Maraq hissinin sərhəd tanımadığı çoxdan məlumdur. İnsanın ən mürəkkəb xüsusiyyətlərindən biri olan maraq onu ən uca zirvəyə də qaldırar, uçuruma da aparar. Lakin boş maraq heç bir fayda verməsə də müxtəlif formalarda özünü göstərir. Bəzən isə sadəcə nəyisə güdməklə insanın gizli marağını “öldürməyə” kömək edir.
Hətta bu cür vərdişlərdən birini qeyd etmək üçün xüsusi bir gün də təsis edilib: 12 sentyabr — Yad Pəncərələrdən İçəri Baxma Günüdür. 2000-ci illərdə təsis edilmiş qeyri-rəsmi bayramdır.
Belə bir maraq nə ilə izah olunur? Nə üçün başqalarının pəncərəsindən içəri baxmaqdan zövq alırıq?
Psixoloqlar bu qəribə istəklə bağlı müxtəlif izahatlar verirlər. Məsələn, bir çoxları başqalarının pəncərəsindən içəri baxır, çünki onlarda ailə istiliyi və ya rahat ev mühiti çatışmır. Çox vaxt işıqlı bir pəncərə yad bir insanın həyatından sadə, gündəlik bir mənzərəni göz önünə sərir.
Pəncərəyə nəzər salmaqla, interyeri, orada baş verənləri və sakinlərin görünüşünü müşahidə etməklə insanlar şüuraltı olaraq özlərini həmin vəziyyətdə təsəvvür edirlər.
Bəziləri isə deyirlər ki, pəncərədən içəri baxmaq vərdişi çox vaxt darıxmaqdan irəli gəlir. Gəzə-gəzə izləyir ki, görsün kimin evi daha yaxşıdır, kim səliqə-sahmanlıdır, kim zövqlüdür. Dolğun və maraqlı həyat yaşayan insanın isə başqalarını gizlicə izləməyə vaxtı olmur.
Bir qrup mütəxəssis də məsələyə simvolik yanaşır: pəncərələr insanın daxili aləmi, yəni şəxsi məkanı və evdəki sığınacağı ilə xarici dünya arasında bir sərhəd rolunu oynayır. Gecələr işıqlı bir pəncərə tez-tez rahatlıq, istilik və ev rahatlığı hissi yaradır, başqalarının həyatındakı sadə, gündəlik səhnələri görməyə imkan verir.
Amma burada etik qaydaları və sərhədləri unutmaq olmaz. Şəxsi sərhədlərin, özəl həyatın toxunulmazlığı hüququ, həmçinin başqasının mülkünə icazəsiz daxil olmağa qarşı qanunları xatırlamaq mütləqdir.
Şəfiqə Şəfa, Bizim. Media



































































































