““Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi günün tələbidir”

““Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi günün tələbidir”

Hazırda oxunan: ““Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi günün tələbidir”
586316
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.  “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi günün tələbidir. Çünki qüvvədə olan qanun 1992-ci ildə qəbul olunub və ötən 30 il ərzində ictimai-siyasi həyatımızda, siyasi münasibətlərdə  mühüm dəyişikliklər baş verib. Bütün bunlar yeni qanunun hazırlanıb qəbul olunmasını zəruri edir. Yeni qanun layihəsinin hazırlanması Azərbaycan Respublikasında demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış mühüm addımdır. Çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilik sahəsində atılan bu addım təqdirəlayiq haldır”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat hesab edir ki, “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı ictimai fikrin öyrənilməsi tamamilə təmin olunub. Beləki, Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib və 47 siyasi partiyadan 250-dən çox təklif alınıb: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına (23 noyabrda keçirilmişdir) çıxarılmazdan əvvəl Qanun layihəsi sentyabr ayının 7-si Milli Məclisin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib. Bundan başqa Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib (40 sual verilmişdir). Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib. Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib (cəmi 110 düzəliş). Həmçinin, onu da qeyd etməliyik ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb, Milli Məclisin saytında yerləşdirilib, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Qeyd edək ki, ictimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. Bir sözlə, siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər, təkliflər sənəddə öz əksini tapıb, o cümlədən  yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər azaldılıb. Layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılıb.

 

Millət vəkili bildirib ki, müxtəlif platformalarda geniş müzakirələrin təşkil edilməsində məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasına, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə nail olmaq olub. Məhz bu məqsədlə də müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlər qanun layihəsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Siyasi partiya rəhbərlərinin və nümayəndələrinin, eləcə də, QHT-lərin  iştirakı ilə keçirilən ictimai dinləmələr Milli Məclisin müzakirələrə açıq olduğunu və ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha nümayiş etdirdi.

 

 “Siyasi partiyalar haqqında” qanun layihəsində 66 dəyişiklik edildiyini diqqətə çatdıran millət vəkili yeni Qanunda diqqət çəkən bəzi məqamları xüsusilə qeyd edib. Qanun layihəsinin 6.1-ci maddəsində qeyd olunan siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün üzvlərin sayının 10 min göstərilməsi idi. Qanun layihəsinin dəyişikliklər olunmuş sonuncu variantında bu sayın 5 minə endirildiyini görürük. Bununla yanaşı, ciddi müzakirə olunan maddələrdən biri də 5.1-ci maddədə göstərilən  siyasi partiya təsisçilərinə qoyulan  20 il tələbi ilə əlaqədar idi. Yeni Qanunda bu məsələnin də öz həllini tapmış olması Azərbaycanda siyasi plüralizmin hökm sürdüyünün növbəti təzahürüdür. Eyni zamanda, Qanunda 3 faizlik baryer də götürülmüşdür. Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq, siyasi rəqabəti gücləndirmək, hər bir vətəndaşın səsi uğrunda mübarizə aparmaq, seçiciləri partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir. Bu baxımdan Qanun layihəsinin 25.2.4 və 25.2.5-ci maddələri olduqca mühüm əhəmiyyət kəsb edir. Həmçinin, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ olmayacaq. Siyasi partiya öz orqanları və struktur qurumları, partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, həmçinin qeyd edilmiş subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına görə cavabdehlik daşıyacaq.Şübhəsiz ki, yeni Qanun Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəddir. Hazırlanan sənədin ictimai əhəmiyyəti və onun siyasi sistemdə yaradacağı dəyişikliklər müsbət qiymətləndirilməlidir.

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, yeni Qanunun layihəsi hazırlanarkən 24 ölkənin, o cümlədən Avropa ölkələrinin də təcrübəsi öyrənilib.  Yeni qanunda siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapır. Yeni qanunun qəbulu ölkəmizdə siyasi münasibətlərin inkişafına, partiyaların cəmiyyət həyatında iştirakçılığının artmasına böyük töhfələr verəcək.

 

“Göründüyü kimi, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu demokratik inkişaf yolunda  atılmış uğurlu addımlardan biridir və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Diqqət yetirilməli olan əsas məqamlardan biri də yeni Qanunun ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir”, millət vəkili Tamam Cəfərova belə deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO