
- A-
- A
- A+
Bakıda dayə işlədiyi evdən 66 min manatlıq qızıl-zinət əşyaları oğurladı
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Mənşurə Tağıyevanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Zәrәrçәkmiş şәxsin mülki iddiası qismәn tәmin edilib, mülki cavabdeh Mənşurə Tağıyevadan ümumilikdә 70 962 manat tutularaq ona ödәnilməsi qərara alınıb.
İttihama görə, Mənşurə Tağıyeva 2025-ci ilin iyul ayının ortalarından sentyabr ayının əvvəllərinədək olan müddətdə xidmətçi-dayə işlədiyi zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) evindən müxtəlif vaxtlarda qızıl-zinət əşyaları oğurlayıb.
Belə ki, o, evin yataq otağında yerləşən güzgülü makiyaj masasının siyirməsində saxlanılan qızıl əşyaları bir neçə dəfə götürərək özünə məxsus çantada gizlədib. Oğurlanan əşyalar arasında brilyant, zümrüd və sapfir qaşlı üzüklər, sırğalar, boyunbağılar, qolbaqlar, qadın qol saatı, kulonlar, sancaq və digər zinət əşyaları olub.
İttiham aktında göstərilir ki, oğurlanan əşyaların ümumi dəyəri 66 310 manat təşkil edib. Bununla da zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurulub.
Məhkəmə iclasında Mənşurə Tağıyeva özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, təxminən 35 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığını etiraf etsə də, ittihamda göstərilən əşyaların sayı və dəyəri ilə razılaşmayıb.
Mənşurə Tağıyeva ifadəsində deyib ki, hadisədən əvvəl təxminən iki il ərzində S.S.-in evində iki azyaşlı uşağa dayəlik edib, eyni zamanda evin təmizliyi ilə də məşğul olub.
Onun sözlərinə görə, 2025-ci ilin iyul ayının ortalarında mənzildə təmizlik işləri görərkən yataq otağındakı güzgülü makiyaj masasının siyirməsində qızıl-zinət əşyalarının olduğunu görüb. Həmin vaxt borcları və maddi çətinlikləri olduğundan qızılları götürüb satmaq qərarına gəlib.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyul ayının ortalarında günorta saatlarında evdə tək olarkən siyirmədəki parça torbadan brilyant qaşlı bir üzük, iki qızıl üzük və üç qızıl qolbağı götürərək çantasına qoyub.
Növbəti gün həmin əşyalardan bir qızıl qolbağı Nizami rayonu ərazisində, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı mağazasında 1 850 manata satıb. Digər gün isə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı mağazaya gedərək brilyant qaşlı üzüyü, iki qızıl üzüyü və iki qolbağı ümumilikdə 600 manata verib.
Mənşurə Tağıyevanın ifadəsinə əsasən, 2025-ci ilin avqust ayının əvvəllərində də evdə tək olduğu vaxt makiyaj masasının siyirməsindən üç qızıl boyunbağı, qadın qol saatı, qızıl zəri, sancaq, beş boyunbağı kulonu, bir cüt sırğa və bir broş götürüb.
Təqsirləndirilən şəxs həmin ay ərzində müxtəlif tarixlərdə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı qızıl alqı-satqısı obyektinə bir neçə dəfə gedərək əşyaların bir hissəsini ümumilikdə təxminən 5 000 manata satdığını bildirib. Bir qızıl boyunbağını isə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında, “Laçın” ticarət mərkəzinin yanında yerləşən mağazada 300 manata satıb.
Mənşurə Tağıyeva daha sonra sentyabr ayının əvvəllərində evdə tək olduğu vaxt makiyaj masasının siyirməsindəki qutudan brilyant qaşlı üzük, qolbaq, boyunbağı və bir cüt sırğadan ibarət dəsti götürdüyünü deyib. Həmin gün işdən qayıdarkən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı qızıl alqı-satqısı obyektində həmin dəsti 2 700 manata satıb.
O, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərclədiyini qeyd edib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, S.S. 2025-ci ilin sentyabr ayında ona zəng edərək evindən qızıl-zinət əşyalarının itdiyini bildirib. Mənşurə Tağıyeva isə həmin əşyaları götürmədiyini deyərək oğurluq faktını əvvəlcə inkar edib.
Lakin sonradan Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində olarkən qızıl-zinət əşyalarını götürərək satdığını etiraf edib. O, əşyaları satdığı şəxslərə qızılların özünə və ailəsinə məxsus olduğunu, maddi çətinlik səbəbindən satdığını söylədiyini də qeyd edib.
Məhkəmədə ifadəsini davam etdirən Mənşurə Tağıyeva əvvəllər 19 il SOCAR-da işlədiyini, sonradan ixtisara düşdüyü üçün işdən çıxdığını söyləyib. Onun sözlərinə görə, qızlarının toyuna görə bəzi əşyaları almaq məqsədilə 5 000 manat borc (sələm) götürüb və həmin borca görə faiz ödəmək məcburiyyətində qalıb.
Borc aldığı şəxsin onu tez-tez narahat etməsi və nalayiq sözlər işlətməsi səbəbindən çətin vəziyyətə düşüb. O, oğurluq etmək niyyətinin məhz bu maddi sıxıntılar fonunda yarandığını qeyd edib. (Pravda.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































