"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayevin ölkə rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev və KİV-lərə ünvanlanmış yeni müraciətinə münasibət bildirib.xa0
Moderator.az Asif Mərzilinin mövzu ilə bağlı fikirlərini təqdim edir.xa0
- Məsələ ondadır ki, son illər, kim Elşad Abdullayev kimi Azərbaycandan qaçıb aradan çıxırsa və rəqibi həbs olunursa, dərhal dil pəhləvanına çevrilir... Və diqqəti çəkən bir də budur ki, ölkəni bu və ya digər səbəblərdən tərk edənlərin böyük hissəsi xaricdə yaşamaq statusu alandan sonra bu yolu tutur. Belə "dil pəhləvanlığı"na nə var? Oğul odur bizim kimi Azərbaycanda olaraq hər çətinliyə dözə, bacardığı qədər mübarizəsini davam etdirə... Bizim anamız ölməsin, Vətəni ki tərk edib qaçmamışıq. Xaricə gedən kimi məlum olur ki, onların hüquqları pozulubmuş... Təsəvvür edin, əgər YAP üzvü, universitet rektoru, MTN-nin, BDU-nun professoru, saysız-hesabsız orden-medallı, Misir Mərdanovun kabinetini az qala təpiklə vurub açan, Prezident Administrasiyasındakıların qapıları üzünə taybatay açıq olan, DİN-nin, Baş Prokurorluğun, MTN-nin qapıları isə üzünə günün 24 saatı açıq qalan, az qala hüquq mühafizə orqanlarında çalışanların hamısının müəllimi olmuş... Elşad Abdullayev indi hüquqlarının pozulmasından danışırsa, təsəvvür edin ki, biz nə etməliyik... Qısası, MTN-nin son məlum həbs edilənləri qalanlar üçün bir hədə ünvanına çevrilib. Elşad Abdullayevin başa düşdüyü dildə desəm, kimin toyuğu itibsə, indi Akif Çovdarovun və ya digərlərinin üstünə ata bilər. Gülməli məqamdır. Akif Çovdarov kimi qaniçən niyə Elşad Abdullayevi "Təzadlar" qəzetindəki yazılarla hədələyirmiş? Məgər Elşad Abdullayevin minlərlə saxta diplom verdiyi və ağlar qoyduğu tələbələri, onların valideynləri bəs deyildi üzünə durduzub sorğu-sual etmək üçün? TQDK sədri Məleykə xanım Abbaszadə hələ 2009-cu ildə özü rəsmi açıqlama vermişdi ki, ABU-nun saxta diplomları ilə dövlət qulluğuna girmək istəyən 118 məzunu aşkarlamışıq... Hansı ki, sonralar E.Abdullayev özü də dedi ki, bu işləri nazir Misir Mərdanovun bazarlığı ilə birgə ediblər. İkincisi, əgər doğrudan da Akif Çovdarov onu dindirərkən (dindirmə protokolu varsa, yəqin orda yazılıb) "Təzadlar"dakı faktları da ondan soruşub sorğu-sual edirmişsə, mən buna çox sevinirəm. Qəzet belə olar də! Hər halda, Akif Çovdarov, Elşad Abdullayev demiş, qaniçən, cəllad olsa da, prezident sərəncamı ilə general olmuş şəxs idi və heç də ağılsız adam deyildi. Deməli, bu general "Təzadlar"dakı təhlilli yazıları oxuyub, rəhbərliyə məruzə edib ki, sonradan Elşad Abdullayevi dindirərkən də həmin faktları bir daha ondan soruşub dəqiqləşdirirmiş. Mən bunu bilmirdim. Elşad müəllim sağ olsun ki, "Təzadlar"ın yazılarına, hətta MTN kimi bir dövlət orqanında mötəbər sübut kimi istinad etməsini ictimailəşdirib bizi sevindirdi. Əsl qəzet belə olar... Amma Elşad müəllim "təhdid"lə "sual-cavabı, dəqiqləşdirmə"ni səhv başa düşür... O boyda rektoru, dünyanın 8 ölkəsinin akademikini də qəzet yazısı ilə təhdid etmək, qorxutmaq olardımı? Bir sözlə, mən sevinirəmi, "Təzadlar"ın bu qədər nüfüzlu qəzet olduğunu təsəvvür etmirdim, nəhayət, Elşad Abdullayev bizi bundan agah etdi.. Sağ olsun belə diqqətə görə, başqa nə deyə bilərəm ki...
- Bu açıqlamada "Təzadlar" qəzetini MTN-nə bağlamaq cəhdi yoxdurmu?
- Əksinə, Elşad Abdullayev özü həmin açıqlamasında deyir ki, sən demə, o, həm də MTN akademiyasının professoru imiş... Deməli, MTN-nə sıx əlaqəsi olub. Hətta mən deyim ki, Elşad Abdullayev bir müddət əvvəlki yazılarında "Təzadlar"ı əvvəl DİN-nin, sonra Ramiz Mehdiyevin, ardınca da Baş Prokurorluğun müdafiəsində durduğunu... yazırdı. Amma mən sizə bir faktı açıqlayım, dəhşətə gələcəksiniz... Təxminən 3 ay əvvəl Elşad Abdullayev özünün facebook səhifəsində mərhum prezident, türk dünyasının görkəmli dövlət xadimlərindən olmuş Heydər Əliyevi, digər tanınmış şəxsləri, o cümlədən Prezident İlham Əliyevin ailə üzvlərinin, yaxın qohumlarının əleyhinə ifadələr işlədirdi... Bu yazılarda təhqir və böhtanın sayı-hesabı yox idi. Mənim də adımı hallandırırdı. Mən ona bir elektron məktub yazdım və 2-3 dəqiqədən sonra bu yazışmaları yığışdırdı. Sağ olsun, düz yolda olmadığını başa düşdü...
