Özəl məktəblərdə şagirdlərə mili-mənəvi dəyərlər aşılanmır? - AÇIQLAMA 

Özəl məktəblərdə şagirdlərə mili-mənəvi dəyərlər aşılanmır? - AÇIQLAMA 

Hazırda oxunan: Özəl məktəblərdə şagirdlərə mili-mənəvi dəyərlər aşılanmır? - AÇIQLAMA 

175018

Azərbaycanda dövlət ümumtəhsil müəssisələri ilə bərabər özəl məktəblər də fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil pulsuz, özəl məktəblərdə isə təhsil ödənişlidir. Bakıda ödənişli təhsil verən lisey və məktəblərdə qiymətlər kifayət qədər çoxdur. Qiymətlər onların yerləşdiyi ərazi, tədris dili, tədris apardığı proqram, nəqliyyat xərcləri və s. məsələlərə görə təyin edilir.

Valideynlər özəl məktəblər tərəfindən təyin edilən təhsil haqqını övladlarının daha keyfiyyətli təhsil almaları üçün ödədiklərini deyirlər.

Lakin Milli Məclisin üzvü Hicran Hüseynova həmin məktəblərin əksəriyyətinin uşaqların təhsilində milli zəmini unutduğunu deyib. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri komitənin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında bunun yaxşı hal olmadığını bildirb:

“Uşaqlarımız və gənclərimiz köklərimizə bağlı olmalıdır”.

Həqiqətən də özəl ümumtəhsil məktəblərində şagirdlərə mili-mənəvi dəyərlər aşılanmır? Özəl və dövlət məktəblərində tədris nə qədər fərqlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov deyib ki, özəl məktəblərdə tədris qanunvericiliyin tələblərinə uyğun aparılır:

“Qanunvericiliyə əsasən, ölkədə özəl təhsil müəssisələri fəaliyyət göstərə bilir. İstər dövlət, istərsə də özəl təhsil müəssisəsində təhsil dövlət standartlarına uyğun olaraq həyata keçirilir. O cümlədən, dövlət standartlarına uyğun olaraq qəbul edilmiş təhsil proqramları, kurikulum əsasında keçirilir.

Eyni zamanda, həm dövlət, həm də özəl təhsil müəssisələrinə icazə verilir ki, ödənişli əsaslarla beynəlxalq səviyyədə akkreditasiya olunmuş təhsil proqramı, yəni beynəlxalq kurikulumdan da istifadə olunsun. Hazırda 6 nömrəli məktəbdə Böyük Britaniyaya aid kurikulum proqramı və 132-134 saylı təhsil müəssisəsində isə həm Böyük Britaniya, həm də Fransa kurikulumları əsasında tədris aparılır.

Özəl təhsil müəssisələrində də əsasən Böyük Britaniya və Fransa kurikulumları keçirilir”.

Ekspert hesab edir ki, hansı məktəbdən söhbət gedirsə, həmin məktəbin konkret adı çəkilməlidir:

“Hər bir özəl məktəb təhsil haqqının məbləğini özü müəyyən edir. Özəl olmasına baxmayaraq qanunvericiliyə əsasən, lisenziya ilə fəaliyyət göstərirlər. Onlara lisenziyanı İqtisadiyyat Nazirliyi verir. Amma hər 5 ildən bir qanunvericiliyə uyğun olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi həmin təhsil müəssisələrini akkreditasiyadan keçirməlidir. Akkreditasiya zamanı kadr hazırlığından başlayaraq beynəlxalq kurikulumların tədrisinin vəziyyəti, milli və ümumbəşəri dəyərlərin şagirdlərə nə dərəcədə aşılanması və s. yoxlanılır.

Əgər deputat hansı məktəbdə bunun olmadığını deyirsə, onda həmin təhsil müəssisəsində deputatın yaxının övladı təhsil alır. Bu kimi hallarda konkret məktəbin adı çəkilsin. Çünki bizim uğur qazanan özəl təhsil müəssisələrimiz kifayət qədərdir. Əgər bu kimi hal varsa, buna görə həmin təhsil müəssisəsini akkreditasiya edən qurum məsuliyyət daşıyır.

Çünki şagirdlərin milli və bəşəri dəyərlər zəminində hazırlanması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ümumtəhsil məktəbinlərində hansı işlərin görülməsi yoxlanılır. Əgər şagirdlərə bu aşılanmırsa, demək ki, akkreditasiya yaxşı keçirilmir. Akkreditasiya keçirilirsə və bunlar yoxlanılırsa, demək ki, bu, deputatın subyektiv fikridir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO