: “Amaliya xanım Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yaxından iştirak edirdi. O, xalqına sənəti kimi bağlı insan idi”.
 

Xalq artistləri Azər Paşa Nemətov, Rasim Balayev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digər çıxış edənlər unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüb, onun sənət dünyasından bəhs ediblər.


Sonra müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan barelyefin açılışını bildirən qırmızı lent kəsilib.

Qeyd edək ki, Xalq artisti Amaliya Pənahovanın barelyefi Nazirlər Kabinetinin 21 iyun 2019-cu il tarixli sərəncamına əsasən hazırlanıb. Sərəncamda sənətkarın yaşadığı binaya onun xatirə lövhəsinin vurulması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO