Xanəndə, respublikanın əməkdar artisti Nuriyyə Huseynovanın Moderator.az-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik.
-Nuriyyə
xanım, “Sarı bülbül” sizin üçün nəyi ifadə edir?
-Bu
mahnını mən ifa edəndə nə həyatı, nə də ki, musiqini dərk edirdim. Heç
bilmirdim ki, bu adın mənası nədir, nə üçün ona bu adı veriblər. O zaman öz
uşaq dünyamda idim, mənə elə gəlirdi ki, həyat yeməkdən, oynamaqdan və kor-
koranə şəkildə oxumaqdan ibarətdir. Təbii ki, o yaşda bir qız uşağı nə hiss
edib, nə oxuya bilərdi ki?
Mən
sadəcə oxuyurdum. Televiziyadan eşidib, əzbərləmişdim. Səsimdə şirinlik, avaz
var idi. “Sarı bülbül”ü bir çoxları ifa etmişdi, mən də sevirdim deyə bu
musiqini ifa edirdim. Təbii ki, mənim də səsim, içimdə musiqiyə qarşı sevgi
olmasaydı ifa edə bilməzdim. Zaman keçdikcə bu musiqinin mahiyyətin dərk edirsən.
-Müsahibələrinizdə
də qeyd etmisiniz ki, ”Əməkdar artist” adı sizə bəzi tələbələrinizdən sonra
verildi. Çoxmu həvəsində idiniz bu adın?
-Yox,
həvəsində deyildim. Əslində düşünürəm ki, dövlət bu adları birdəfəlik ləğv etsə
daha yaxşı olar. Çünki layiq olanlar kölgədə qalır, bu adı gec alır, layiq
olmayanlar isə ön plana çəkilir. Bunları görəndə düşünürəm ki, bu adı ya layiq
olanlar almalıdır, ya da ümumiyyətlə ləğv olunmalıdır. Düzünü desəm, bu adın
heç həvəsində də deyildim. Sadəcə insanların qınağından, suallarından
yorulmuşdum. Çünki harda görürdülər sual verirdilər ki, nə üçün sizə “əməkdar
artist” adı verilməyib. Bu suallar məni çox yorurdu. Hər insana, tamaşaçıya
cavab vermək mənə çətin gəlirdi. Indi də eyni halı yaşayıram. Nuriyyə xanım niyə
sizə “Xalq artisti” adı verilmir? Bundan da çox yorulmuşam. Zamanı gəldikdə yəqin
ki, bu ada da layiq görüləcəm. Mənim həyata baxışım, istəyim tamam fərqlidir. Mənim
fikrimcə xalqın artisti olmaq üçün bu titula ehtiyac yoxdur. Xalq səni sevirsə,
izləyirsə, qiymət verirsə, deməli, sən artıq xalqın artistisən.
-Ümumiyyətlə
“Xalq artisti”, “Əməkdar artist” kimi adların sənətkarın həyatı, yaradıcılığı
üçün hansı əhəmiyyəti var?
-Bilirsiniz,
bunlar hamısı sənətkar üçün stimuldur. Yəni sadəcə insan gördüyü işdən
perspektiv axtarır. Hansı isə keyfiyyətli bir iş ərsəyə gətirirsə sonucda bunun
qarşılığında mükafat umur. Belə mükafatlar insana stimul verir. Sənətkar
düşünür ki, onun gördüyü iş hədər getməyib, dəyərləndirilib, xalqda, dövlətdə
onun sənətinə sevgi var. Bu zaman o, sənətini
daha da inkişaf etdirməyə, irəliyə aparmağa cəhd edəcək.
Bugün
məşhur, tanınmış bir insan olmaq o qədər çətin deyil. Təbii ki, düzgün yolla məşhur
olmaq çox çətindir. Gərək bu çətinliklərə davam gətirib yoluna davam edə biləsən.
Əlbəttə, insanın əziyyətlərinin qarşılığı verilməyəndə insan sarsılır, düşünür
ki, sənətimə qiymət vermirlərsə mən kimin üçün, nə üçün çalışıram. Açığı, bu məni
o qədər də narahat etmir. Çünki mən sənətimə və reklamıma pul xərcləmədim. Amma
bunlara rəğmən mən bugün çox sevilirəm, sevənlər məni axtarır, mənə məktublar
göndərirlər. Sənətkar üçün bundan gözəl sevgi, dəyər ola bilməz.
-“Cavad
xan” filmində Cavad xanın həyat yoldaşı Şükufə xanım obrazını canlandırmısınız.
Nuriyyə xanım ilə Şükufə xanım xarakterində hansı oxşar xüsusiyyətlər var?
