Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə vətəndaşa qarşı dələduzluq edərək külli miqdardarda pulunu ələ keçirməkdə təqsirləndirilən Lamiyə Səfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Lamiyə Səfərova ona qarşı irəli sürülən ittihamlarda özünü təqsirli bilmədiyini deyib. Məhkəmə daha sonra zərərçəkənlərin ifadəsi ilə davam edib.
Zərərçəkmiş Elton Əsgərov təqsirləndirilən şəxslə 2021-ci ildə bacısı Sevinc vasitəsilə tanıdığını bildirib:
"Mən mühasibəm, restoranlarla əməkdaşlıq edirəm. Lamiyə xanımı da bacım vasitəsilə tanıdım. Bacım deyirdi ki, o AzTv-də işləyir, nüfuzlu şəxslərlə iş əlaqələri var. İşlə bağlı danışığımız telefonda oldu. Dedi ki, öz restoranını açmaq istəyir, lakin bunun üçün vəsaiti yoxdur.
Hətta "28 May" ərazisində yerləşən "Özsüt" restoranına baxıla biləcəyini dedi. Düzü mən tanımadığım insanla iş görmək istəmirdim, lakin bacım məni razı saldı. "Bank of Baku"ya yaxınlaşıb 5600 manat məbləğində pulu götürdüm, sonra məbləği əlbəəl Lamiyə xanıma verdim.
Mənim məqsədim açılacaq restoranda yaxşı maaşlı bir iş idi, şərik olmaq niyyətim yox idi. Lamiyə xanım bankın pulunu özü ödəyəcəyini demişdi. Ödəniş vaxtı yaxınlaşanda bankdan zəng gəldi, məlum oldu ki, Lamiyə xanım heç bir ödəniş etməyib. Beləliklə borc qaldı mənim üstümdə".
Zərərçəkən Sevinc Əsgərova bu işə xeyir götürmək məqsədilə qarışdığını deyib:
"Qardaşım açılacaq restoranda mühasib olacaqdı, mən də işləməyəcəkdim, niyyətim bu sövdələşmədən xeyir götürmək idi. Bu iş üçün bankdan 2600 manat pul götürmüşəm. Lamiyə xanıma zənglərimə cavab vermədi. Mənə zəng edən bank işçisinə dedim ki, ödənişi xəstə uşağımın pensiya kartından çıxarsınız".
Təqsirləndirilən Lamiyə Səfərova iş üzrə zərərçəkən kimi tanınan Elnarə İsmayılovadan 10 000 manat faiz götürdüyünü bildirib:
"Mənim dörd övladım var, azyaşlıdırlar. Evdar qadınam. Çoxlu borclarım yaranmışdı, mənə pul lazım idi. Pulları sırf borclarımı ödəmək məqsədi ilə almışam, sonra da onları ödəyə bilmədim. Ortada restoran söhbəti olmayıb. Bunu özləri də bilirdilər".
Növbəti proses 26 oktyabr saat 11:00-a təyin olunub.
Xatırladaq ki, 2021-ci ildə Səfərova Lamiyə Qərani qızı "Özsüd" restoranını satmaq adı ilə İsmayılova Elnarəni aldadaraq, etibarından sui-istifadə edərək, onun 350 000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.
İsmayılova Elnarə bildirib ki, Masazırda anasına məxsus olan evi sataraq, restoranı almaq üçün pulunu L.Səfərovaya verib və üzərindən dörd il keçməsinə baxmayaraq, 350 000 manatını geri ala bilmir. Lamiyə Səfərovanın müxtəlif vaxtlarda Elton Əsgərovun və Sevinc Əsgərovanın etibarından sui-istifadə edərək, hər ikisinə ümumilikdə 8200 manat maddi ziyan vurub.
Şikayətlər əsasında faktla bağlı cinayət işi qaldırılıb, Lamiyə Səfərovaya Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. (Lent.az)
Bizim.Media


































































































