Bakıda keçirilən U-17 dünya çempionatında 71 kq çəki dərəcəsində qızıl medal qazanan erməni güləşçi Yanes Nazaryan yarışın təşkilatçılığını yüksək qiymətləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə idmançı jurnalistlərə açıqlamasında danışıb.
Nazaryan bildirib ki, Azərbaycan paytaxtında iştirakçılar yüksək səviyyədə qarşılanıblar.
“Əhvalımız çox yaxşıdır. Yarışlar yüksək səviyyədə təşkil olunub, iştirakçılar da kifayət qədər güclü idilər. Çempionatın hazırlanmasında əməyi olan təşkilatçılara və hər kəsə təşəkkür edirəm. Rəqiblərimin hamısı güclü idi. Onların arasında zəif idmançı yox idi, əksinə, hamısı çox yaxşı hazırlaşmışdı. Amma mən daha yaxşı çıxış edərək uğurlu nəticə əldə etdim”, – deyə o bildirib.
Erməni idmançı həmçinin vurğulayıb ki, Bakıda həm təşkilatçılar, həm də dövlət səviyyəsində onlara səmimi münasibət göstərilib.
“Hər şey qaydasında idi. Bizi çox yaxşı qarşıladılar”, – deyə Yanes Nazaryan əlavə edib.
Bizim.Media

































































