-Onunla
mənim xarakterimdə oxşar cəhətlər çox idi. İlk növbədə mən də onun kimi çox vətənpərvər,
ailəsinə bağlı, yoldaşına sadiq qadınam. O çox gözəl övladlar böyüdüb. Öz dövrünə
görə ağıllı, müasir qadın olub. Hələ o dönəmlərdə Avropada onun dostları olub,
onlarla məktublaşıb, dəyərli məsləhətlər alıb. Təbii ki, o dövrdə Azərbaycanlı
bir xanımın dünyaya çıxışı çox çətin məsələ idi. Şükufə xanımla mənim
xarakterimdə bir fərq görmürəm. Demək olar ki, bizim xüsusiyyətlərimiz eyni
idi.
-Bu
filmdə oynamaq sizdə aktrisalığa maraq yaratdı. Ürəyinizdə elə bir obraz varmı
ki, onu oynamaq istəyəsiniz?
-Az
öncə də qeyd etdim ki, Şükufə obrazı mənim xarakterimə uyğun rol idi. Yenə də mənim
xarakterimə uyğun olan bir obraz olarsa, yəni mənə belə bir təklif gələrsə məmnuniyyətlə
ifa edərəm. İnsan öz xarakterinə uyğun olan obrazı çox asanlıqla oynayır. Çünki
o sanki özünü oynayır, özünü ifadə edir. Film təbiiliyi sevir, sünilik olduqda
tamaşaçılar tərəfindən qəbul olunmur. Təbii alınması üçün öz xarakterimə uyğun
obrazı qəbul edərəm. Hər halda rejissor insanla ünsiyyətdə olduqda onun
xarakterini çözə bilir. Və o insana hansı xarakterdə obrazın yaraşdığını təyin
edir. Illərdir mən də ictimaiyyət içərisində tanınmış, öz sözünü deyən bir
insanam. Buna görə də özümə uyğun bir rolun öhdəsindən gələ bilərəm.
-Öz
xarakteriniz necədir ki?
-Mən həqiqət
və düzgünlük aşiqiyəm. Mənim üçün yaşamaq çox çətindir. Xarakterimə zidd olaraq
vicdansız, şərəfsiz bir obrazı ifa edə bilmərəm. çünki bu süni alınacaq,
tamaşaçı da bunu hiss edəcək. Nəticədə rejissor qınağa çəkiləcək.
-Müsahibələrinizdə
toylarda ifa etmədiyinizi qeyd etmisiniz?
-Bu yalan sözdür. Mən demişəm ki, toylara gedirəm, ancaq uzun”“uzadı toy aparmıram. Yəni 5-6 saat oxumuram. Toylara 1 saatlıq və mənim sənətimə dəyər verən insanın məclisində iştirak edirəm. Mən getdiyim toyda özümə qarşı hörmət tələb edirəm. İfam zamanı kim isə əlimdən mikrofonu alarsa, ifamı yarımçıq kəsib, hər hansı bayağı mahnı tələb edərsə belə toyda beş dəqiqə belə dayana bilmərəm. Mən özümə də, sənətimə də hörmət edən insanam. Əlbəttə, Nuriyyə Hüseynovanı toyuna dəvət edən insan da sənəti, musiqini anlayan insandır ki, məhz öz şad günündə məni görmək istəyib. Hər insan da məni toyuna dəvət etməyəcək. Çünki insanların musiqi zövqü müxtəlifdir. Hər kəsi eyni musiqini sevməyə biz vadar edə bilmərik. Belə bir söz var ki, insanın dinlədiyi musiqidən onun hansı səviyyəyə, düşüncəyə sahib olduğu məlum olur. Kim hansı təfəkkürün, dünyagörüşün, düşüncənin sahibidirsə ona uyğun da musiqi zövqü olacaq. Ancaq hər zaman qeyd etmişəm ki, klassik musiqi ilə məşğul olan insanların həyat tərzi, yaşayışı elə səviyyədə olmalıdır ki, onlarda toya getməyə ehtiyac olmasın. Bəli, toy sənəti ucuzlaşdırır, aşağılandırır. Allah balalarımızı xoşbəxt etsin, toylarımız, şad günlərimiz bol olsun. Toy xalqımızın gözəl adətidir. Ancaq toy muğam yeri deyil. Bizim musiqi düşündürməyi sevir, əyləndirməyi yox.
-Siz
toylarda hansı musiqiləri ifa edirsiniz?
-Mənim
repertuarım zəngindir. Bura xalq mahnıları, lirik musiqilər, türk kərkük
mahnıları, bəstəkar bəstələri aiddir. Yeri gəldikdə bir parça muğam ifa edirəm.
-Sizcə
toylar ifaçılara nə isə öyrədə bilirmi?
-Bu gün
musiqi öyrənmək elə də çətin deyil. Bunun üçün musiqi məktəbləri, bu sahədə ali
məktəblər belə fəaliyyət göstərir. Sənətdə nəzəriyyə və praktika var. Bunlar ikisi
birləşəndə ortaya gözəl işlər çıxarmaq olar. Məsələn, biz nəzəri olaraq öyrənirik,
praktika isə səhnədir. Sənətkar nə qədər səhnəyə, tamaşaçı qarşısına tez- tez
çıxarsa onun ifası daha gözəl və səlis səslənər, və o daha da püxtələşər.
