
- A-
- A
- A+
Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır
Mütəxəssislər tərəfindən aparılan yeni araşdırma ultra emal olunmuş qidaların istehlakı ilə gənclər arasında yoğun və düz bağırsaq xərçəngi hallarının artması arasında əlaqə olduğunu üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, “JAMA Oncology” jurnalında dərc olunan tədqiqat çərçivəsində ABŞ-də 29 mindən çox qadının 20 ildən artıq müddətdə qidalanma və sağlamlıq göstəriciləri təhlil edilib.
Araşdırmanın nəticələrinə görə, ultra emal olunmuş qidaları daha çox istehlak edən qadınlarda gələcəkdə xərçəngə çevrilə bilən poliplərin (adenomaların) yaranma riski bu qidaları az qəbul edənlərlə müqayisədə 45 faiz yüksək olub.
Söhbət əsasən çipslər və digər qəlyanaltılar, kütləvi istehsal olunan çörəklər, şəkərli səhər yeməyi məhsulları, hazır əriştə və makaronlar, dondurulmuş pizzalar, eləcə də şəkərli və pəhriz içkilərindən gedir.
Qastroenteroloq Endryu Çanın sözlərinə görə, risk bu məhsulların qida rasionunda tutduğu yerə uyğun olaraq artır.
Mütəxəssis qeyd edib ki, bu məhsulların tərkibində çoxlu şəkər, duz, doymuş yağlar və müxtəlif əlavələr olur. Onların istehlakının azaldılması kolorektal xərçəngin erkən yaşlarda yaranma ehtimalını aşağı sala bilər.
Bununla belə, Çan qidalanmanın xəstəliyin artmasını izah edən yeganə amil olmadığını vurğulayıb. O bildirib ki, klinik praktikada sağlam qidalanmasına baxmayaraq, erkən mərhələdə yoğun bağırsaq xərçəngi aşkarlanan çoxsaylı pasiyentlərə rast gəlinir.
Alimlər hazırda 50 yaşdan aşağı şəxslər arasında xəstəliyin yayılmasının artmasının digər mümkün səbəblərini də araşdırır, həmçinin ultra emal olunmuş məhsulların hansı növlərinin daha təhlükəli olduğunu müəyyənləşdirməyə çalışırlar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































