“Mənim ailəm yumruq kimi olmalıdır. Beş barmaqdan biri açılsa, onu kəsib ataram”, “Yüz belə anonim yazılar yazılsa da, mən öz işimdən dönən deyiləm”, “Torpağa arxa çevirən, sabah çörəyə möhtac qalar” kimi yadda qalan ifadələrlə tamaşaçıların hafizəsində dərin iz buraxan Mirzə İbrahimovun “Böyük Dayaq” əsəri və eyniadlı filmi bu gün də böyük maraqla xatırlanır.
Azərbaycan ədəbiyyatında kənd həyatını, torpaqla insan münasibətlərini, mənəvi dayaqları, ailə idarəçiliyini dərin realizmlə əks etdirən əsərlər sırasında “Böyük Dayaq” xüsusi yer tutur. Bu əsərin əsas ideya-bədii yükünü daşıyan obrazlardan biri isə Rüstəm kişidir. O, təkcə hadisələrin iştirakçısı deyil, həm də xalq təfəkkürünün, milli mənəviyyatın və həyat fəlsəfəsinin daşıyıcısıdır. Bu keyfiyyətlər onun nitqində işlənən zərbi-məsəllər və həyat mövqeyi ilə daha aydın görünür.
“Böyük Dayaq” əsərində Rüstəm kişi sadəcə kolxoz sədri deyil.
O, ayağını torpağa, kürəyini vicdanına söykəyən Azərbaycan kişisinin bədii simvoludur. Onun gücü vəzifəsində deyil, düz duruşunda, təmiz adında və halal mövqeyindədir. Rüstəm kişinin həyatında ən böyük qanun namusdur. O, bu anlayışı nə şüar kimi səsləndirir, nə də kiməsə öyrətməyə çalışır — sadəcə yaşayır. Kolxozun malına toxunanı da, işdən yayınanı da bağışlamır. Çünki onun düşüncəsində kolxozun malına xəyanət edən insan əslində öz vicdanını talayır.
Beləliklə, “Böyük Dayaq” romanında hamının sevgi və hörmətlə yanaşdığı Rüstəm kişi obrazı sərtliyi, yüksək idarəçilik qabiliyyəti, namuslu və vicdanlı əmək fəaliyyəti ilə seçilən, ailəsini və dəyərlərini qoruyan əsl Azərbaycan kişisidir.
Rüstəm kişi kimi obrazların yaradılması təsadüfi deyil.
Yazıçılar əsərlərini qələmə alarkən çox zaman real insanların həyatını bədiiləşdirirlər. “Böyük Dayaq” da belə əsərlərdən biridir. Xalq yazıçısı Mirzə İbrahimov bu romanı yaxın dostluq münasibətində olduğu Sosialist Əməyi Qəhrəmanı Rüstəm Allahverdi oğlu Əliyevin həyat və fəaliyyətinin prototipi əsasında yazıb. Romandakı bir çox hadisələr, hətta bəzi obrazlar, bədiiləşdirilsə də, real həyatda mövcud olub.
Bu barədə Bizim.Media-nın yerli bürosuna danışan Rüstəm Əliyevin nəvəsi Allahverdi Əliyev babasının “Böyük Dayaq” əsərindəki Rüstəm kişinin əsas prototipi olduğunu təsdiqləyib:
“Mənim babam Əliyev Rüstəm Allahverdi oğlu Mirzə İbrahimov və Səməd Vurğunla yaxın dost olub. Hər iki ədib dəfələrlə babamın dəvəti ilə bizə qonaq gəlib. Mirzə İbrahimov babamı yaxından tanıyırdı, onun xarakterini və xüsusiyyətlərini yaxşı bilirdi. Babam əsl Azərbaycan kişisinə xas xüsusiyyətlərə malik idi. O, ailəsinə çox bağlı, namuslu, zəhmətkeş, işini sevən, rəhbərlik etdiyi sahələrin inkişafına çalışan bir insan idi. Bu gün də o zamankı Səfərəliyev, indiki Samux rayonunda Rüstəm Əliyev böyük hörmətlə xatırlanır”.
İlahiyyatçı Hacı Əlisəftər Səfərəliyev də Rüstəm Əliyevin həmin obrazın prototipi olduğunu bildirib:
“Rüstəm Əliyev o zamanların ən qabaqcıl kolxoz sədrlərindən biri olub. Sosialist Əməyi Qəhrəmanı adı ona təsadüfən verilməyib. O, əlinin zəhməti, gecə-gündüz çalışqanlığı ilə bütün uğurları qazanıb. “Böyük Dayaq”dakı qətiyyətli, mübariz, hamının qayğısına qalan Rüstəm kişi obrazı məhz Rüstəm Əliyevin prototipidir”.
Onun sözlərinə görə, Sosialist Əməyi Qəhrəmanı Rüstəm Əliyev o dövrdə Gəncənin Fəxri xiyabanında dəfn olunan ilk tanınmış şəxslərdən biri olub.
Bəzən filmin başqa rayonda çəkildiyini və Rüstəm kişi obrazının başqa bir şəxsin prototipi olduğunu deyənlər də olur. Əlisəftər Səfərəliyev bununla bağlı filmdəki bir epizodu xatırladaraq diqqət çəkib:
“Filmin bir epizodunda Lal Hüseynlə Yarməmmədin dialoqu var. Yarməmməd deyir ki, yastı Salman 5000 manat istəyir, bunun üçün kolxozun heyvanlarından oğurlayıb ona verilməlidir. Lal Hüseyn cavabında deyir ki, yaxşı, denən axşam 100 toğlunu gəlib Sarıqamışdan aparsın. Sarıqamış o zamankı Səfərəliyev, indiki Samux rayonunun köklü kəndlərindəndir.
