Gələn həftə Milli Məclisdə 2014- cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılacaq, hökumət üzvlərinin də iştirak edəcəyi toplantıda deputatların qaldırdıqları problemlərin, edəcəkləri təkliflərin cavablandırılmasına çalışılacaq. Xatırladaq ki, ötən il Bərdədən deputat seçilmiş Zahid Oruc diqqətçəkən bir məsələyə toxunaraq Bərdədə Qarabağ Dövlət Universiteti yaradılmasının zəruriliyini hökumət üzvlərinin qarşısında qaldırmışdı. O vaxt hökumət üzvlərindən kimsə bu məsələyə reaksiya bildirməmişdi. Bu da təbii idi. Çünki təklif nə qədər cəlbedici və orijinal olsa da bu kimi məsələlərin ancaq prezidentin siyasi iradəsindən asılı olduğunu bildiklərindən hamı susmağa üstünlük vermişdi...
Ancaq
deyəsən artıq “buz” sınıb və əslində “Qarabağ” brendinin Azərbaycanın vizit
kartı olduğunu bir daha dünyaya bəyan edəcək çox maraqlı bir ideyanın həyata
vəsiqə almasına sayılı günlər qalıb. Belə ki, Moderator.az-ın əməkdaşı bu
dəfəki büdcə müzakirələrində Zahid Orucdan təkrar həmin məsələnin
qaldırılıb-qaldırılmayacağını soruşduqda millət vəkili deyib ki, artıq bu
məsələ demək olar ki, həllini tapmış sayıla bilər. Oktyabrın 7-də prezidentin Bərdəyə
səfərində bu məsələ Zahid Oruc tərəfindən İlham Əliyevə məruzə olunub və ideya
ölkə rəhbərinin çox xoşuna gəldiyindən dərhal müvafiq iş aparılması üçün
göstəriş verib. Bununla da çox təqdirəlayiq və həyati əhəmiyyət kəsb edən bir
ideya gerçəkləşmiş olacaq. Nə deyirik, millətimiz, dövlətimiz, Qarabağımız üçün
xeyirli, uğurlu olsun, bir ox kimi ermənilərin və ermənipərəst dünyanın gözünə
batsın. Amin!
































































































