Tanınmış təhsil eksperti, professor, parlamentin təhsil komissiyasının keçmiş sədri Şahlar Əsgərov Azərbaycan təhsilinin mövcud problemləriylə bağlı Moderator.az-ın bir neçə sualını cavablandırıb.
- Ölkə təhsilini xərçəng kimi ağuşuna almış saxta diplom qalmaqalına bir çoxları belə rəy bildirir ki, nazirlik istəsə belə bu problemi kökündən həll etmək imkanında deyil. Məsələn, bəlli olub ki, testlə daxil olub təhsilini başa vuran məzuna saxta diplom, saxta yolla daxil olana isə həmin məzuna verilməli olan qanuni diplom verilib. Bir sözlə, bu xaosdan baş açmağın mümkün olmadığı da iddia olunur. Siz nə təklif edirsiniz ki, qurunun oduna yaş yanmasın və saxtakarlar ifşa olunsun?
-Vəziyyət həqiqətən də ağırdı. Problemlər zamanında həll edilməyəndə xərçəng kimi yayılmağa başlayır. Məlum bir misalda deyilir: “problemin həllinin yarısı, onun varlığının qəbul edilməsindədir”. Güman edirəm ki, nazirlik bu problemi həll edə biləcək, çünki onlar tərəfindən problemin varlığı qəbul edilir. Ancaq bu işdə nazirliyə digər səlahiyyətli dövlət qurumları (xüsusi ilə prokurorluq ) dəstək verməlidir. Unutmayaq ki, hər bir iddialı dövlət qonşu dövlətin təhsilinin zəifləməsində maraqlıdır. Çünki təhsil geosiyasətdir. Hər bir dövlətin təhlükəsizlik konsepsiyasında təhsilin xüsusi yeri var. Saxta diplomlar məhz qonşusunu zəiflətmək istəyən belə dövlətin arzusuna uyğundur. Saxta diplomlu insanlar tutduğu vəzifələri yarıtmır, ardıcıl səhv qərarlar qəbul edirlər, nəticədə isə dövləti zəifləyir. Saxta diplomların yayılmasının görünən tərəfi olduğu kimi, görünməyən tərəfi də var: 5-10 il öncə Moskva metrolarında açıq aşkar saxta diplomlar satılırdı. Bu diplomları əsasən orta asiyalılar və bizimkilər alırdılar. Yaxşı halda bu diplomlarla ölkələrində işə düzəlirdilər,pis halda isə bu diplomları “çirkli pulları” yuyan kimi yuyurdular. Başqa sözlə, belə diplomların əsasında milli universitetlərdə ikinci ali təhsil alırdılar və normal diplom sahibi olurdular. Belə hallar araşdırılarsa, saxta diplomların sayı və cinayətin spektri genişlənər.
Bu vəziyətin olması səbəbindən, dövlət nişanlı diplomları qorumaq xətrinə 2000-ci illərin əvvəllərində təkliflə çıxış etmişdim ki, hər universitet öz xüsusi diplomunu versin ki, dövlətin adı bu işə qarışmasın.
-Təsdiq olunsa ki, minlərlə adam saxta diplomla müəllim işləyərək bir tərəfdən dövlətə yüz milyonlarla manat ziyan vurub, digər tərəfdən uşaqlarımızın həyatını, gələcəyini məhv edib, o zaman heç olmasa həmin pulların geri qaytarılması məsələsini qabartmaq doğru olmazdımı?
-Yəqin ki, mütəxəsislər bu problemin həllinin hüququ yolunu tapa bilərlər. Mən bu məsələnin başqa tərəfinə toxunmaq istəyirəm. Bu günlər “saxta diplom” məsələsi gündəmi zəbt edib. Məncə “saxta diplom” anlayışına aydınlıq gətirməyə ehtiyac duyulur. Adından da göründüyü kimi diplom iki vərəqdən ibarətdir. Adətən diplomlar dövlət və ya hansısa bir qurum tərəfindən verilir. Real diplomun arxasında müəyyən bir tədris proqramlarının öyrədilməsi dayanır. Hər tədris ili üçün böyük xərclər çəkilir. Təhsil müddətindən asılı olaraq bu diplomum qiyməti müxtəlif olur. Misal üçün bizim universitetlərin diplomlarının qiyməti 10-20 min manat dəyərindədir. Qərbin top universitetlərinin verdiyi diplomun dəyəri təqribən 5-10 dəfə çoxdur. “Saxta diplom” iki karton parçasından ibarətdir. Arxasında bilik, tədris, əmək və s. durmadığından bu diplomun dəyəri 1-2 manat arasındadır əslində. Amma baxın görün saxta diplom insanı qiymətdən, dövləti isə qüdrətdən necə salır.
