Dünyada bütün xərçəng hallarının 40 faizə qədəri həyat tərzinə düzəlişlər etməklə qarşısı alına bilən səbəblərdən qaynaqlanır.
Bizim.Media lenta.ru-ya istinadla xəbər verir ki, cərrah, onkoloq Yaroslav Kolosovski orqanizm üçün ən təhlükəli üç gündəlik vərdişin adını açıqlayıb.
Mütəxəssis ən böyük risk faktorları sırasına birinci növbədə tütün istifadəsini daxil edib. Mütəxəssisin sözlərinə görə, tütün tüstüsünün tərkibində 43 məlum xərçəngörədici (kanserogen) maddə var.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, siqaret çəkmək 12 müxtəlif bədxassəli şiş növünün yaranma riskini dəfələrlə artırır. İkinci əsas səbəb yanlış qidalanmadır. Onkoloq bildirib ki, statistikaya əsasən, xərçəng hallarının 35 faizə qədərinə məhz düzgün olmayan rasion təkan verir.
Emal olunmuş qırmızı ətin (kolbasa, sosiska, bekon), yüksək duz, şəkər və konservant tərkibli məhsulların mütəmadi qəbulu mədə, yoğun bağırsaq və mədəaltı vəzi xərçənginin yaranma ehtimalını yüksəldir.
Üçüncü təhlükəli vərdiş isə həddindən artıq ultrabənövşəyi şüalanmadır. Saat 10:00-dan 16:00-dək günəş altında uzun müddət qalmaq və tez-tez solyariyə getmək melanoma və digər dəri xərçəngi növlərinin əsas yaranma səbəblərindən biridir.
Bizim.Media




































































































