“Beynəlxalq təcrübəyə — Avropa ölkələrinə, Amerika və Kanadaya baxsaq, bəzi ixtisaslar üzrə bakalavr təhsilinin 4 ildən 3 ilə endirildiyinin şahidi oluruq. Əlbəttə, bu, bütün ixtisaslara şamil edilmir. Hətta Türkiyə də bu istiqamətdə lazımi addımlar atmağı və müzakirələr aparmağı planlaşdırır”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Yenisabah.az”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev deyib.
O bildirib ki, bütün ixtisasların tədris müddətinin 3 ilə endirilməsi doğru qərar deyil:
“Bakalavriat təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi ümumilikdə əlverişli və mümkündür. Məsələn, hər hansı bir özəl kurs kompyuter yönümlü ixtisası, mühasibatlığı və ya vergi proqramlarını 1 il ərzində öyrədə bilirsə, universitet bunu 3 ilə çox rahatlıqla öyrədə bilər. Lakin bunun bütün ixtisaslar üzrə tətbiq olunması doğru deyil.
Misal üçün, hüquq ixtisası çox çətindir; buraya Avropa hüququ, korporativ hüquq və digər geniş sahələr daxil olduğu üçün tədris müddətini 3 ilə endirmək məqsədəuyğun olmazdı. Eləcə də tibb, stomatologiya və fizioterapiya kimi ixtisaslarda müddətin azaldılması müəyyən çətinliklər yarada bilər.
Eyni zamanda, ciddi praktika tələb edən inşaat və maşın mühəndisliyi kimi sahələrin də 4 ildən 3 ilə endirilməsi düzgün hesab olunmaz. Lakin təbiət elmləri, sosial elmlər, pedaqoji, kənd təsərrüfatı, iqtisadiyyat, mühasibat və kompyuter yönümlü ixtisasların tədris müddətinin 3 ilə endirilməsi ən optimal variantdır. Avropada bu ixtisaslar üzrə 3 illik təhsildə hər hansı problem yaşanmırsa, bizdə də bu modeli uğurla tətbiq etmək olar”.
Ekspert əlavə edib ki, əsas məsələ tədris müddətinin azaldılması və ya artırılması deyil, tədris prosesinin tələbəyə yüksək səviyyədə çatdırılmasıdır:
“Burada əsas məsələ tədris müddətinin azaldılması və ya artırılması deyil, tədris prosesinin tələbəyə yüksək səviyyədə çatdırılmasıdır. Universitetin verdiyi təhsili tələbə gözəl şəkildə mənimsəyə və ixtisasına yiyələnə bilirsə, vacib olan amil budur. Təhsili 7 il də versək, əgər sistem düzgün qurulmayıbsa, tələbə yenə də heç nə öyrənə bilməyəcək.
Ona görə də universitetlər öz məsuliyyətlərini dərk etməli və cəmiyyətə savadlı kadr, yetkin vətəndaş qazandırmağı özlərinə əsas məqsəd seçməlidirlər. Dünya təcrübəsində bu proses 3 ilə reallaşdırılırsa, deməli, bizdə də müddəti azaldıb keyfiyyətli təhsil vermək mümkündür”.
R.Nurəliyev vurğulayıb ki, universitetlər təkcə tələbə ödənişləri ilə maliyyələşməməlidir:
“İkinci bir məsələ isə universitetlərin maliyyələşməsidir. Qanunvericilikdə bu dəyişiklik reallaşarsa, fərq qoyulmadan həm dövlət, həm də özəl universitetlərə şamil olunacaq. Universitetlər sadəcə təhsil haqqı hesabına dolanmamalıdır. Məsələn, Türkiyənin Anadolu Universitetində 3 milyona yaxın tələbə təhsil alır. Bu müəssisə distant və əlavə təhsil xidmətləri verməklə, korporativ xidmətlər göstərməklə və istehsalatla da gəlir əldə edir”.
Qeyd edək ki, Azərbaycanda bakalavr pilləsində təhsil müddətinin azaldılması məsələsinin müzakirəyə çıxarılması təklif olunur. Bununla bağlı Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi gündəmə gətirilib.
Bizim.Media

































































