Bu karton parçasını dövlət diplomu adı ilə satmaq əslində adi yox, dövlətə qarşı cinayətdir və dövlətin təhlükəsizliyinə zərbədir. Bu işlə məşğul olanları həm də gerizəkalı saymaq lazımdır. XXI əsrin ABŞ milyarderləri öz varidatlarının milyardlarla ölçülən böyük hissəsini təhsildə keyfiyyətin artmasına xəriclədiyi bir zamanda bizdə təhsili keyfiyyətsizləşdirib milyonlar qazanmaq istəyən kəmfürsətlər var. Bu, namusa zidd düşüncədir.
-Namusa zidd düşüncə...
-Amerikanın ən böyük texniki maqnatı Bill Geyts həm də ən qabaqcıl xeyriyyəçidir. O, öz xanımı Melinda ilə birlikdə 54 milyardlıq ailə sərvətinin tən yarısını Bill və Melinda Geyts Fonduna yatırıblar. Fond bütün dünya üzrə yoxsullaşma ilə mübarizə aparır və ABŞ ərazisində təhsil təşəbbüslərini maliyyələşdirir. Geytslərin Fondu dünyanın ən böyük və eyni zamanda ən şəffaf xeyriyyə fondudur. Fondun bir hissəsi məşhur sərmayəçi Uorren Baffetin xidmətinin nəticəsidir. Belə ki o 2006-cı ildə fonda 37 milyard dollar vəsait vermişdi. Bu cür mütərəqqi düşüncəli insanlar Qərbdə gündən- günə artmaqdadır. Düşüncə fərqini görürsünüzmü?
-"Sabah" qrupları yaradıldı və savadlı gənclərə dövlət qayğısı barədə danışılıdı. Amma çoxları deyir ki, burda subyektivlik olacaq. Ümumiyyətlə, savadlı tələbələrimizi xaricə göndərmədən burda onları necə lazımi qaydada hazırlamaq olar?
“Sabah” qrupları təhsil sistemimizdə yenilikdir və yaranmış vəziyyətdən çıxış yollarından biridir. “Sabah” qurupları xaricə tələbə göndərməyin qarşısını almır. Bizdə sovetdən qalma intellektual potensial (alim potensialı) çoxdur. Bu alimlərdən düzgün istifadə edilsə, bizdə də “Sabah” qrupları çərçivəsində savadlı tələbələr hazırlamaq mümkündür.
Nazir xaricdə oxuyacaq tələbələr üçün universitetlər müəyyənləşdirib. Daha çox nələrə diqqət yetirilməlidir? Təhsilin hansı pilləsindən gənclərimizi xaricə göndərməliyik ki, çəkilən zəhmət və xərc hədər getməsin, əksinə, tez nəticə versin?
Universitetlərin siyahısı ilə tanış deyiləm. Ancaq çəkilən zəhmət və xərcin hədər getməməsi üçun məncə bir neçə məqama diqqət yetirmək lazımdır. Əsas “kimi və hara göndərmək”- məsələsi düz həll edilməlidir.
