"Amazon"un qurucusu, milyarder Ceff Bezos Mayaminin məşhur İndian-Krik adasında (“Milyarderlər sığınacağı”) ABŞ tarixinin ən iddialı və bahalı şəxsi mülklərindən birini inşa etdirir.
Bizim.Media xəbər verir ki, "Daily Mail"in yaydığı məlumata görə, Bezos ümumi dəyəri 250 milyon dollar olan üç bitişik torpaq sahəsini birləşdirərək təxminən 2.4 hektarlıq nəhəng bir kompleks yaradır.
"Palma Layihəsi" (Palm Project) kod adlı bu meqa-tikinti üçün milyarder dünyanın ən aparıcı memar və mühəndislərini bir araya gətirib. Layihədə Nyu-Yorkdakı "The Vessel" qülləsi, Las-Veqasdakı "The Sphere" sferası, Uimbldon stadionunun açılıb-bağlanan damı və hətta NASA üçün Marsda koloniya planları hazırlayan məşhur şirkətlər ("Studio Seilern", "Eckersley O’Callaghan", "ME Engineers") iştirak edir.
Məlumata görə, malikanədə Amazon cəngəlliklərini xatırladan tropik bağlar, kurort tipli hovuzlar və şəxsi kinoteatrlar yer alacaq.
Qeyd edək ki, 250 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin şəxslərindən olan Bezos və nişanlısı Loren Sançes hazırda tikintinin gedişatını izləmək üçün elə həmin adada aldıqları digər 90 milyonluq evdə müvəqqəti yaşayırlar.


Bizim.Media




































































































