ABŞ-da əhalinin əksəriyyəti uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması və bu platformalara dövlət nəzarətinin gücləndirilməsini dəstəkləyir.
Bizim.Media xəbər verir ki, Reuters/Ipsos sorğusunun nəticələrinə görə, respondentlərin 61%-i sosial şəbəkələr üzərində daha sərt dövlət nəzarətinin tətbiq edilməli olduğunu bildirib.
Bu fikri demokratların 71%-i, respublikaçıların isə 62%-i dəstəkləyib.
Sorğuda iştirak edənlərin 66%-i sosial şəbəkələrin 16 yaşdan aşağı uşaqların platformalara daxil olmasının qarşısını almaq üçün yaş yoxlaması tətbiq etməsini məcburi edən qanunların qəbuluna tərəfdar çıxıb.
Sorğunun ən diqqətçəkən nəticələrindən biri isə budur ki, amerikalıların 85%-i sosial şəbəkələrin uşaqlarda asılılıq yarada biləcəyini düşünür. Respondentlərin oxşar hissəsi sosial şəbəkələrdən istifadənin azyaşlıların psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirib.
Bununla belə, sosial şəbəkələr ABŞ-da populyarlığını qoruyur. Respondentlərin 70%-i bu platformalarda vaxt keçirməyi sevdiyini, 52%-i isə sosial şəbəkələrdə həddindən artıq vaxt keçirdiyini etiraf edib.
Reuters/Ipsos sorğusu ABŞ-da 4505 yetkin şəxsin iştirakı ilə onlayn keçirilib.
Bizim.Media































































































