Aktrisa 3 min illik sırğalarla qalmaqal yaratdı - FOTO

Aktrisa 3 min illik sırğalarla qalmaqal yaratdı - FOTO

Hazırda oxunan: Aktrisa 3 min illik sırğalarla qalmaqal yaratdı - FOTO

626269

Amerikalı aktrisa Zendaya Londonda rejissor Kristofer Nolanın "Odisseya" filminin fotokolunda taxdığı təxminən 3 min illik sırğalarla sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, aktrisa tədbirdə Jacquemus brendinə məxsus ağ libas və eramızdan əvvəl I minilliyə aid qədim İran qızıl medalyonlarından hazırlanmış sırğalarla görüntülənib.
 

Həmin artefaktlar eramızdan əvvəl VII əsrə aid Midiya dövrünün məşhur Ziviye xəzinəsi kolleksiyasının bir hissəsi hesab olunur. Xəzinə 1940-cı illərin sonlarında İranın şimal-qərbində aşkar edilib.


Qədim medalyonlar sonradan Londonlu zərgər Qlen Spiro tərəfindən 18 əyarlı sarı qızıl və brilyantlarla çərçivələnərək sırğaya çevrilib. Bildirilir ki, bu proses zamanı orijinal artefaktlara heç bir zərər vurulmayıb. Hazırda zinət əşyası Barron London zərgərlik evinə məxsusdur.

Şirkət nümayəndələri medalyonların xüsusi qeyri-invaziv bərkitmə sistemi ilə yerləşdirildiyini və onların ilkin vəziyyətinin tam qorunduğunu bildiriblər. Onların sözlərinə görə, bu zinət əşyası dünyanın diqqətini İranın zəngin tarixi və mədəni irsinə yönəltmək məqsədi daşıyır.
 

Bununla belə, sosial şəbəkələrdə məsələyə münasibət birmənalı olmayıb. Bir qrup istifadəçi hesab edir ki, bu cür təqdimat qədim incəsənətin tanıdılmasına kömək edir. Digərləri isə minilliklərə aid tarixi artefaktların yalnız muzeylərdə saxlanılmalı və ya İrana qaytarılmalı olduğunu bildirirlər.


Qeyd edək ki, Kristofer Nolanın "Odisseya" filmində Zendaya ilahə Afina obrazını canlandırıb. Filmdə həmçinin Mett Deymon, Tom Holland, Enn Heteuey, Lupita Nyonqo və Keyt Blanşett də rol alıblar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO