Xalq arasında zəli terapiyası elə geniş yayılıb ki, kimin canı ağrısa, yeri gəldi-gəlmədi, hamı ya zəli, ya da hicama qoydurmağı məsləhət görür. Baş, boyun, damar, oynaq fərq etməz zəlinin hər dərdə dərman olduğuna inananlar çoxdur.
Biz niyə zəlidən zəli kimi yapışmışıq?
Zəli terapiyası istər ənənəvi, istərsə də alternativ tibdə var, həm də özünü İbn Sinadan bu yana təsdiqləmiş metoddur. Hər halda yaxşı nəticəsi olmasaydı minillərdir insanların dərdinə çarə olmazdı.
Amma zəlini hara gəldi, necə gəldi istifadə etmək olarmı? Zəli terapiyası ümumiyyətlə tibbi cəhətdən qəbul olunurmu?
Həkim-terapevt Yaşar Ələkbərov Bizim.Media-ya açıqladı ki, bəzi hallarda hətta möcüzəvi nəticələri olur.
“Zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Bu ağız suyunun tərkibində olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənib. Onun seliyində olan hirudin maddəsi qanın laxtalanmasının qarşısını alır, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiyanın qarşısını alır.
Hirudin, eyni zamanda, yüksək təzyiqi azaldır, yaraları bərpa edir və sağalma sürətlə gedir. Stenokardiya, maddələr mübadiləsi pozulduqda, osteoxondroz (duzlaşma), uroloji, mədə-bağırsaq, ginekoloji, revmatizm, dəri xəstəliklərində zəli ilə müalicə müsbət effekt verir”.
Həkim diqqətə çatdırdı ki, zəli ilə müalicə yalnız təcrübəli əllərdə xeyirlidir. İlk növbədə yalnız həkim tərəfindən təyin olunmalıdır. Çünki bəzi xəstəliklər zamanı (hemofiliya, ağır anemiyalar, allergik və onkoloji xəstəliklərdə) zəli əks göstəriş sayılır.
Zəli xəstə orqanı necə hiss edib tapır?
“Zəlini buraxaq, özü xəstə yeri tapsın, belə kustar üsulla müalicə yolverilməzdir. Zəlinin xəstə orqanı hiss edib tapmasının elmi əsası yoxdur. Düzgün prosedurda mütəxəssis zəlini müalicə olunacaq sahəyə özü yerləşdirir. Zəini buraxsan, istilik, hərəkətlilik olan yerlərə də səhvən yapışa bilər ki, bu da çox təhlükəlidir”.
Qeyd edək ki, dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var. Hətta bütün dünyada zəlinin ən yaxşı növü olan Şərq zəlisi məhz Azərbaycandadır. Maraqlıdır ki, zəlinin ən təhlükəli növü Ermənistanda yaşayır. Bu ölkədə “At zəlisi” kimi tanınan zəli hər hansı canlıya yapışıb, qanını sorur və öldürür.
Daha bir maraqlı fakt isə zəli müalicəsinə hazırlaşanlarım işinə yaraya bilər: xəstənin qanında alkoqol varsa və ya seansdan əvvəl siqaret çəkibsə, ümumiyyətlə çox siqaret çəkəndirsə, zəli ona yapışmır.
Şəfiqə Şəfa, Bizim.Media


































































































