Filologiya elmlər doktoru, professor Rüstəm Kamal Moderator.az-a müsahibəsində son zamanlar müzakirə mövzusuna çevrilən məsələlərdən danışıb:
– Rüstəm müəllim, ilk öncə son vaxtlar yeni orfoqrafiya qaydaları ətrafında gedən müzakirələrlə bağlı fikrinizi öyrənmək istərdik.xa0
– Orfoqrafiya qaydalarının müzakirəyə çıxarılması və bu müzakirədə ictimaiyyətin geniş iştirakı təqdirəlayiqdir. Ancaq mənim üçün bir qaranlıq məqam var: “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə niyə axı minlərlə yararsız söz olub? Bu sözlər indi lüğətdən hansı qaydaya əsasən çıxarılır və ümumiyyətlə, bu əcaib sözləri lüğətə kim salmışdı? Necə olmuşdu ki, bu sözlər əvvəlcə yararlı sayılmışdı, indi yararsız? Bu və digər suallar əmələ gəlir.xa0
Lüğət bir millətin dövlətdən sonra yarada biləcəyi ən böyük abidədir. Yanılmıramsa, Fransada 5 ildən bir, Rusiyada 10 ildən bir lüğət təsərrüfatı gözdən keçirilir. Çünki dilə təzə sözlər gəlir, o sözlər cəmiyyətdə xaotik vəziyyətdə işlənir, bəzən də qəribə formada dilin lüğət tərkibinə daxil olur, xalqın dilində özünə yer tapır. Ona görə də adını çəkdiyim ölkələrdə mütəmadi olaraq əlavə lüğətlər buraxılır. Lüğət həm də cəmiyyətin səviyyəsini göstərir. Bu işdə tələsik verilən qərarların ağır fəsadları ola bilər.
– Sizcə, sözün hansı dildən gəlməsindən, necə səslənməsindən, hansısa məna kəsb edib-etməməsindən asılı olmayaraq, onu lüğətə daxil etmək olarmı?
– Bilirsiniz, dil canlı orqanizmdir və özü hansı sözü götürüb-götürməyəcəyini dilçilərdən yaxşı bilir. Dilçilərin işi cəmiyyətin “dil radarına” düşmüş sözləri qeydə almaqdır. Dil ona kor-koranə müdaxiləni sevmir. Dildə islahatlara cəmiyyət özü də hazır olmalıdır, yaxud cəmiyyəti hazırlamaq lazımdır. Türkiyədə Atatürk dönəmində dilə bu kimi müdaxilələr oldu və nəticədə digər türk dillərindən xeyli uzaqlaşdılar. Bir tərəfdən də, İstanbul ləhcəsi formalaşdı və Türkiyənin digər bölgələrindən olanlar da bu ləhcədə danışmağa çalışdılar. Çünki İstanbul ləhcəsində danışmaq mədəniyyətli olmaq əlaməti sayılırdı. Fikrimcə, lider ləhcə olmayanda bu, istər-istəməz dilin özündə bir ləhcə xaosu yaradır. Hazırda Azərbaycan teleməkanında aparıcılardan biri Şəki, biri Qazax, biri Borçalı ləhcəsində danışır. Yenə deyirəm dil canlıdır, yaşayır, onu tənzimləmək lazımdır.xa0 Dilimiz həm də başqa dillərin reklamı altında boğulur. Məsələn, mağazaların, uşaq bağçalarının çoxunun adı ingiliscədir. İnsan, dili həm də vizual qavrayır. XXI əsr isə vizual mədəniyyətin çiçəklənmə dövrüdür. Telefonda heç kim heç nə oxumur, ancaq şəkillərə baxırlar. Yəni vizual mədəniyyət audio mədəniyyəti sıxışdırıb. Artıq insanlar üçün sözün düzgün səslənməsi vacib deyil. Bu isə çox böyük psixoloji fəsadlara gətirib çıxaracaq. Çünki söz düzgün səslənmirsə, bu,artıqxa0 onun ölümüdür.xa0
– Qeyd etdiniz ki, efirdə hamı istədiyi kimi danışır. Hətta deyərdim ki, bu gün dilin yazı qaydalarına da məhəl qoyanlar azdır, hər kəs istədiyi kimi yazır, onu çap etdirir. Bu mənada, sizcə, bu gün Azərbaycan dili hansı dövrünü yaşayır?