Toylarda
ifa etmək də bu baxımdan çox faydalıdır. Yəni ifaçı artıq tamaşaçı qarşısında
ifa etməyə alışır. Buna görə də el şənliklərində, konsertlərdə, mərasimlərdə
xanəndə nə qədər çox ifa etsə o qədər də onun faydasını görər. Mən toyun o tərəfin
deyəndə bu tərəfin də qeyd edirəm. Bu sənətdə illərlə çalışmadım ki, toylarda
ifa edim, bir sözlə toy müğənnisi olum. Toyda ifa etmək böyük bir sənət deyil.
Düzdür, toyu idarə etmək çətin işdir. Bir toyda ən azı 300 insan olur. Bunların
fərqli zövqləri, dünyagörüşləri var. Onların hamısını ələ almaq, nazları ilə
oynamaq çətin məsələdir.
Amma qeyd
edim ki, sənətim heç zaman yol verməyib ki, mən oturum toy repertuarı əzbərləyim.
Heç vaxt belə işlərə həvəsim olmayıb, hər zaman ciddi sənət ilə maraqlanmışam,
bu bugün də belədir, hər zaman da belə olacaq.
-Nuriyyə
xanım, həyatda şanslı insan oladuğunuzu düşünürsünüzmü?
-Bəli
, özümü çox şanslı hesab edirəm. Sənəti, istedadı olan insanlar Allahın sevdiyi
insanlardır. Allah bu cür gözəl səsi mənə veribsə, deməli, mən şanslı insanam. Səsimlə
bərabər Allah mənə həm də ağıl verib. Sənət, ağıl, təhsil və həyatda gözəl
insan olmağı da Allah mənə nəsib edib. Bütün bunların nəticəsində ortaya yaxşı
işlər qoya bilirəm. Çox insan ailədə uğursuzluqlar olanda bunu qismətlə
bağlıyır. Mən belə düşünmürəm. İnsan ailəni, uşaqları, valideynləri də ağılla və
səbrlə idarə edə bilər.
-Sizcə
ailəni idarə edən qadındır ?
-Ailəni
idarə edən qadındır. Qadın böyük qüvvədir. Kişi nə qədər güclü olursa-olsun, evə
nə qədər qazanıb gətirsə də, evdə hüzur, istilik yoxdursa həmin ailədə hər
zaman problemlər olacaq. Uşaqlarla da atanın münasibətlərini qadın tənzimləyir.
Hətta gəlinin, kürəkənin qaynata ilə münasibətlərinin formalaşmasında, arada
hörmət pərdəsinin olmasında qadının rolu böyükdür. Hər güclü kişinin arxasında
bir qadın dayanır. Kişilər nə qədər güclü görünsələr də, qadından yaşca kiçik
olsalar da, daxilən uşaq xarakterli olurlar. Dillərinə gətirməsələr də, hər
zaman sevgiyə, qayğıya ehtiyac duyurlar. Bizim ailəmizdə də mənim həyat
yoldaşım yaşca məndən böyük olsa da elə bilirəm ki, mən ondan daha böyüyəm. Hiss
edirəm ki, o məndən qayğı, nəvaziş gözləyir. Övladlarıma necə qayğı göstərirəmsə,
ona da elə. Atalarına qarşı sevgini, hörməti övladlarıma aşılamışam. Onlara hələ uşaqlıqdan
atalarına qarşı diqqətli olmağı, ona qulluq etmələrini öyrətmişəm. Çünki biz
ailəmizdə də belə görmüşük. Mənim atamla anam bir- birilərinə çox bağlı
insandırlar. Atam evə gələndə biz tez özümüzü yığışdırardıq. Hər zaman ona hörmətlə
yanaşmışıq. Bu gün bütün ailələrdə problemlər yaşanır. Bunlar da əsasən
insanların bir birini anlamamasından, sayqısızlıqdan irəli gəlir. Mən qızıma
da, oğluma da , gəlinimə də öz ailələrinə qarşı diqqətli, qayğılı, sayğılı
olmağı təbliğ edirəm.
-Həyatda
sizi nə yaralaya bilər?
-Mən
bütün zərbələri, ağır yükləri qaldırmağa hazır olan bir insanam. Həyatda kimsə
mənə zərbə vura bilməz. Əgər mənim həyatda ciddi bir nöqsanım, səhvim olmayıbsa
kiminsə mənə zərba vurmasından nəyə görə qorxmalıyam ki? Zərbəni mənə Allah
vurmasın. Hər zaman düşünmüşəm ki, Allah yıxanı heç kim qaldıra bilməz. Hər
zaman dua edirəm ki, Allah məni övladlarımla imtahana çəkməsin.
Lalə
Novruzlu

































































































