Əsirlikdə insanlıq sınağı - Nəsimi Musayevin ürəkdağlayan görüntüləri suallar YARATDI - VİDEO

Əsirlikdə insanlıq sınağı - Nəsimi Musayevin ürəkdağlayan görüntüləri suallar YARATDI - VİDEO

Hazırda oxunan: Əsirlikdə insanlıq sınağı - Nəsimi Musayevin ürəkdağlayan görüntüləri suallar YARATDI - VİDEO
643833
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin görüntülərinin yayılması əsirlərlə rəftar məsələsini yenidən gündəmə gətirib. Yayılan kadrlardan sonra hərbçinin vəziyyəti və saxlanma şəraiti ətrafında müzakirələr artıb.

Ürəkdağlayan görüntülərdə Azərbaycan əsgəri axsaya-axsaya hərəkət edir. Başının, qolunun və bədəninin sarğılarla örtüldüyü görünür. Onun yerişindəki çətinlik və bədənindəki sarğılar hərbçinin fiziki vəziyyəti ilə bağlı ciddi narahatlıq doğurur. Bu kadrlar onun sağlamlıq vəziyyəti, tibbi yardım alıb-almaması və saxlanma şəraiti ilə bağlı suallar yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib


Azərbaycan hərbçisinin başının, qolunun və bədəninin sarğılarla örtülməsi, hərəkət edərkən çətinlik çəkməsi onun xəsarət aldığını açıq şəkildə ortaya qoyur. Bu mənzərə istər-istəməz bir sıra ciddi suallar yaradır:

Hərbçi hansı şəraitdə xəsarət alıb? Ona vaxtında və lazımi tibbi yardım göstərilibmi? Hazırda səhhəti nə yerdədir?

Xüsusilə diqqətçəkən məqam odur ki, söhbət qarşı tərəfin nəzarətində olan Azərbaycan hərbçisindən gedir. Belə bir vəziyyətdə onun sağlamlığı və saxlanma şəraiti ilə bağlı məsuliyyət məsələsi ön plana çıxır. Görüntülərdəki sarğılar və axsama xəsarətlərin ciddiliyi ilə bağlı narahatlığı artırsa da, onların səbəbini yalnız bu kadrlardan müəyyənləşdirmək mümkün deyil.

Amma məsələni daha həssas edən məqamlardan biri müharibə və münaqişələr zamanı Azərbaycan tərəfinin saxladığı erməni hərbçilərlə rəftarın müqayisə olunmasıdır. İctimai müzakirələrdə onların yemək, yaşayış və tibbi təminatla qarşılanmasına dair görüntülər xatırladılır. Ancaq burada əsas sual təkcə kimin əsirə daha yaxşı şərait yaratması deyil.
 

Əsas məsələ, beynəlxalq hüququn əsir götürülmüş hərbçiyə necə davranılması və bu tələblər pozulduqda hansı məsuliyyətin yaranmasıdır?


Cenevrə Konvensiyası nəyi tələb edir?

Əsir götürülmüş hərbçilərlə rəftarın əsas hüquqi çərçivəsini 1949-cu il tarixli Üçüncü Cenevrə Konvensiyası müəyyən edir. Bu sənəd müharibə əsirlərinin hüquqlarını, saxlanma şəraitini, tibbi təminatını və insan ləyaqətinin qorunmasını tənzimləyir. Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri budur ki, əsir düşən şəxs artıq döyüş meydanında qarşı tərəfin əsgəri olsa da, əsirlikdə olduğu müddətdə zorakılıq və alçaldıcı rəftara məruz qala bilməz.

Konvensiyanın 13-cü maddəsi açıq şəkildə tələb edir ki, müharibə əsirləri hər zaman humanist rəftara məruz qalmalıdırlar. Onlar zorakılıqdan, hədələnmədən, təhqirdən və ictimaiyyət qarşısında alçaldılmaqdan qorunmalıdırlar. Əsirə qarşı ölümünə və ya sağlamlığının ciddi təhlükəyə düşməsinə səbəb olan qanunsuz hərəkətlər də qadağandır. Ən mühüm məqamlardan biri isə budur ki, qarşı tərəfin əsirlərlə pis rəftarı digər tərəfə öz əsirlərindən qisas almaq hüququ vermir.
 