– Litva dilçiləri üç milyonluq xalqın dilinin – litva dilinin 20 cildlik izahlı lüğətini buraxıblar. 20 cild! Həmin iş davam etdirilir. Bizim izahlı lüğətimiz isə səhv etmirəmsə, 4 kiçik cilddən ibarətdir.xa0 Dilimizin zəngin olduğuna inanırıq, buna kim şübhə edir ki? Sadəcə, dilimizə laqeyd yanaşırıq. Xalqın sözü onun yaddaşını, dünyada varlığını şərtləndirəm əsas amildir.xa0
Fikrimcə, dilçilərimiz canlı dillə, canlı Azərbaycan türkcəsi ilə işləmirlər, sadəcə ədəbi mətnlər əsasında leksik vahidləri – sözləri arayıb tapırlar. Ancaq dil özü həm də mistik hadisədir, onun səslənməsi, səs gözəlliyi çox mühümdür. Azərbaycan telekanallarında dublyaj olunmuş filmlərə baxmıram. Çünki səslənmə çox pisdir. Dil həm də estetik hadisədir, bunu da nəzərə almaq lazımdır.
– Rüstəm müəllim, sizcə, aparıcıların nitqindəki qüsurlar, dublyajdakı çatışmazlıqlar nədən irəli gəlir? Problem nədədir – onların söz bazasının kasad olmasında, yoxsa dilin qayda-qanunlarını bilməmələrində?xa0
– Məncə, bu, ilk növbədə, nəzarətsizlikdən, ictimai qınağın zəifliyindən irəli gəlir. Bəzən düşünürəm ki, bunu bilərəkdən, düşünülmüş şəkildə edirlər. Elə bil xalqın öz dilinə sevgisini öldürmək istəyirlər. Qəribə sözlər yaradıblar – “ömrüvüzü”, “gələcəyüvüzü”, “falan”, “narahatçılıq”, “xoşbəxtçilik” və s.xa0
Bir problem də onların mütaliədən uzaq olmağıdır. Bilirsiniz, ana dilində səlis danışmağın özü də əxlaq kateqoriyasıdır. Bu verilişlərin redaktoru yoxdur? Məncə, aparıcılar üçün peşəkar dilçilərin, linqvopsixoloqların, bədii qiraət ustalarının kursları təşkil edilə bilər. Bəs sosiolinqvistlər hara baxır, sosial sorğular niyə keçirilmir? Dil cəmiyyətin aynasıdır. Dilçilərin işi məhz bu güzgüdə əks olunan sözləri qeydə almaq, izah etməkdir.
– Qeyd etdiniz ki, dilimizin zənginliyi lüğətlərdə əksini tapmayıb. Sizcə, bunun üçün hansı mənbələrə müraciət edilməlidir?
– Dil cəmiyyətin içindədir. Dil mətbuata, ədəbiyyata gəlir, sosial şəbəkədə “gəzişir”. Bizdə müəyyən bir sektor olmalıdır ki, internet resurslarında işlənən mətnlərə fikir versin. Bu dəqiqə ədəbiyyatın yaranma, yayılma, formaya düşdüyü məkanlardan biri də internetdir. Yəni yeni bir ədəbiyyat yaranır – sən istəsən də, istəməsən də. Əvvəllər ədəbiyyat əlyazmalarla yayılırdı, indi isə Ələsgərin qoşması Aygün Kazımova haqqında informasiya ilə bir yerdə verilir. Artıq qavrayış ayrıdır. İnternetdə verilən qoşma, qoşma deyil. Formaca qoşmadır, amma bir çox funksiyalarını itirib artıq. Aşıq Ələsgərin qoşması səslənmək üçündür. Onun auditoriyası vardı. Məsələn, toy, yaxud bayramlar deyişmə məkanına çevrilirdi. Qoşma orada yaranırdı. İndi isə yeni sözlər internetdən gəlir. Xalq özü yaradıcıdır, bəzən elə gözəl sözlər işlədir ki...