- Nə yazmışdınız, açıqlamaq olarmı?
- Olmaz... Amma mən onun rəhmətlik Heydər Əliyev barədə bir yazışması var idi, elektron surətini çıxarıb saxlayıram, ona MTN naziri Eldar Mahmudova müraciət yazaraq əlavə etdim və MTN-nin rəsmi elektron ünvanına göndərdim... Az sonra özüm MTN-nin saytındakı telefona zəng edərək bu müraciətin Eldar Mahmudova çatdırılmasını xahiş etdim. Mənimlə danışan MTN əməkdaşı könülsüz cavab verdi, ağlım bir şey kəsmədi... Sonra eyni məzmunlu məktubla Baş Prokurorluğa da elektron məktub yazdıb, hətta adını çəkmək istəmədiyim idarə rəisi ilə telefonla danışdım ki, prezidentin və onun ailəsinin, bu sırada rəhmətlik Heydər Əliyevin şərəf və ləyaqətinin qorumaq vətəndaş olaraq hər birimizin borcudur, amma MTN-nin və Baş Prokurorluğun vəzifəsidir... Tədbir görün, bu adam sosial şəbəkədə insanları ağır formada təhqir edir və sair...
- MTN-dən nə xəbər oldu, demədiniz...
- MTN Elşad Abdullayevin medüfiəsində durdu. Yəqin ki, rəhbərlik səviyyəsində... Olsun, amma şikayətimdə söhbət daha çox Prezident İlham Əliyevin barəsində yazılanlardan gedirdi... Eldar Mahmudov bu məsələdə susdu. Mən belə qəbul edirəm. Ona görə ki, başqa vaxtı hansısa bir müxalifətçi bərk qışqıranda tutub cəzalandırırlarsa, niyə ölkə Prezidentinin ünvanına bu şeyləri yazana bir kəlmə də söz deyilmir? Və bir həftə sonra məni Bakı şəhər Prokurorluğuna çağırdılar... Getdim. Prokurorun köməkçilərindən biri (adını çəkmək istəmirəm), ədliyyə polkovniki məni qəbul etdi, dedi ki, MTN-nə və Baş Prokurorluğa göndərdiyiniz şikayətinizlə bağlı izahat verin... Baxdım ki, burda da Elşad Abdullayevin müdafiəsinə gedilir... Mübahisə-diskussiyamız oldu. Sonra mənə təklif etdi ki, Elşad Abdullayevi məhkəməyə verim. Dedim, hansı məhkəməyə? Barəsində 4 maddə ilə cinayət işi açılıb, beynəlxalq axtarışa verilib, hələ də məsuliyyətə cəlb edə bilmirsiniz, məhkəməyə versəm, onu necə gətirəcəklər? Və mən izah etdim ki, şikayətimdə söhbət daha çox Prezidentin şərəf və ləyaqətindən gedir, bu isə Konstitusiyada təsbit olunmuş vəzifədir ki, prokurorluğun, MTN-nin vəzifəsidir, siz də bu vəzifəni mənim çiynimə qoyursunuz... Beləcə, demək istəyirəm ki, əksinə, MTN-də, Baş Prokurorluqda Elşad Abdullayevin müdafiə olunmasının şahidi oldum. Bundan sonra düşündüm ki, görün, doğrudan da Prezident bu mənada bəzi məmurların əlindən nələr çəkir... MTN-dəki məlum həbslərdə də prezidenti tam haqlı bilirəm... Ən maraqlısı, son günlər isə Elşad Abdullayevin müdafiəsini quranlardan biri də "Gündəlik Bakı" adlı qəzetdir... Tanınmış vəkil Adəm Məmmədovun müsahibəsində deyilir ki, Ədliyyə Nazirliyində bir nazir müavini var, bu qəzeti məhkəmələrdə müdafiə edir, bu qəzet də Elşad Abdullayevi... Baxın, həmin qəzetin son iki aylıq saylarında Elşad Abdullayevin bütün "külliyatını" dərc edilir. O biri tərəfdən isə "Biz Prezidentə, dövlətçiliyə xidmət edirik" yazırlar... Prezidentə xidmət edən necə olub ki, illərdir Elşad Abdullayevin Prezident və onun ailəsi, qohumları, bütövlükdə hakimiyyətlə bağlı yazılanlarını "görmür"?! Niyə belə edirlər, başa düşə bilmirəm. Elə belələridir ki, Elşad Abdullayevi həvəsləndirirlər, o da qızışıb düşür hakimiyyətin, bəzi ziyalıların üstünə... Bunlara son vermək lazımdır. Mən belə düşünürəm.





































































































