Rus polisinin öldürdüyü gəncin atası danışdı: “Qorxutmaq istəyirsənsə, ayağından at”

Rus polisinin öldürdüyü gəncin atası danışdı: “Qorxutmaq istəyirsənsə, ayağından at”

Hazırda oxunan: Rus polisinin öldürdüyü gəncin atası danışdı: “Qorxutmaq istəyirsənsə, ayağından at”

23667

“Oğlumu qətlə yetirən polisin Rusiya qanunlarının tələblərinə uyğun şəkildə cəzalandırılacağına, haqq-ədalətin bərpa ediləcəyinə inanıram”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Novosibirsk vilayətində polisin qətlə yetirdiyi 19 yaşlı Vəkil Abdullayevin atası Yaqub Abdullayev deyib.

O, qeyd edib ki, oğlu Rusiyada anadan olub, Rusiya vətəndaşı idi:

“Mən də Rusiya vətəndaşıyam. İnanıram ki, qanunlara uyğun, obyektiv istintaq aparılacaq. Azərbaycan tərəfinin bəyanatı, Azərbaycanın Gürcüstandakı səfirinin bizi ziyarət etməsi, Azərbaycan mediasının məsələyə diqqəti məni buna inandırır. İnanıram ki, Vladimir Putinin göstərişi ilə bu işə obyektiv şəkildə baxılacaq. Mən burada doğulmuşam, əlbəttə ki, oğlumu burada dəfn etməli idim. Ona atamın adını qoymuşdum”.

Yaqub Abdullayev bildirib ki, polis oğluna məqsədyönlü şəkildə öldürücü atəş açıb.

Onun sözlərinə görə, hadisə zamanı çəkilən videolar gənclərin müqavimət göstərmədiyini və silah tətbiqinə şərait yaradacaq davranışlara yol vermədiyini sübut edir:

“Övladımı heç nədən, boş yerə güllələdi. Rusiyada yolla gedən insanı güllələməyə, tapança ilə başından atmağa icazə verən qanun yoxdur. Müqavimət göstərməyib, lakin polis onun qolunu burur, tapançasını çıxarır, gülləni yükləyir və başından vurur. Əgər qorxutmaq istəyirsənsə ayağından at. Sən axı polis işçisisən. Bu necə olur? Mən hələ ki, hadisənin bütün incəliklərini bilmirəm. Uşağı dəfn elədik, bu gün üçüdür, geri qayıdırıq. Qətli törədən polisi isə buraxıblar. Yəqin ki, elə lazım biliblər, amma hamı çəkilən videodan başa düşür ki, polis məqsədyönlü şəkildə oğlumu qətlə yetirib. Polis işçisi öldürmək istəmirdisə, öldürmək fikri yox idisə, nəyə görə tapançasına gülləni yükləyir? O adam polis işçisidir, birinci növbədə bilməlidir ki, qanunla silah tətbiqi üçün qarşındakı insan sənin həyatına təhlükə törətməli və ya da axtarışda olmalıdır. Əksinə, polis oğlumu təhqir edir, yumruq atır, qolundan tutub burur. Uşağın üzü gülür, polisə tabe olur. Ordakı digər gənclər İlkin İsmayılov və Ruslan Qurbanov da razılaşaraq maşına əyləşirlər. Buna baxmayaraq, polis sanki hansısa terrorçunu, axtarışda olan şəxsi tutubmuş kimi davranır”.

Qeyd edək ki, məhkəmə polis əməkdaşının həbsi barədə qərar versə də, Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tələbi ilə polis həbsdən azad edilib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO