"Ötən əsrin 40-50-ci illərində istehsal edilən və konservasiyadan çıxarılan T-54 və T-55 sovet tanklarından ibarət eşelon Uzaq Şərqdən Ukraynaya doğru hərəkət edir..."
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, 2023-cü ilin sonunadək Rusiya Hərbi-Kosmik Qüvvələrində müasir silahlanma nümunələrinin payı 85 faizə çatacaq.
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, dövlət silahlanma proqramına uyğun olaraq, Hərbi-Kosmik Qüvvələrə cari ildə 507 vahid texnika daxil olacaq, bu da "nəzərdə tutulan inkişaf templərinə çatmağa imkan verəcək və bütün istiqamətlərdə prioritet vəzifələrin həllini təmin edəcək".
Şoyqunun Rusiya ordusunun modernləşdirilməsi barədə bəyanatı fonunda sosial şəbəkələrdə yük platformalarında konservasiyadan çıxarılan T-54 və T-55 tanklarının yerləşdirildiyi qatarın foto və videosu paylaşılıb. Conflict İntelligence Team (CIT) layihəsi komandasının iddia etdiyi kimi, bu tərkib Uzaq Şərqdən Ukraynaya doğru hərəkət edir.
SIT aydınlaşdırıb ki, eşelon bu yaxınlarda Primorsk diyarının Arsenyev şəhərindən yola düşüb, orada 1295-ci Mərkəzi tankların ehtiyat və saxlanılma bazası var.
T-54 tanklarının ilk modifikasiyası sovet ordusunun silahlanmasına hələ 1946-cı ilin ikinci yarısında, T-55 tankları isə 1958-ci ildə qəbul edilib. Bu modellərin başlıca çatışmazlığı müasir şəraitdə uzaq məsafə ölçən cihazların və ballistik hesablayıcıların olmaması, primitiv hədəflər və silahın tam stabil olmamasıdır.
Böyük ehtimalla, həqiqi döyüşlərdə belə tanklar heç vaxt iştirak etməyib, regional hakimiyyət tərəfindən hərbi paradların keçirilməsi üçün istifadə edilib və ya muzeylərdə saxlanılıb, BBC-nin rus xidməti qeyd edib.
Tankların konservasiyadan çıxarılaraq Ukraynaya göndərilməsi ilk dəfə deyil. May ayında ötən əsrin 50-60-cı illərində SSRİ-də istehsal edilən T-62 tanklarından ibarət tərkib Melitopol vağzalına yetişib.
Köhnə sovet texnikasının Rusiyadan Ukraynaya döyüş yerlərinə kütləvi şəkildə göndərilməsi 2022-ci ilin payızında pik həddə çatıb. O zaman Putin "qismən səfərbərlik" elan edib. Elə həmin vaxtlarda eşelonlar konservasiyadan çıxarılan T-62 tankları və digər texnika Rostov vilayətinə daşınıb.
Qərb və digər ekspertlər getdikcə daha tez-tez Ukraynada Rusiya ordusunun kifayət qədər təchiz edilmədiyini qeyd edir. Rusiya artıq silah alışı ilə bağlı İran və Şimali Koreyaya müraciətlər edib. Çin sədri Si Tszinpinin Moskvaya səfəri zamanı da silah tədarükündən söhbət getdiyi güman edilir.





































































































