WUF13-ün ENERJİ ÜZÜ – Hansı mühüm razılaşmalar ƏLDƏ OLUNDU?

WUF13-ün ENERJİ ÜZÜ – Hansı mühüm razılaşmalar ƏLDƏ OLUNDU?

Hazırda oxunan: WUF13-ün ENERJİ ÜZÜ – Hansı mühüm razılaşmalar ƏLDƏ OLUNDU?

615214

Başa vurduğumuz həftə Azərbaycanın enerji həyatı informasiya baxımından kifayət qədər zəngin oldu. Bu, təkcə ölkədə keçirilən beyləlxalq səviyyədə boyük bir tədbirə ev sahibliyindən irəli gəlmirdi, həmçinin açıqlanan biri-birindən maraqlı məlumatlar və hətta imzalanan sənədlərdən qaynaqlanırdı. 

Qlobal bazarlar

Amma qlobal enerji bazarları yenə də təlatümlü həyatını yaşamalı oldu. Bazar iştirakçıları həm ABŞ dövlət başçısının, həm də Rusiya prezidentinin Çin Xalq Respublikasına səfərlərini diqqətlə izləyirdilər. Görünən o idi ki, artıq Amerika dediyi qədər də gücünü digər ölkələrə diqtə edə bilmir. Elə Vladimir Putin də Çində 40 sənəd imzalasa da, amma onların arasında bu ölkəyə ildə əlavə 50 milyard kubmetr qazın satılması ilə bağlı razılaşma olmadı.
 

MÖVZU İLƏ BAĞLI:

Rekord iştirak, qlobal həmrəylik mesajı - Bakı beynəlxalq məsələlərin müzakirəsində uğurlu PLATFORMA ROLUNDA


Buna görə də, neft qiymətləri həftə ərzində 103-112 dollar arasında gah yüksək artım, gah da eniş etdi. Çünki İrandan və Hörmüz ətrafından o qədər ziddiyyətli xəbərlər gəlirdi ki, bazarın çaş-baş qalmasına təəccüb etmək də olmurdu.

Eləcə də qaz bazarları. Avropada həftə boyu mavi yanacaq 600 dollardan bahalı həddə ticarət edildi. Buna səbəb isə qış mövsümündə nəzərdə tutulduğundan daha çox boşaldılmış yeraltı qaz anbarlarının hazırda doldurulması üçün daha böyük həcmdə qaz idxalı ilə bağlıdır. Tələbin yüksək olması qiymətləri üzüyuxarı aparan amildir.

WUF13

Mayın 17-dən 22-dək Bakıda baş tutan sayca 13-cü Dünya Şəhərsalma Forumu (WUF) ölkəmizin müstəqillik illərində ev sahibliyi etdiyi beynəlxalq tədbirlər çərçivəsində COP29-dan sonra ən masştablı bir platforma idi. BMT-nin şəhərləşmə və urbanizasiya sahəsində ən böyük qlobal platformasının Bakıda keçirilməsi ümumən Azərbaycana olan etimadın nümayişi, həmçinin işğaldan azad edilmiş ərazilərdə cəmi bir beşillik ərzində həyata keçirilmiş yenidənqurma işlərinə verilən qiymət idi. İstərdim ki, forumun niyə bu məsələlərə BMT səviyyəsində gündəliyə gətirilməsi haqda məlumat verim.

BMT 2001-ci ildə bu platformanı yaradıb və bir il sonra qlobal müstəvidə onun keçirilməsinə başlayıb, çünki tədqiqatçılar XXI əsrin əsas qlobal problemlərindən birinin sürətli urbanizasiya olduğu qənaətinə gəlmişdilər. Dünyada şəhərlərə kütləvi köç başlayırdı və bu proses artıq yalnız memarlıq və tikinti məsələsi deyildi.

Problem müxtəlif sahələrə təsir göstərirdi: mənzil çatışmazlığı, gecəqondu və qeyri-rəsmi yaşayış massivlərinin artması, infrastruktur böhranı, nəqliyyat və tıxac problemi, ekoloji çirklənmə, sosial bərabərsizlik və şəhərlərin iqlim dəyişikliyinə dayanıqsızlığı.

BMT bu qənaətə gəlmişdi ki, dövlətlər XXI əsrdə şəhərləşməni yalnız “tikinti” kimi yox, həm də sosial siyasət, enerji, su resursları, nəqliyyat və təhlükəsizlik məsələsi kimi idarə etməlidirlər. Buna görə də hökumətləri, şəhər təhbərlərini, investorları, tədqiqatçıları və vətəndaş cəmiyyətini bir platformada birləşdirən qlobal bir qurum yaradıldı. Nəticədə bu forum belə bir fəlsəfi sual ortaya qoydu: “Şəhərlərin necə idarə olunması insanların firavanlığını və yaşam göstəricisini müəyyən edəcək”.

2025-ci ilin yekunlarına əsasən, artıq dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır və BMT proqnozlaşdırır ki, 2050-ci ildə bu göstərici təxminən 70%-ə yaxınlaşacaq. Yəni gəlinən nəticə budur ki, bu əsrdə əhalinin şəhərləşməsi qarşısı alınmaz bir prosesdir və çıxış yolu şəhərlərin düzgün idarə edilməsinə bağlıdır.

Kim bu məsələlərin həllini daha yaxşı bacaracaqsa, demək onun iqtisadiyyatı da daha sürətlə böyümək imkanı əldə edəcək və əhalisi də digərlərindən daha yaxşı yaşayışa malik olacaq. Ona görə də hesab edirəm ki, ətrafda resurs ölkəsi kimi tanınan Azərbaycanın neftdən sonrakı həyatı üçün bu beynəlxalq tədbirin böyük əhəmiyyəti olacaq.