Orta məktəb proqramları əsasən kainat, təbiət, insanla bağlı bilik proqramlarını gənclərə öyrədir. Ali məktəblərdə isə gənclər ali təhsil almaqla bərabər paytaxtın mədəni mərkəzləri ilə tanış olurlar. Hesab edirəm ki, orta məktəbi rayonlarda qurtarıb, Bakıya ali təhsil almağa gələn gənc Bakıda həm də azərbaycanlaşır, həm də vətənpərvərləşir. Muzeyləri, parkları gəzir, şəhərdə dahi insanlara qoyulmuş heykəllərlə tanış olur, istirahət günlərində şəhərin mədəniyyət ocaqlarını (teatrları, muzeyləri) ziyarət edir. Ölkənin tanınmış elm, mədəniyyət, incəsənət xadimlərini real həyatda görürlər. Univeritetlərdə onların mühazirəsinə qulaq asırlar. Əgər gənc Qusardan Bakıya gəlibsə, orta məktəbdə o daha çox ləzgi idisə, ali məktəbi qurtarandan sonra o daha çox azərbaycanlı olur.
Bu hadisə təkrarlanır o halda ki, bizim gənc bakalavr pilləsində təhsil almaq üçün birbaşa Qərb ölkələrin birinə gedir. Misal üçün əgər gənc Parisdə təhsil alırsa, təhsil müddətində o Parislə tanış olur, onun muzeylərini, teatrlarını, parklarını, konsert zallarını gəzəcək və beləliklə daha çox Fransa mədəniyyəti ilə yüklənəcək. Bu mədəniyyət onun düşüncəsinə təsir edəcək, öz mədəniyyət ilə müqayisə edəcək və nəticədə kosmopolit olacaq. Bu fikirləri bir az da dərinləşdirmək olar. Bu hal baş verməsin deyə, xaricə təhsil almaq üçün magistr pilləsindən göndərmək daha məqsədəuyğundur. Bakalavr təhsilini Azərbaycanda alan gənc sonralar xaricdə maqistr təhsili alanda əksinə bizim mədəniyyətin təbliğatçısına çevrilir. Belə gənclərin yad təsirlərə düşməsi o qədər də asan deyil. Əks təqdirdə biz gəncimizi milli baxımdan itirmiş olarıq. Doktorların xaricə göndərilməsinə daha çox ehtiyac var.
-Sualın birinci hissəsinə aydınlıq gətirdiniz. Qaldı ikincisi: hara göndərmək?
-Bu sual əslində mövcud problemim ən çətin, mən deyərdim ki, sirli hissəsidir. Əvvala, qeyd edim ki, dünyanın 200 top universitetinin yarıdan çoxu Qərbi Avropada yerləşir. İlk baxışda İngiltərə, Fransa və Almaniya universitetlərinə üstünlük vermək olar. Bu ölkələrdə qüdrətli universitetlər çoxdur. Ancaq araşdırmalar göstərir ki, burda incə yanaşmaya ehtiyac var. Maqistrant və doktorantları bu ölkələrin universitetlərinə göndərmək məqsədəuyğundur. Bu üç ölkələrlə qonşuluqda nisbətən kiçik dövlətlər var və bu dövlətlərdə də top universitetlər var. Maraqlıdır ki, bu kiçik ölkələdə (Danimarka, Finlandiya, Hollandiya, İsveç, İsveçrə, Belçika və digərləri) həm ümumtəhsilin səviyyəsi, həm idarəetmə indeksi, həm də rüşvətə bulaşmamaq indeksəri adı çəkilən superdövlətlərdən xeyli yaxşıdır.
-Yəni super dövlətin təhsil sisteminə o qədər də meyl edilməməlidir...
-Hesab etmək olar ki, bu xırda dövlətlərdə təhsilin məzmunu (tədris proqramları) elədir ki, onlar super dövlətlərin əhatəsində rahat, təhlükəsiz və firəvam yaşaya bilirlər.
Aydındır ki, superdövlətlər iddalı, balaca dövlətlər isə ehtiyatlıdırlar. Biz də üç böyük dövlətin əhatəsindəyik. Bu dövlətlər arasında biz də rahat, təhlükəsiz və firəvan yaşamağımız üçün təhsil proqramlarımızı superdövlətlərin təhsil proqramlarına yox, balaca (Danimarka, Finlandiya, Hollandiya, İsveç, İsveçrə, Belçika və digərləri) Qərb dövlətlərin təhsil proqlarına uyğunlaşdırmalıyıq.Bu deyilənlərə əsaslanaraq, belə nəticəyə gəlmək olar ki, bakalavr pilləsində təhsil almaq üçün gənclərimizi əsasən xırda dövlətlərə göndərmək daha məqsədəuyğundur.
