Görəsən, bu dəyişikliklərin hazırlanması zamanı Milli Məclisin Elm və Təhsil Komitəsinin rəyi və ya hər hansı tövsiyyəsi nəzərə alınırmı, yaxud heç olmasa onları bu barədə məlumatlandırmaq zərurəti yaranırmı?
Moderator.az bu suallarla Milli Məclisin Elm və Təhsil Komitəsinin rəhbəri Şəmsəddin Hacıyevə müraciət edib. Komitə sədri deyib ki, buna lüzum yoxdur və nazilrik bu tip işlərin aparılmasında səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir:
"Təhsil Nazirliyi icraedici orqandır. Bu qurumun bizimlə razılaşmasına heç bir ehtiyac yoxdur. Təhsilin inkişaf strategiyası var və cənab prezident tərəfindən təsdiq olunub. Məhz həmin strategiyaya da uyğun olaraq Təhsil Nazirliyi islahatlar aparır. Bunu normal qəbul etmək lazımdır. O ki, qaldı qanunvericilik bazasına, biz 2009-cu ildə "Təhsil haqqında" çərçivə qanunu qəbul etmişik. Həmin qanun cənab prezident tərəfindən təsdiq edilərək qüvvəyə minib. İndi artıq işçi qrupları səviyyəsində iş gedir. Həm ümumi orta təhsil, həm də ali təhsil haqqqında qanun layihələri hazırlanır. Biz artıq komitənin dünənki iclasında orta təhsil haqqında işçi qrupu yaratdıq. Ali təhsil haqqqında isə işçi qrupu çoxdan yaradılıb və demək olar ki, qanunun 70 faizi hazırdı. Amma bu sessiyada əsas məqsədimiz "Elm haqqında" qanun layihəsini müzakirəyə çıxarmaqdır."
































































