Mirzə İbrahimov bu hissədə hadisələrin məhz Samux rayonu ilə bağlı olduğunu göstərir. Bundan başqa da çoxlu faktlar var ki, romanın məhz “Qırmızı Oktyabr” kolxozunun həyatını əks etdirdiyini, Rüstəm obrazının isə Rüstəm Əliyev üzərində qurulduğunu təsdiqləyir”.
Rüstəm Əliyevin nəvəsi Allahverdi Əliyev bir sıra başqa məqamları da açıqlayıb.
Onun sözlərinə görə, romanda bədiiləşdirilmiş bəzi obrazlar real həyatda Əliyevlər ailəsinin nümayəndələri olub:
“Romanda qələmə alınan obrazlar arasında yaxın qohumlarımız var. Məsələn, oradakı Qaracə obrazı əmim Davud, Telli obrazı bizim Ədilə, partkom Şirzad isə bibimin həyat yoldaşı Paşa dayı idi. O, babamın rəhbərlik etdiyi “Qırmızı Oktyabr” kolxozunda partiya komitəsinin sədri olub və sonradan bibimlə ailə qurub”.
Müsahibimizin sözlərinə görə, filmdə əks olunan bəzi hadisələr də real həyatdan götürülüb. O bildirib ki, əsərin sonunda Rüstəm kişinin başından zərbə alaraq xəstəxanaya düşməsi də həyat hadisələrinin bədii təcəssümüdür.
Allahverdi Əliyev babasının həyat və fəaliyyəti ilə bağlı başqa mühüm məqamları da xatırladıb.
Onun sözlərinə görə, Rüstəm Əliyev “Qırmızı Oktyabr” kolxozunun inkişafı üçün böyük zəhmət çəkib:
“Babam zəhmətkeş insan idi. Kolxozun inkişafı, kənd camaatının maddi və mənəvi rifahının yüksəlməsi üçün bütün çətinliklərə qatlaşırdı. O, təsərrüfatda yüksək məhsul almaq üçün elmin ən müasir üsullarından istifadə edirdi. “Qırmızı Oktyabr”da əldə olunan yüksək məhsuldarlıq bir çox alimlərin diqqətini cəlb edirdi. Görkəmli alimlər – Həsən Əliyev, Abdulla Qarayev, Firuz Məlikov, Cəbrayıl Hüseynov, İman Mustafayev öz elmi təcrübələrini məhz babamın rəhbərlik etdiyi təsərrüfatlarda həyata keçiriblər”.
O əlavə edib ki, Rüstəm Əliyevin yüksək idarəçilik və quruculuq bacarığı ona Azərbaycanın qərb bölgəsində başqa böyük layihələrə də rəhbərlik etməyə imkan verib.
Belə ki, 1933-cü ildə ona o zamankı Göygöl Dövlət Təbiət Qoruğuna rəhbərlik etmək həvalə olunub:
“Babam Göygöl qoruğuna rəhbər təyin edildikdən sonra burada geniş quruculuq və abadlıq işlərinə başladı. O zaman qoruğun ərazisində bu günədək gəlib çatan və hamının “Ağ ev” adlandırdığı qonaq evini tikdirdi. O dövrdə Azərbaycanın alimləri, yazıçı və şairləri, elm adamları həmin “Ağ ev”də qonaq olublar. Biz özümüz də yay aylarında ailəlikcə orada qalırdıq. Rüstəm Əliyev doğrudan da qurub-yaradan insan idi. O, qoruğun bitki və heyvanat aləminin zənginləşdirilməsində böyük rol oynayıb”.
Rüstəm Allahverdi oğlu Əliyev 16 sentyabr 1903-cü ildə Xanlar rayonunun Sünnülər kəndində, indiki Samux rayonunun Füzuli kəndi ərazisində anadan olub. Yeniyetmə yaşlarından kolxoz quruculuğunda iştirak edib, kəndin su idarəsində çalışıb. 1929-cu ildən Səfərəliyev rayonunun “Qırmızı Oktyabr” kolxozunun sədri vəzifəsinə təyin olunub. Eyni zamanda 1933–1968-ci illərdə Göygöl Dövlət Təbiət Qoruğunun müdiri işləyib.
Onun rəhbərliyi dövründə kənd təsərrüfatı inkişaf edib, kolxoz 1939-cu ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində iştirak edib. Rüstəm Əliyev keçmiş Sünnülər kəndində klub, hamam, kitabxana, yeni kolxoz binası tikdirib, sakinlərin evlərinə elektrik və radio çəkdirib.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1948-ci il tarixli fərmanı ilə Rüstəm Əliyev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, Lenin ordeni və “Oraq və Çəkic” qızıl medalı ilə təltif edilib. O, SSRİ Ali Sovetinin 5 çağırış, Azərbaycan SSR Ali Sovetinin isə 2-ci və 4-cü çağırış deputatı olub. 1968-ci ildən SSRİ-nin fərdi təqaüdçüsü idi. Rüstəm Əliyev 19 sentyabr 1974-cü ildə Gəncə şəhərində vəfat edib.
İllər keçsə də, tarixdə öz izini qoyan insanlar unudulmur. Sovet dövründə Samuxun bir kənd kolxozunu ittifaq miqyasında tanıdan, geniş quruculuq fəaliyyəti ilə yadda qalan Rüstəm Əliyevin əməyi yüksək qiymətləndirilib. O, haqqında məqalələr, oçerklər yazılan, bədii obrazlara çevrilən tarixi şəxsiyyətlərdən biri olub. Bu günə ondan xatirələr, şəkillər və xalq yaddaşında yaşayan hörmət gəlib çatıb.





Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu





































































































