Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər ilə müsahibənin 3-cü hissəsini təqdim edirik:
III hissə
- Siz ölkənin birinci şəxsi olmusunuz, informasiya əldə etmək imkanlarınız hamıdan çox olub. Rəhim bəy həm siz prezident vəzifələrini içra elədiyiniz zaman, həm də ikinci şəxsi olduğunuz hakimiyyətin dönəmində müdafiə naziri olub. Ayrıca da hər ikiniz Xalq Hərəkatından hakimiyyətə gəlmişdiniz. Yəni, bu sualı verməyimin də səbəbləri çoxdur və həm də bu məsələyə bir nöqtə qoyulmalıdır.
- Düşünmürəm ki, mənim sözümlə bu məsələyə nöqtə qoyula bilər. Gərək ki, ötən söhbətlərdən birində Sizə də demişdim ki, adətən mövzular üç qrup olur. Yəni, bəziləri adamları müzakirə etməyi xoşlayırlar. Məsələlərə bir az daha ciddi yanaşanlar hadisələri müzakirə edirlər. Daha ciddi və daha geniş yanaşa bilənlər isə, proseslərdən və ideyalardan danışır və onları müzakirə masasına yatırırlar. Mən də, gücüm çatan qədər, ideyaları və prosesləri müzakirə etməyə, onları qiymətləndirməyə üstünlük verirəm. Zərurət olanda hadisələrə də qiymət verməyə hazıram. Amma insanlarla bağlı danışmağa mən maraq göstərmirəm. Təbii ki, yeri gələndə sözümüzü də deyə bilərik və deyirik də. Ancaq məsələ bu deyil axı. Tutaq ki, konkret insanların əməllərini qiymətləndirməyə başlayanda, hər şey bir tərəfdə qalır və həmin insanlar arasındakı münasibətlər ortalığa gəlir, aktuallaşır. Bu baxımdan, bilirsiniz ki, adını çəkdiyiniz şəxsin də ən sevimli mövzularından biri Elçibəyi və məni söymək, təhqir eləməkdi.
- Rəhim bəyin əksər yazılarını mən dərc eləmişəm və əsasən tənqid edildiyinizi də bilirəm, amma təhqir, ya da söyüş olmayıb axı.
- Hər halda adam həmişə mənə qarşı, bizə qarşı danışıb. Mən də yeni bir şəxsi münaqişədə qətiyyən maraqlı deyiləm. Ortada olan faktlar və bir də ictimai rəy var. Məncə, məsələlərə qiymət verə bilmək üçün də bunlar kifayət edir. Əgər bilsəm ki, mənim sözümlə, bizim sözümüzlə nə isə dəyişə bilər, ya da dəyişəcək, o zaman sözümüzü bir daha deyərik.
- Isa bəy, bu günlərdə Mədən Sənayesində Şəffafıq Koalisiyasına seçkilər oldu və sizcə, orda olan proseslərin, əsasən siyasi palitranın müxalif cinahında yer alan adamlar üçün nə önəmi var ki? Və necə ola bilir ki, irili-xırdalı bütün seçkilərdə, müxtəlif tədbirlərdə, adicə mitinqlər, piketlər məsələsində müxalif kəsimə göz açmağa imkan verməyən hakimiyyət, orda seçkini çox rahatlıqla uduzur və bunlar da hətta bayram edəcək qədər havaya girirlər? Ümimiyyətlə orda nə olub və bu məsələlərdən xəbəriniz varmı?
- Mətbuatda yazılanları oxuyur, izləyirik və elə o həddə də məlumatımız, bilgilərimiz var. Sadəcə olaraq, “hakimiyyət uduzub”x9d deyiminiz mənə bir az təəccüblü gəldi.
- “Oqtay Güləliyevin Milli Şuraya hesabatı”x9d adlanan bir yazı var və orda qeyd olunur ki, hakimiyyətin planlarını darmadağın elədik və “50+1”x9d-lə qələbə çaldıq. Hətta hakimiyyətin layihəyə sərf elədiyi hansısa 400 000 manatın belə işə yaramadığı deyilir orda.
- Dediyim kimi, mən də bu məsələlərdən mətbuatda gedən məlumatlar qədər xəbərdaram. Dediyiniz “hesabat”x9da gəlincə, bu da “hesabat”x9d müəllifinin fikirləridir və əlbəttə ki, o da öz fikirlərini istədiyi formada və ya formatda deyə bilər. Ama gəlin, bir qədər əvvəldə də dediyim kimi, adamları yox, prosesləri və ideyaları qiymətləndirməyə çalışaq. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası beynəlxalq bir qurumdur və zamanında İngiltərənin baş naziri Toni Bleyer vəzifədən getdikdən sonra, onun təşəbbüsü ilə yaradılıb. Bu qurum mandatına və hədəfinə görə, böyük şirkətlərin və dövlətlərin mədən sənayesi sahəsindəki fəaliyyətlərində şəffaflığın təmin olunmasını nəzərdə tutur. Qurumun hər ölkədə bir koalisiyası olur və sonra da onların ortaq beynəlxalq koalisiyası formalaşdırılır. Yəni o qurum belə bir sistemdən ibarətdir. Və əgər istəyirsinizsə buna mütləq bir ad verək, o zaman mən bunu, beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizə üçün yaradılmış ASAN xidmət kimi dəyərləndirərdim. Necə ki Azərbaycan hakimiyyətinin yaratdığı və fəxr elədiyi ASAN xidmət, insanların bəzi problemlərini həll etsə də, onların daha asan şəkildə, əksər hallarda da rüşvətsiz, bir sıra məsələlərini həll etmək imkanını yaratsa da, böyük mənada, irimiqyaslı korrupsiya hallarına təsir etmək imkanı və gücü yoxdur, eləcə də həmin koalisiyanın, böyük şirkətlərin və dövlərlərin fəaliyyətlərindəki şəffaflığa tam nəzarət eləmək imkanları yoxdur. Əslinə qalanda, bu ASAN xidmətin yaradılması dövlət səviyyəsində iki həqiqətin etiraf və təsdiq olunması anlamına gəlir. Birincisi, hakimiyyət ASAN xidmət yaratmaqla etiraf elədi ki, dövlət idarələrində və nazirliklərdə ciddi bürokratiya, süründürməçilik, eləcə də rüşvətxorluq var və bu rüşvətxorluqla bu bürokratiya insanları bezdirib. Ikincisi də, bu xidmətin yaranması ilə, bir daha təsdiq olundu ki, bizim xalqımız rüşvətxor xalq deyil və onu məcbur eləməsən, tələb eləməsən, sıxmasan, xalqın özü də işlərini keyfiyyətli, sürətlə və rüşvətsiz həll etməyə meyllidir. Göründüyü kimi, rüsumları da xalq çox asanlıqla və rahat ödəyə bilir, çünki bilir ki, həmin pullar dövlətin xəzinəsinə gedir. Adətən, bu xidmət olana qədər, bəziləri bilərəkdən qərəzli şəkildə, bəziləri də bilməyərəkdən deyirdilər ki, əşi, bu xalqın özü belədir, özü rüşvətxorluğa meyllidir, verməyə-almağa alışıb və bunu dəyişmək mümkün deyil. Bəs nə oldu, ASAN xidmət yarandı və insanlar da rahatca bu xidmətdən istifadə etməyə başladılar. Demək istədiyim odur ki, bu iki həqiqət burada təsdiq olundu. O baxımdan, mən bu koalisiyanı da beynəlxalq miqyasda yaradılmış ASAN xidmət kimi dəyərləndirirəm. Heç şübhəsiz müəyyən faydaları da, üstün cəhətləri də var, ancaq mahiyyət etibarı ilə beynəlxalq birliyin öz üzvlərinə, öz daxilində fəaliyyət göstərən böyük şirkətlərə təsir gösrərmək imkanından imtina etməsi kimi bir şeydi bu. Yəni, dövlətlər öz işlərini elə qura bilməlidirlər ki, orda rüşvətxorluq və korrupsiya olmasın. Dövlətlərin özləri bu rüşvətin və korrupsiyanın ortadan maksumum dərəcədə qaldırılmasını istəyirlərsə, o zaman niyə özləri buna nəzarət eləmirlər və götürüb hansısa koalisiya qurur və korrupsiyaya nəzarəti də onun öhdəsinə buraxırlar? Təbii ki, bu, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı baxımından faydalı da ola bilər. Amma sözsüz ki, dediyim o məqam da burda var. Dediyim bu sistem ötən zaman ərzində xeyli keşməkeşlərdən və qalmaqallardan keçdi. Və son dövrlərdə Azərbaycan bir sıra məsələlərə görə burdan kənarlaşdırıldı.
- Hansı məsələlərdən söhbət gedir?
- QHT-lərə edilən təzyiqlərə, siyasi məhbus sayının artıq bütün rekordları örtdüyünə, insan haqlarının və təməl hüquqların, o cümlədən iqtisadi azadlıqların və mülkiyyət toxunulmazlığının addımbaşı pozulmasının kütləvi hal aldığına, söz azadlığına qoyulan məhdudiyyətlərə, müstəqil mətbuata olunan hücumlara, jurnalistlərin şərlənərək həbsxanalara salınmasına və sair səbəblərə görə belə bir qərar verildi və Azərbaycan həmin koalisyanın gerçək üzvlüyündən kənarlaşdırıldı. İndi böhran dövründə Azərbaycan beynəlxalq birliyin mövqeyi ilə daha çox hesablaşmaq məcburiyyətində olduğu və beynəlxalq brliklə münasibətləri yumşaltmağın yollarından biri də bu koalisiyanın fəaliyyətindən keçdiyi üçün hakimiyyət imkan verib ki, onlar öz tədbirlərini keçirsinlər, bu qədər. Qalan orda olan hadisələr, yaranan problemlər bu qurumun öz işidi, iştirakçılar da öz qərarlarını verə, oz bildikləri formada açıqlama və ya şərhlərlə çıxış edə bilərlər. Sadəcə olaraq, burda baş verən hadisələrin bəzi məqamlarından o qədər də xoşlanmadım.
- Bəs bu məqamlarla-filanla Milli Şuranın və bizum tanıdığımız müxalifətçilərin nə əlaqəsi, nə maraqları var?
- Hələ 1990-cı illərin əvvəlində Azərbaycanda vətəndaş cəmiyyəti formalaşmağa, QHT-lər yaranmağa başlayanda Müsavat partiyasının da bir çox üzvləri QHT-lər yaradırdılar, bu sahədə fəaliyyət göstərmək istəyirdilər. O zaman biz partiyanın rəhbərliyində bu məsələnu müzakirə elədik və belə hesab etdik ki, QHT fəaliyyəti ilə siyasi fəaliyyət bir-birinə yaxın olsa da, ancaq bunlar fərqli sahələrdir. Ona görə də qərara alındı ki, burda bir əmək bölgüsü olmalıdır və QHT işi ilə məşğul olan şəxslər siyasi partiya üzvü olmalı deyillər. Beləliklə ümumi bir mövqe formalaşdı və ona görə də bizim Müsavatçı dostlarımızın qarşısında seçim qoyuldu ki, siyasi fəaliyyətlə məşğul olanlar partiyada qalsın, QHT fəaliyyətini seçənlərə də gerçəkdən uğurlar diləyirik və bunun üçün də kimsədən hər hansı incikliyimiz yoxdur. Əslində biz gerçəkdən sevinirdik ki, Azərbaycanda vətəndaş cəmiyyəti formalaşır, ancaq QHT fəaliyyəti ilə məşğul olanların bunu müstəqil şəkildə həyata keçirmələrini daha məqbul hesab edirdik. Və indiki tanınmış QHT nümayəndələrinin bir çoxu, o zaman Müsavatdan ayrılaraq bu fəaliyyətə başlayanlardı. Amma təəsüf ki, bizim bu yanaşma ölkənin digər siyasi qüvvələri tərəfindən qəbul edilmədi. Və bir sıra digər siyasi qüvvələr QHT-lərlə sıx birlik şəraitində fəaliyyət göstərməyə başladılar. Təbii ki, bunun bütün müsbət və mənfi təzahürləri ilə bir yerdə. Sonrakı dönəmdə, xüsusilə də, 2000-ci illərdən başlayaraq artıq biz də bu məsələdəki iki əsas mövqeyimizdən birində güzəştə getdik. QHT fəaliyyəti ilə məşğul olan şəxslərin mütləq Müsavatdan kənarda olması şərtini aradan qaldırdıq və Müsavatın da bəzi üzvləri artıq QHT fəaliyyəti ilə məşğul ola bildilər. Amma ikinci şərtimiz yenə də qüvvədə qaldı ki, heç bir şəkildə QHT-lərin fəaliyyətinə qarışmadıq, heç bir şəkildə QHT-lərdə fəaliyyət göstərən dostlarımızdan, elə QHT-çi müsavatçılardan da öz fəaliyyətlərini Müsavata tabe tutmalarını tələb etmədik. Bu fəaliyyətdən əldə etdikləri qazancları, yəni qrant pullarını hər hansı şəkildə partiyaya yönəltmələrini nəinki tələb etmədik, heç bu haqda düşünmədik və bunda maraqlı olmadıq. Bizim yanaşmamız budur. Başqa qüvvələrin yanaşması nə cürdürsə, bu da onların seçimidir və bunlara cəmiyyət qiymət verməlidir.
- Bu seçim özlərinin olsun, amma o koalisiyada olanlara etiraz elədiyinə görə Mehriban Vəziri Milli Şuradan çıxarıblar. Yəni, orda iplərin kimi əlində olduğu da bəlli. Amma məsələ burasındadır ki, bu Şura özünü hakimiyyətlə mübarizənin ön cəbhəsində görsə də, həmin qərara səs verənlərin tam əksəriyyətinin toplam fəaliyyətləri Mehriban Vəzirin bircə yazısı, bircə hekayəsi boyda olmaz. O zaman kim kiminlə və necə mübarizə aparır ki?
Sərdar Əlibəyli, ps-nota.com
Davami var...





































































































