Azərbaycanın turizm potensialı böyük olsa da, əksər ekspertlərin fikrincə, bu imkanlardan tam şəkildə istifadə olunmur. Bununla bağlı zaman-zaman məsələ qaldırılır, problemə səbəb kimi bəzi nüanslar ön plana çıxarılır.
Son olaraq, dekabrın 14-də “Turizm haqqında” qanunun Milli Məclisdə müzakirəsi zamanı deputat Siyavuş Novruzov mövzu ilə bağlı maraqlı fikirlərlə yadda qalıb.
Belə ki, millət vəkili Azərbaycana turist axınına mane olan səbəblərdən biri kimi, ölkəmizə təyin olunan xarici ölkə səfirlərinin əks-təbliğatını nümunə göstərib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda turizm bələdçilərinə milli sertifikat veriləcək
Siyavuş Novruzovun bildirdiyinə görə, bəzi səfirlər 2,3 qat daha yuxarı əmək haqqı almaq üçün, Azərbaycanı döyüş bölgəsi kimi təqdim etməyə çalışıblar.
“Nəticədə, xarici turistlər Azərbaycana səfər etmək niyyətlərindən daşınıblar”, - deyə millət vəkili qeyd edib.
Siyavuş Novruzovun ön plana çıxardığı səbəbin turist axınına təsirini müəyyən etmək üçün turizm eksperti ilə əlaqə saxladıq.
Bizim.Media-ya verdiyi müsahibəsində turizm eksperti Rəhim Qədirov 30 illik konflikt dönəmində də Azərbaycanın beynəlxalq hesabatlarda turistlər üçün təhlükəsiz ölkə kimi qeyd olunduğunu bildirib:
“30 illik münaqişə dönəmində belə Azərbaycan xarici dövlətlərdən gələn turistlər üçün hər zaman stabil və güvənli ölkə sayılırdı. Bunu yalnız biz, turizm ekspertləri deyil, eyni zamanda xarici turizm təşkilatları da öz hesabatlarında qeyd ediblər. Ancaq biz qələbə qazandıq və Cənab Prezidentin də dediyi kimi münaqişəyə son qoyuldu.
Bu isə o deməkdir ki, indi Azərbaycan turistlər üçün daha stabil və sakit ölkəyə çevrildi. Buna görə də, mən düşünürəm ki, sözügedən məsələ gələn turistlərin sayında o qədər də böyük rol oynamayacaq”.
Ekspert Azərbaycanda keçirilən beynəlxalq yarışların ölkədəki təhlükəsiz mühitin bariz sübutu olduğunu da qeyd edib:
“Təbliğat məsələsi ilə, həm səfirliklər, həm diaspora, həm də biz fəaliyyət göstərdiyimiz və ziyarət etdiyimiz məkanlarda xaricə ölkə vətəndaşlarına və turistlərə Azərbaycanla bağlı dolğun məlumat veririk. Bundan əlavə, Azərbaycanda təşkil olunan müxtəlif dünyəvi yarışlar da satbilliyin təcəssümüdür.
Bu nüans xaricdə təbliğatın aparılmasında mühüm rol oynayır. Eyni zamanda Dövlət Turizm Agentliyi də xarici ölkələrdə təşkil olunan tədbirlərdə, sərgi və təqdimatlarda bu məsələyə dair bir çox işlər görür və görəcək.
Ona görə də, səfirlərin bu ziddiyyətli fəaliyyəti Azərbaycana gələn turistlərin sayının azalmasında o qədər də böyük rol oynamayacaq”.
Murad Əhmədov, Bizim.Media