
- A-
- A
- A+
Dünya yeni istilik rekorduna doğru gedir - 2026-cı il tarixə düşə bilər
Planetdə orta temperatur artmaqda davam edir, okeanlar isinərək rekord göstəricilərə çatır, dünya okeanının səviyyəsi isə yeni maksimumu yeniləyir.
Bizim.Media xəbər verir ki, BMT-nin məlumatına görə, 2026-cı il meteoroloji müşahidələrin aparıldığı bütün dövr ərzində ən isti dörd ildən biri ola bilər.
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Yer kürəsində orta temperatur sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,47 dərəcə Selsi yüksək olub.
Təşkilatın proqnozuna görə, yaxın aylarda güclü “El-Ninyo” iqlim hadisəsinin təsiri ilə temperatur daha da arta bilər. Bu hadisə planetin əlavə isinməsinə səbəb olur. Məlumata görə, 2026-cı il də daxil olmaqla, son 12 ilin hamısı 1850-ci ildən başlayan meteoroloji müşahidələr tarixinin ən isti 12 ili sırasına daxil olub.
Avropanın “Copernicus” İqlim Xidməti də 2026-cı ilin 2024-cü ildən sonra orta qlobal temperaturun sənayeləşmədən əvvəlki səviyyəni 1,5 dərəcə üstələdiyi ikinci təqvim ili olacağını proqnozlaşdırır. Bu hədd 2015-ci ildə qəbul edilmiş Paris İqlim Sazişində müəyyənləşdirilib.
Qlobal istiləşmə yalnız havanın temperaturuna təsir göstərmir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, okeanlar istiliyi toplamağa davam edir və 2026-cı ildə onların temperaturu ötən ilin rekord göstəricilərini də üstələyib.
Eyni zamanda, dünya okeanının orta səviyyəsi də yeni maksimuma çatıb. Bunun əsas səbəbləri arasında buzlaqların və buz örtüklərinin əriməsi, həmçinin suyun isinmə nəticəsində genişlənməsi göstərilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