-Firudin Cəlilov deyir ki, təhsilimizi ağlamağa 7 arvad lazımdır. Vaxtilə rəhmətlik Şamil Qurbanov da Allahşükür Paşazadəni Milli Məclisə dəvət etmişdi ki, gəlib əhsilimizin fatihəsini versin. Bu təklifin üstündən 10 ildən çox vaxt keçsə də heç nə dəyişməyib. Niyə?
-Firudun Cəlilov təhsil sisteminə içindən bələd olan alimdir. Onun “təhsilimizi ağlamağa 7 arvad lazımdır” fikri ilə mən də tanışam. Rəhmətlik prof. Şamil Qurbanov Təhsil Nazirliyin kollegiya iclasında o məhşur fikri səsləndirib. İclasda rəhmətlik söz alaraq nazirə xitabən deyir: “Lidiya xanım, bu iclasa niyə Şeyxi dəvət etməmisiniz? Lidiya xanımın da “ Şamil müəllim,niyə Şeyxi dəvət etməliyik ki?- sualına Şamil müəllim cavabı o olur ki, təhsil ölüb, gəlib fatihəsin versin. O, bu fikri parlamentin komissiya iclaslarında da söylədi. On il keçsə də vəziyyət ona görə düzəlmir ki, təhsilin xəstələndiyini heç kəs qəbul etmir. Deyilən qüsurları şər- böhtan hesab edirlər. Digər tərəfdən də təhsilə rəhbərlik edənlərdə dövləti düşüncə və bir- birinə hörmət yoxdur. Hamı çalışır ki, digəri daha çox qüsur buraxsın. Bu səbəbdən də xərçəng ildən ilə böyüyür. İkinci səbəb isə təhsil sisteminin maraqlar arasında bölünməsidir.
-Nazir özü etiraf edir ki, pedaqoji ixtisası bitirənlərdən dəfələrlə az vakansiyalar var. Elə isə inkubator sexləri kimi savadsız məzunlar buraxmaq kimə lazımdır?
-İşə düzəlmək üçün universitetləri qutarmaq zəruridir, amma kafi deyil. Kafilik şərti aldığı təhsilin keyfiyyəti ilə bağlıdır. Bu səbəbdən də ali təhsil müəsisələrini nə qədər çox gənc qurtararsa bir o qədər yaxşıdır.
- Tutaq ki, Azərbaycan Müəllimlər İnstitunun bir o qədər filialına nə ehtiyac var ki?
-İstənilən təhsil müəssisəsinin bağlanmasının əlehinəyəm. Müəssisəni keyfiyyətli təhsil müəssisəsinə çevirmək lazımdır. Çünki gənclərin ali təhsillə əhatə əmsalına görə biz şox geri qalırıq. Mən heç avropanı müqayisə etmirəm, Monqolstandan 3 dəfə geridəyik.
-Diplomları TQDK-nın əliylə verilməsi vəziyyəti daha da mürəkkəbləşdirməyəcək ki? Bu iki qurum arasındakı inriqaları artırmayacaq ki?
-Bu təklifi qətiyyən düz hesab etmirəm. Təhsil Nazirliyi dövlət qurumu, TQDK isə komissiyadır, işi də əsasən biliyi qiymətləndirməkdir. Bir çox ölkələrdə bu qurum ya qeyri hökümət təşkilatı, ya da Təhsil Nazirliyinin bir bölməsi kimi fəaliyyət göstərir. Dövlətçilik baxımından təhsilin həm uğurunu, həm qüsurunu bir adamdan soruşmaq daha düzgün olardı.










































































