Bir də bir vaxtlar biz ruslardan, türklər isə fransızlardan xeyli söz götürdük. Düşünürəm, indi imkan var, biz bir çox sözlərdə ortaq məxrəcə gələ bilərik.xa0 Bəzi sözlərin türkcədə gözəl analoqları var, o sözlərin dilimizə gəlməsi yaxşı olardı. Nə qədər işıqfor işlətsək də, xalq qəbul etmədi, amma türkcədən “cizgi filmi” sürətlə “multfilm” sözünü sıradan çıxara bildi.
– Amma Türkiyə türkcəsindən dilimizə keçən sözlərə bəzən nəsə mühafizəkarlıqla yanaşılır, buna qarşı çıxırlar.
– XX əsrin əvvəllərində şeirimizə, bədii, publisistik mətnlərimizə İstanbul ləhcəsindən çoxlu sözlər gəlirdi və hamımız bir-birimizi yaxşı anlayırdıq. Burada heç bir qəbahət yox idi. Sonra da bilirsiniz ki, Sovet İttifaqı quruldu və bu proses dayandırıldı. İndi onu davam etdirmək olar. Amma mən demirəm ki, yalnız türk sözlərini kor-koranə dilimizə gətirək. Türkməncədə də elə arxaik türk mənşəli sözlər var ki, onları da dilimizə gətirə bilərik. Fars sözlərini saxlayırıq, bəs türkmən dilindəki arxaik sözlərdən niyə istifadə etməyək? Özü də oğuz ləhcəsindədir. Bu, həm bir millət kimi daha da yaxınlaşmağımıza səbəb olar, həm də lüğətimizdə ortaq sözlərin sayının çoxluğuna gətirib çıxarar.xa0
– Rüstəm müəllim, bəs müasir Azərbaycan ədəbiyyatının dili necə, sizi qane edirmi?xa0
– Xeyr. Xüsusən nəsrdə dil sanki arxa plana keçib. Dili qoruyan, yaşadan şairlərdir. Dil xalqın və Tanrının şairə əmanətidir. Bir millətin şairinə ona görə şair deyirlər ki, ana dilinin bütün şəhdi-şəkərini, gözəlliyini yazıya alıb, yaşadıb, varlığını təsbitləyib və gələcək nəsillərə ötürür. Şair həm də o vaxt böyük olur ki, dilin fövqünə qalxır– Füzuli kimi. Tarix boyu bu millətin dilini onun böyük şairləri qoruyub. Amma nəsrdə də maraqlı imzalar var ki, əsərlərində dil canlıdır, nəfəs alır.
– Yeni dövr ədəbiyyatımızı əvvəlki dövlərdən fərqləndirən bir özəllik varmı?xa0
– Var. Dırnaqarası azadlıq və özbaşınalıq, nihilizm, həyasız kosmopolitizm və s. Amma bununla belə, ədəbiyyatımıza maraqlı qadın şairlər gəlir, azad düşünən və mövzu palitrasının genişliyi ilə seçilən şairlər. Bu məni sevindirir.xa0 Sərbəst vəzndə yazılan şeirlərin kəmiyyəti artır. Ancaq əlbəttə ki, sərbəst vəzndə yazmaq üçün hecanı, əruzu da yaxşı bilmək lazımdır. Bu, simfonik musiqi kimidir. Simfonik musiqi yazmaq üçün gərək xalq musiqisini yaxşı biləsən. Amma nədənsə xalqımız sərbəst şeiri hələ də qavrayış estetikasına daxil edə, əzbərləyə bilmir.xa0
– Rüstəm müəllim, sonda ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri olan “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqdaxa0 fikrinizi bilmək istərdik...
– Tərcümə Mərkəzi bu sözlüklə ortaya, həqiqətən də ciddi bir iş qoymuş oldu. Ən əsası isə odur ki, Tərcümə Mərkəzi köhnə lüğətlərdəki qüsurları və çatışmazlıqları hələ iki il öncə ictimaiyyətə bəyan etməklə bu məsələni aktuallaşdırdı. Əks halda, bəlkə, hələ də necə deyərlər, yerimizdə sayırdıq.
Elmin Nuri





































































































