Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin fevralın 20-də Azərbaycana səfər edəcək.
Avropa.info xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev mətbuat konfransında bildirib.
Parlament sədri Azərbaycan Prezidenti, Milli Məclisin sədri ilə görüşəcək. İki ölkənin parlamentləri arasında əməkdaşlığa dair sənəd imzalanacaq.
Səfir deyib ki, Azərbaycanla Qazaxıstan arasında həmişə çox yaxşı münasibətlər olub. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq dinamik inkişaf edir: "İki ölkəni dərin əlaqələr birləşdirir. Bizim münasibətlərimiz yalnız siyasi-iqtisadi deyil, humanitar, mədəni sahədə də inkişaf edir".
Diplomat deyib ki, bu il qarşılıqlı olaraq iki ölkə arasında bir sıra yüksək səviyyəli səfərlər həyata keçiriləcək. Onun sözlərinə görə, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov Azərbaycana səfər edəcək.
Bu il prezident İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir. Hələlik bununla bağlı danışıqlar gedir.





































































































