
- A-
- A
- A+
Zelenskinin sabiq mətbuat katibi ona qarşı irəli sürülən ittihamın səbəbini açıqladı
Ukrayna Prezidentinin sabiq mətbuat katibi Yuliya Mendel ona qarşı şübhəli şəxs qismində irəli sürülən ittihamın səbəbinin Qərb mediasına verdiyi müsahibələr və sosial şəbəkə paylaşımları olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Mendelin sözlərinə görə, həmin müsahibə və paylaşımlarda o, Volodimir Zelenskinin ətrafındakı korrupsiyadan, söz azadlığının olmamasından və siyasi təqiblərdən danışıb.
“Əslində, bu şübhə ilə Zelenski mənim haqlı olduğumu sübut etdi. Əgər söhbət ruslarla hər hansı əməkdaşlıqdan getsəydi, bu, iş materiallarında açıq şəkildə göstərilərdi. Lakin heç bir əməkdaşlıq olmayıb”, – deyə Mendel yazıb.
Sabiq mətbuat katibinin sözlərinə görə, söhbət, xüsusilə, Taker Karlsona verdiyi müsahibədən, həmçinin X və “Facebook” sosial şəbəkələrindəki paylaşımlarından gedir.
Mendel iddia edir ki, onun açıqlamaları Rusiya tərəfinin təbliğatında istifadə olunduğu üçün ona qarşı ittiham kimi irəli sürülüb. O, Rusiya ilə əməkdaşlıq etdiyini isə qəti şəkildə təkzib edib.
“Beləliklə, bu, Rusiya ilə əməkdaşlıq deyil, söz azadlığı məsələsidir. Hərbi vəziyyət şəraitində dövlətə xəyanət ittihamı 15 ildən ömürlük həbsə qədər cəza nəzərdə tutur. Zelenskinin dövründə söz azadlığının və Ukraynanı xilas etmək istəyinin qiyməti budur”, – deyə Yuliya Mendel bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi olaraq dövlətə xəyanət ittihamı irəli sürülüb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