Konvensiyanın 14-cü maddəsi isə əsirlərin şəxsiyyətinə və şərəfinə hörmət edilməsini tələb edir. Bu, təkcə döyülməmək və ya fiziki xəsarət almamaq demək deyil. İnsanın ləyaqətini alçaldan, onu qəsdən təhqir edən və mənəvi iztiraba məruz qoyan davranışlar da hüquqi qiymətləndirmə tələb edə bilər.


Hərbçi sərhədi səhvən keçibsə?

Əgər hərbçi həqiqətən istiqaməti səhv salaraq qarşı tərəfin ərazisinə keçibsə və heç bir hücum və ya düşmənçilik niyyəti olmayıbsa, qarşı tərəf yalnız qanuni əsaslar olduqda şəxsi müvəqqəti saxlaya bilər. Saxlanma özbaşına və qeyri-müəyyən müddətə davam etdirilə bilməz. Ona işgəncə verilməsi, fiziki zorakılıq göstərilməsi və ya ləyaqətini alçaldan rəftar edilməsi isə yolverilməzdir.

Əsirə yardım edilməsi öhdəlikdir...

Beynəlxalq hüquq əsir götürülmüş hərbçilərin saxlanma şəraitinə dair konkret tələblər müəyyən edir. Üçüncü Cenevrə Konvensiyasına əsasən, əsiri saxlayan tərəf onu kifayət qədər qida və içməli su, geyim, yaşayış yeri və zəruri tibbi yardımla təmin etməlidir. Bu öhdəliklər əsirin hansı ölkənin vətəndaşı olmasından, hansı orduda xidmət etməsindən və ya qarşı tərəfin əsirlərlə necə davranmasından asılı deyil. Çünki əsirlik cəza deyil və əsir düşmək insanı hüquqlarından məhrum etmir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan tərəfi hər məsələdə qarşı tərəfə hər zaman humanistliyini nümayiş etdirib. Müharibə zamanı Azərbaycana əsir düşmüş erməni hərbçilərin həyatını necə xilas etdikləri, onlara yemək verildiyini, geyim və tibbi yardımla təmin olunduğunu, onlar üçün lazımi şərait yaradıldığını ictimaiyyətə yayılan videogörüntülərdə dəfələrlə görmüşük. Bəs eyni münasibət Ermənistanın əsir saxladığı Azərbaycan əsgərinə niyə göstərilməsin?
 

Nəsimi Musayevin görüntüləri ilə bağlı yaranan suallar da məhz bu baxımdan cavablandırılmalıdır. Onun hansı şəraitdə xəsarət aldığı, tibbi yardımın necə təşkil edildiyi və hazırda hansı vəziyyətdə olduğu barədə aydın məlumat verilməlidir. Çünki onun da ailəsi, doğmaları, yolunu gözləyənləri var. Bu gün Nəsimi Musayevin sağlamlığı ilə bağlı verilən hər bir sualın arxasında bir ailənin nigarançılığı, bir xalqın narahatlığı dayanır.


Beynəlxalq hüquq pozularsa, məsuliyyəti nədir?

Əsirə qarşı zorakılıq, işgəncə, qəsdən alçaldıcı rəftar və ya zəruri tibbi yardımın göstərilməməsi barədə əsaslı şübhələr yaranarsa, hadisənin bütün halları araşdırılmalıdır. Hüquq pozuntusunun xarakterindən və ağırlığından asılı olaraq, məsələ dövlətin beynəlxalq məsuliyyətinə, ayrı-ayrı şəxslərin isə cinayət məsuliyyətinə səbəb ola bilər. Cenevrə Konvensiyalarının ciddi pozuntuları müəyyən şərtlərlə hərbi cinayət hesab olunur.

Nəsimi Musayevin işi ilə bağlı bir məqam da diqqət çəkir. Onun hərbçi olması avtomatik olaraq müharibə əsiri sayılması demək deyil. Bunun üçün münaqişənin hüquqi statusu və onun hansı şəraitdə saxlanıldığı nəzərə alınmalıdır. Hazırda onun Ermənistan ərazisində saxlanıldığı və barəsində cinayət işi açıldığı bildirilir. Buna görə də ona hansı hüquqi qaydaların tətbiq olunması bütün faktlar araşdırıldıqdan sonra müəyyən edilə bilər.

Ancaq bir məsələ aydındır: o, müharibə əsiri oldu-olmadı, əsgərimizin qeyri-insani rəftara məruz qalmasına yol verilməməlidir. Bu, beynəlxalq hüququn əsas tələblərindəndir.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO