Səhnədə ayağı zədələnən azərbaycanlı aktyor həkim səhvinin QURBANI OLDU – ÖZƏL 

Səhnədə ayağı zədələnən azərbaycanlı aktyor həkim səhvinin QURBANI OLDU – ÖZƏL 

Hazırda oxunan: Səhnədə ayağı zədələnən azərbaycanlı aktyor həkim səhvinin QURBANI OLDU – ÖZƏL 

70389

"Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Cənab Prezidentin sərancamına əsasən, rejissor Mehriban Ələkbərzadə dahi şairimiz Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının motivlərindən ilhamlanaraq bu əsəri tamaşaya qoydu.

Əsərdə mənə əsas obrazı, “İsgəndər Zülqərneyn” rolunu verdilər. Məşqlərimiz çox yaxşı gedirdi, lakin çətinliklər də var idi . Çünki zaman az idi. Ötən il dekabrın 18-i artıq tamaşa nümayişə başlayırdı. 3 gün əvvəl məşq zamanı öz əlimdə olan qılınc ehtiyatsızlıqdan dəmirə dəyərək qayıdıb ayağımı zədələdi".  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Akademik Milli Dram Teatrının və Yuğ Dövlət teatrının aktyoru Ziya Ağa bildirib.  



Ehtiyatsızlıqdan ayağından ciddi zədə alan aktyor qeyri-peşəkar həkimlərin səhv diaqnozu nəticəsində artıq 4 aydır səhnədən uzaq qaldığını açıqlayıb.  

"Hadisə baş verən kimi həmkarlarım köməklik edib, təcili şəkildə məni Travmatologiya xəstəxanasına çatdırdılar. Axşam saatları idi, növbətçi həkim ayağımı retgenə saldı. Söylədi ki, heç bir problem yoxdur. 15 gün dincəlsən, ayağın düzələcək. Amma qoyulan diaqnoz səhv oldu.

Əslində isə ayağım bərk zədələndiyindən, ciddi problemlə rastlaşdım. Dedim ki, tamaşanı oynamalıyam. Etiraz belə etmədi və söylədi ki, ağrıkəsici iynə vurub, korset taxarsan.  

Söylədiyi kimi etdim və tamaşanı oynadım. Yeni ildən 2 gün sonra başqa bir klinikaya üz tutdum. Orada bir həkim-travmatoloq 10 günlük müalicə kursu yazdı. Bu həkim də diaqnozu yenə səhv qoydu. Ayağımda ciddi yoxlanış etmədi.  

Bu da ondan irəli gəlir ki, həmin həkimlər öz peşələrinə ciddi yanaşmırlar. Söylədi ki, 10 gündən sonra çıxıb tamaşanı oynaya bilərsən. Mən də düşündüm və inandım ki, deməli ağır bir şey deyil. Tamaşalarımı oynamağa başladım və yenə ağrılar baş qaldırdı. Sonra mənə "Milli İdman Tibb və Reabilitasiya İnstitutu"na müraciət etməyimi məsləhət gördülər.
Orada çalışan həkim-travmatoloq ayağımı MRT-yə saldı. Halbuki MRT ilk həkimə müraciət etdiyimdə olunmalı idi. 17-ə yaxın diaqnoz qoyuldu. Əsas problem isə çarpaz bağların yırtılması, menisk zədələnməsi, ödəmlər, kista, əlavə olaraq diz qapağında da zədə aşkarlandı.



Diz oynağı yerindən oynamışdı. Teatrda 3 dəfə ayrı-ayrı vaxtda oynadığım tamaşalar zamanı ayağımın zədəsi dərinləşərək daha da ağırlaşıb. Hətta yerindən çıxıb. İki həkimin qeyri-peşəkarlığı nəticəsində artıq dördüncü aydır ki ayağımdakı zədələrdən çox əziyyət çəkirəm".  
Hazırda müalicə alan Z.Ağa səhhətində irəliləyişlər olduğunu, yaxın zamanda yenidən səhnəyə dönə biləcəyini deyib.  

"İndi isə peşəkar idman həkimi Rəşad bəyin sayəsində ayağım bərpa olunur. Qoyulan diaqnozların çox hissəsi aradan qalxıb. İndi əzələ bərkiməsi və damar açılması ilə bağlı prosedurlara gedirəm. Ümid edirəm ki, gələn ayın ortalarından etibarən səhnəyə qayıda biləcəyəm. Amma indi heç bir tamaşada çıxış etmirəm və heç bir seriala da çəkilmirəm".  

Serial çəkilişlərindən aktyorlara verilən qonorarın az olduğunu da söyləyən Ziya qalmaqallı məsələni belə şərh edib.  

"Seriala çəkilməyimə görə dəmir parçasından aşağı pul verirlər. Getmirəm, özümü dəmir hiss etmirəm. İnsanam. Bu peşəni sevən insanam. Canlıyam, ruhum və beynim var. Kimsə çəkilirsə, onları da qınamıram. İnsanın ehtiyacı olanda təbii ki, həyatda ailədən və sağlamlıqdan önəmli heç nə yoxdur, ailə üçün və qeyri-səbəblərdən çəkilə də bilər, burada heç bir problem yoxdur. Mən hələki çəkilmirəm. Allah da bunun üçün mənə kömək edir".  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO