Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinə məxsus təyyarədə baş pilotun bıçaqlanması və havada kəskin hündürlük itirməsi ilə nəticələnən insidentin təfərrüatları məlum olub.
Bizim.Media xəbər verir ki, təyyarəni qəza vəziyyətindən xilas edən və həmin vaxt kabinəyə daxil olaraq hücum edən şəxsi zərərsizləşdirənlərdən birinin peşəcə santexnik olduğu ortaya çıxıb.
Ona "Təyyarə Qəzalarının Araşdırılması" verilişi köməyə çatıb.
Yaniv Hayun adlı sərnişin Ben-Qurion hava limanında İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib ki, kabinədə baş verən qarışıqlıq zamanı idarəetməni ələ alıb. O, təyyarənin düşməsinin qarşısını almaq üçün şturvalı necə çəkmək lazım olduğunu televiziya verilişlərindən – xüsusilə “Air Crash Investigation” (Təyyarə Qəzalarının Araşdırılması) sənədli serialından öyrəndiyini deyib.
Baş nazir Netanyahu sərnişinin qəhrəmanlığını yüksək qiymətləndirərək zarafatla ona peşəsini soruşub və santexnik olduğunu öyrəndikdə “Böyük bir kanalizasiya tıxacını açdığın kimi, bu dəfə də göydə böyük bir fəlakətin ‘tıxacını’ açdın” deyərək təşəkkür edib.
Netanyahu hadisənin potensial bir terror aktı və faciə ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, insident zamanı ağır yaralanmasına baxmayaraq kabinə qapısının kilidini açmağı bacaran hindistanlı kapitan Smit Machchhar və sərnişinlərin cəsarəti sayəsində təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təhlükəsiz eniş edə bilib.

Bizim.Media




































































































