Kuklaçıların yeni mövsümü AÇILDI – FOTO 

Hazırda oxunan: Kuklaçıların yeni mövsümü AÇILDI – FOTO 

155956

Azərbaycan Dövlət Kukla Teatrı özünün 92-ci mövsümünü açıq elan edib. İlk günü özləri və balaca tamaşaçıları üçün daha da yaddaqalan etmək istəyən yaradıcı heyət “Melisa” adlı tamaşanı teatrsevərlərin ixtiyarına verib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Kukla Teatrından bildirilib. 

Premyerada azyaşlılarla yanaşı Azərbaycan uşaq ədəbiyyatının tanınmış təmsilçiləri, sahə üzrə mütəxəssislər də iştirak ediblər.


Balacaların sevimli yazıçısı Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.

Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırırlar. Rəngarəng səhnə həlli - dörd fəsli, daha doğrusu, tamaşadakı dörd məkan və zaman fərqini ehtiva edən konstruksiyalı tərtibatın hakim olduğu uşaq tamaşası 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt öləziməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır.


İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağına inanır. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.

Melisa və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı, Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. Bizi dəfələrlə görüb keçdiklərimizə yenidən baxmağa çağırır. Çünki Melisa həyatı anladır.


Yaxşısı-pisi ilə, sevinci-kədəri ilə. O, sadəcə gəlincik deyil, o, sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. O əmin edir, inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər.

Tamaşanı ərsəyə gətirənlər də uşaqlara məhz bu sevgi və inamı göstərməyə, onların dünyasına bir də bu yolla daxil olmağa çalışıblar. Tamaşanın ardınca teatrın nəzdindəki "Oyuq" teatr-studiyası yetirmələrinin ifasında konsert proqramı da təqdim olunub. 










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO