
- A-
- A
- A+
Sağlığında rəsmləri bir qarın çörəyə satılırdı, indi milyonlara... -Van Qoqun gecikmiş qiyməti
Dahi holland rəssam Vinsent van Qoqun “Çiçəklənən şabalıd ağacları” adlı tablosu Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında 190,43 milyon dollara satılıb.
Bu xəbəri oxuyanda istər-istəməz Van Qoqun acı taleyi, yaşadığı iztirablar, çəkdiyi rəsmlərin arxasında gizlənən ağrılar yadıma düşür. Vaxtilə İrvinq Stounun Van Qoqun həyatından bəhs edən “Yaşamaq yanğısı” romanını oxuyanda çox təsirlənmişdim. Kitab məndə dərin iz buraxmışdı. Çünki Van Qoqun faciəsi təkcə onun faciəsi deyil, həm də istedadı sağlığında görməyi bacarmayan, insanın qədrini çox vaxt onu itirdikdən sonra bilən bəşəriyyətin faciəsidir.
Bəlkə də bu dünyada tanımadığımız neçə-neçə van qoqlar olub, hələ də var...
Əsərlərini satmaqda çətinlik çəkən, ömrünün böyük hissəsini yoxsulluq, tənhalıq və ruhi əzablar içində keçirən dahi insanların əksəriyyətinin sağlığında sənətinə verilən qiymət, demək olar ki, yoxdur.
Elə Van Qoq da qardaşı Teonun maddi və mənəvi dəstəyi olmasaydı, bəlkə də, bu ağır həyatın öhdəsindən heç gələ bilməzdi. Cəmi 37 illik ömründə dünyaya saysız-hesabsız gözəlliklər bəxş etdi, amma özü o gözəlliklərin içində xoşbəxt yaşaya bilmədi.
Dəllalların mədəniyyətə töhfəsi
Bu gün isə onun bir vaxtlar dəyər verilməyən əsərləri yüz milyonlarla dollara satılır. Van Qoqun çəkdiyi iztirabların bəhrəsini indi sənətdən çox sərvətini nümayiş etdirməyə, pul xərcləməyə yer axtaran zənginlər görür. Dəllalların qazandığı və qazandırdığı pulların adını isə “mədəniyyətə verilən dəyər” qoyublar.
Nə qəribə və nə qədər ədalətsiz dünyadır! Rəssam sağlığında bir tikə çörəyə möhtac qalır, ölümündən sonra isə bir tablosu milyonlarla ölçülür. Vaxtında bir insanın taleyinə, istedadına, çəkdiyi əzablara qiymət verə bilməyən dünya, illər sonra onun əsərlərinə sərvət ödəyir. Təəssüf ki, bu gün onun tablolarına milyonlar biçən dünya vaxtilə onun özünə bir az mərhəmət, bir az diqqət, bir az da insanlıq göstərə bilmədi.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































