Bu gün erməni vəhşiliyinin canlı nümunəsini bütün dünyaya sübut edən Quba "Soyqırımı Memorial Kompleksi"ndə səhər saatlarından etibarən anım mərasimi başlayıb.
Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Sonra Quba İH başçısı Ziyəddin Əliyev, Ombudsman Səbinə Əliyeva, Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli, millət vəkili Vahid Əhmədov, yerli DTX rəisi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər 1918-ci ildə Quba qəzasında erməni vandalizminin qurbanı olan dinc insanların xatirəsinə salınmış abidəni ziyarət ediblər.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstititunun şöbə müdiri Qəhrəman Ağayev anım mərasimi iştirakçılarına 2007-ci ildə aşkar edilmiş məzarlıq barədə ətraflı məlumat verib.
Sonra kompleksin Soyqırım muzeyinə baxış keçirilib. Qonaqlara burada təşkil olunmuş kitab sərgisində, soyqırımı tarixinə aid və 9 dildə çap edilən bukletlər təqdim edilib. Həmçinin kompleks əməkdaşlarının fəaliyyətini əks etdirən sertifikat və məlumatlarla tanış olublar.
Sonda Ombudsman Səbinə Əliyeva Azərbaycanlıların Soyqırımı ilə bağlı görülən işlər barədə jurnalistlərə açıqlama verib.
Qubada soyqırım tədbiri H.Əliyev mərkəzində Quba İcra Hakimiyyətinin, Ombudsman Aparatının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutan konfransla davam edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu