Günümüzdə yaxın qohumların, dostların evlərinə qonaq getmək adətimiz zəifləyib. Artıq çox az halda qonaq gedirik. Halbuki çox yox, 10 il qabaq belə deyildi.
Maraqlıdır, bu adətin sıradan çıxmasına səbəb nədir?
Klinik psixoloq Fuad Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O qeyd edib ki, bəşəriyyətin inkişafı, varlığını sürdürməsi və rifahı hər zaman sosiallaşmanın hesabına olub:
“Yalnız sosiallaşan, qrup yaratmağı bacaran insanlar özlərini gerçəkləşdirə və yaxşı həyat yarada bilərlər. Bəs, qrup necə yaradılır? İlk vaxtlarda bu, özünü tayfa və qəbilə yaratmaq şəklində göstərirdi. Daha sonra evliliklər hesabına qohumluq əlaqələri yaradıldı və birliklər formalaşdı. Hətta uzun bir dövr dövlət işlərində belə, evliliklər diplomatiyanın bir parçası idi. Son illərə qədər də qohumlarla münasibətin önəmi öz aktuallığını qoruyurdu. Gediş-gəlişin olması və qohumlarla daimi əlaqə həm sosiallaşmanın, həm də birlik yaratmağın demək olar ki, yeganə üsulu idi.
Amma sonra sosial şəbəkələr həyatımıza daxil oldu.
İnsanlar sosial şəbəkələr vasitəsilə heç tanımadıqları şəxslərlə əyləncəli və səmərəli münasibət yaratmağa başladılar. Sosial şəbəkələr inkişaf etdikcə insanların iş həyatına da təsirsiz ötüşmədi. İnsanlar sosial şəbəkələr vasitəsilə heç bir əziyyət çəkmədən özləri üçün faydalı olan münasibətləri qura bildilər. Bu gün sosial şəbəkə vasitəsilə siz özünüzə xaricdə iş tapa, pul qazana və münasibətlər yarada bilərsiniz. Belə olduqda qohumluq əlaqələrinin davamlılığının önəmi aşağı düşməyə başlayır.
Bundan başqa, insanlar darıxdıqları qohumları ilə videogörüntülü danışa bilirlər. Yəni artıq əziyyət çəkib, qonaq getməyə ehtiyac yoxdur. İnsanlar bir telefon qədər bir-birlərinə yaxındılar”.
Ekspert vurğulayıb ki, sözügedən məsələdə kapitalist sistemin də rolu böyükdür:
“Kapitalizm sizi məcbur edir ki, çox işləyəsiniz. Kapitalist sistemdə həyatda qalmaq üçün sizin işinizi çox düşünməyiniz lazımdır. Nəticədə qohumlarla zaman keçirməyə vaxt azalır. Burada önəmli rol oynayan məsələlərdən biri də odur ki, son 15-20 ildə dünya sürətlə dəyişməyə başladı. Bu, gənclərin daha çox anladığı bir dünyadır.
Əslində, həmişə belə olub. Amma tarixin heç bir dövründə iki nəsil arasındakı düşüncə fərqi bu qədər böyük olmayıb. Hal belə olduqda gənclər qohumları ilə münaqişələr yaşamağa başlayırlar. Hansı tərəfin haqlı olduğunu əlbəttə, zaman göstərəcək. Amma fakt budur ki, tərəflər üçün birlikdə vaxt keçirmək artıq o qədər də maraqlı deyil. Qohumluq əlaqələrinin möhkəmliyinin pozulmaması üçün hər iki tərəf dövrə uyğunlaşmağa çalışmalıdır”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 02.01.2024
Yadlaşan QOHUMLAR - Qonaq getmək adətimiz niyə zəifləyib?
Hazırda oxunan: Yadlaşan QOHUMLAR - Qonaq getmək adətimiz niyə zəifləyib?
Hazırda oxunan: Yadlaşan QOHUMLAR - Qonaq getmək adətimiz niyə zəifləyib?
171739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.