Müsavat Partiyasının Milli Şuradan ayrılması məsələsi son günlərin ən çox müzakirə edilən olayları sırasındadır. Prezident seçkilərindən öncə Milli Şurada təmsil olunan və bu qurumun aparıcı qüvvələrindən hesab edilən Müsabat Partiyası seçkidən sonra Milli Şuranı tərk etmək niyyətini açıqlayıb ki, ictimai-siyasi sferada müxalif partiyanın bu istəyinə münasibət müxtəlifdir. Bəzi siyasilər Müsavat Partiyasının bu istəyini haqlı hesab etsə də, baş verənləri Milli Şuraya zərbə kimi dəyərləndirənlər də az deyil. Bəzi ekspertlər hesab edir ki, Müsavat Partiyasının ölk mətbuatında Milli Şuraya qarşı cəbhə açması müxalifətin ən böyük güc mərkəzini parçalamaq cəhdidir. Bu baxımdan bəzi siyasilər hesab edir ki, Müsavat Partiyasının Milli Şuradan getməsi əslində adıçəkilən qurumun da maraqlarına xidmət edir. Məsələn, Milli Şura üzvü Eldəniz Quliyev hesab edir ki, Müsavatın Milli Şura sıralarını tərk etməsi müxalif güclərin ən böyük koalisiyasının daha sağlam ittifaqa çevrilməsinə səbəb olacaq ki, bu da müvəffəqiyyətli mübarizə üçün zəruri şərtdir.
Moderator.az-ın məlumatına görə, Milli Şura sədri Cəmil Həsənli isə hesab edir ki, Müsavatın Milli Şuranı tərk etməsi onların fəaliyyətinə ciddi şəkildə təsir etməyəcək: “Təbii ki, biz Müsavat Partiyasının Mili Şuradan ayrılmasını arzulamırıq. Hesab edirik ki, biz siyasi-milli prosesə birgə başlamışıq və bunu bir yerdə də başa çatdırmalıyıq. Bizim üçün çox xoş olardı ki, Müsavat Partiyası da Milli Şurada qalsın və beləliklə də prosesi birgə davam etdirək. Doğrusu, biz hələ də Müsavatın Mili Şuradan gedəcəyini gözləmirik. Lakin şübhəsiz ki, bu məsələdə son söz Müsavat Partiyasına məxsusdur. Əgər partiya Milli Şuranı tərk etməklə bağlı qərar verərsə, o zaman bizim edəcəyimiz heç nə qalmayacaq”.
C.Həsənli Milli Şuranın 2014-cü illə bağlı fəaliyyət proqramına da malik olduğunu qeyd etdi. Milli Şura sədrinin sözlərinə görə, hazırda məlum fəaliyyət proqramı müzakirəyə çıxarılıb: “Milli Şuranın gələcək fəaliyyət proqramı ötən sessiyada müzakirəyə təqdim olunub. Sosial, iqtisadi, siyasi, mədəni, milli fəaliyyətlə bağlı məsələlərin icrası nəzərdə tutulub. Il boyu məlum fəaliyyət proqramının həyata keçirilməsi istiqamətində də lazımi addımlar atılacaq və çalışacayıq ki, nəzərdə tutduğumuz işlərin hamısını həyata keçirək”.
C.Həsənli Qarabağ qazisi Zaur Həsənovun intiharına da münasibət bildirdi. Milli Şura sədrinin sözlərinə görə, Z.Həsənovla bağlı baş verən bu olay hakimiyyətin xalqa zidd siyasətinin nəticəsidir və məlum faciə həmrəylik günü və yeni il şənliyi ilə bağlı əhval-ruhiyyəyə də mənfi təsir göstərir: “Bizim qarşıdan gələn bayramlarla bağlı xalqa müraciətimiz olacaq. Amma son günlər Zaur Həsənov olayı ilə bağlı baş verən hadisə fonunda bayram əhval-ruhiyyəsini aradan qalxır. Z.Həsənovla bağlı baş verən üzücü olay bayram əhval-ruhiyyəsini arxa plana keçirir Biz çox təəssüf edirik ki, Z.Həsənovun problemləri ilə bağlı məsələ bu cür faciəvi şəkildə yekunlaşdı. Biz insanları intihara sürükləyən mövcud siyasətdən təəssüf hisi keçiririk. Təəssüf edirik ki, bu gün ölkədə elə bir siyasət həyata keçirilir ki, əlacsız qalan vətəndaşlar öz həyatlarına qəsd etməli olurlar”.
Seymur Əliyev


































































