Bakı-Supsa üzrə yeni razılaşma

İndi isə keçək bu tədbir çərçivəsində Azərbaycanın imzaladığı bir üzü. Mayın 18-də Azərbaycan və Gürcüstan arasında Bakı-Supsa neft kəmərinin Gürcüstan hissəsi üçün əməliyyat müqaviləsinin bağlanmasını nəzərdə tutan yeni bir müqavilə imzalanıb. İmzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.

Gürcüstanın iqtisadiyyat naziri jurnalistlərə bildirib ki, “biz Azərbaycan Dövlət Neft Şirkəti ilə nəqletmə sahəsində yeni əməkdaşlığa başlayırıq, imzaladığımızu müqavilə Mərkəzi Asiyadan Avropaya Gürcüstan vasitəsilə neft tranzitinin bərpasını təmin edəcək və ölkələrimizin büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq”. Yəni Bakı-Supsa kəmərinin Qazaxıstan tərəfinin ixracı şaxələndirmək yönümündə istifadə edilməsinə işarə edilir.

Həqiqətən də bunu, bütün iştirakçı tərəflərin marağına yönəlmiş bir razılaşma adlandırmaq olar.   
 

Mənim əldə etdiyi məlumatlara görə isə, sözügüedən saziş SOCAR, SOCAR Midstream Operations LLC və Gürcüstan Neft və Qaz Korporasiyası arasında imzalanıb. Sənəd isə Qərb İxrac Boru Kəmərinin, yəni Bakı-Supsa neft kəmərinin Gürcüstan hissəsinin, o cümlədən Supsa terminalının gələcək əməliyyat modelinə dair Əsas Şərtlər Sənədi adlanır. Sənəd mövcud əməliyyat razılaşması müddətinin 2026-cı il 8 iyun tarixində başa çatacağını nəzərə alaraq tərəflər arasında əməkdaşlığın yeni mərhələsi üzrə əsas prinsipləri müəyyən edir.


Razılaşmaya əsasən, SOCAR Midstream Operations şirkətinin Qərb İxrac Boru Kəmərinin Gürcüstan hissəsi üzrə eksklüziv operator qismində fəaliyyət göstərməsi nəzərdə tutulur. Yeni əməliyyat modelinin müddəti 20 illik dövrü əhatə edəcək. Şirkət tərəfindən boru kəməri sistemi və Supsa terminalının istismarı və texniki xidməti həyata keçiriləcək. Tərəflər qarşıdakı dövrdə sənəddə əks olunan prinsiplərin hüquqi baxımdan tam qüvvəyə minməsi üçün müvafiq işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycanın artan qaz həcmləri

Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində enerji mövzusuna da toxunub və maraqlı bir hadisənin anonsunu edib. Dövlət başçısı Azərbaycanın qaz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırıqlarını vaxtında həyata keçirirməyi xoşbəxtlik kimi qiymətləndirib və əlavə edib ki, hazırda istehsal səviyyəsi artmaqdadır.

Buna əmin olmaq üçün son bir neçə ilin və bu ilin 4 ayının hasilat göstəricilərinə diqqət yetirmək kifayətdir. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin yanvar-aprel aylarında ölkəmizdə 13 mlrd kubmetrə yaxın əmtəəlik qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.

Yeni qaz yatağı

Dövlət başçısının daha sonra dediklərindən o nəticəni çıxartmaq olar ki, bu ilin ikinci yarısından qaz hasilatının artım tempi daha da çoxalacaq. Çünki... Prezident İlham Əliyev əminliklə əlavə edib ki, “tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik”.

Dövlət başçısı yatağın adını çəkməsə də aydındır ki, söhbət Azərbaycanın ən böyük “Azəri-Çıraq-Günəşli” neft blokundan gedir.

Layihənin operatoru bp tərəfdaşları ilə artıq 2 ilə yaxın idi ki, iş aparırdılar və iyunun əvvəlində artıq buradan təbii qaz hasilatına başlanılacaq.

Qeyd edim ki, indiyə qədər buradan neftlə birgə çıxan səmt qazı hasil edilirdi. Lakin sonrakı tədqiqatlar müqavilə sahəsində təbii qaz laylarının olduğunu da üzə çıxartdı və onlar daha dərində yerləşdiyindən mövcud Hasilatın Pay Bölgüsü sazişinə əlavələr də edildi.

Xatırladım ki, bp geoloqlarının hesablamalarına görə, burada 100 milyard kubmetrdən çox təbii qaz ehtiyatı var. Və əgər nəzərə alsaq ki, bu həcmləri müqavilə müddəti bitənə qədər, yəni 2050-ci ilədək çıxartmaq nəzərdə tutulur, onda bütün quyular qazıldıqdan sonra ilə təqribən 4 mlrd kubmetr əlavə mavi yanacaq çıxarılması mümkün olacaq.
 

Çıxarılan qazın bazarı da bizim üçün məlumdur. “Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq”, deyə Azərbaycan Prezidenti müsahibəsini pozitiv notlarla bitirib.


Niyə də yox! Azərbaycan qısa bir zamanda qaz ixrac edən ölkəyə çevrildi, böyük yatırımlar edib ixrac infrastrukturu yaratdı və ötən ilin yayında dünyanın boru kəməri ilə daha çox ölkəyə qaz ixrac edən 1 nömrəli ölkəsinə çevrildi. Belə nailiyyətlərə niyə də sevinməyəsən.

İlham Şaban, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO